25 iyul 2018 16:53
502

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 115 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib

Bu ilin birinci yarısında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 184 vəzifəli şəxs barəsində 115 cinayət işi istintaq olunaraq baxılması üçün məhkəmələrə göndərilib.

AZƏRTAC xəbər verir ki, bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iyulun 25-də qurumun cari ilin birinci yarısındakı fəaliyyətinin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.

K.Əliyev bildirib ki, məhkəmələrə göndərilən cinayət işləri arasında qulluq mövqeyindən istifadə edərək mənimsəmə halları (36 faiz) üstünlük təşkil edib.

Məhkəmələrə göndərilən cinayət işlərində vətəndaşlara 51 milyon manat ziyan vurulması müəyyən edilib. Bu ziyanın 16 milyon 578 min manatının vətəndaşlara ödənilməsi təmin olunub.

On səkkiz şəxs barəsində 9 cinayət işi mənzil-tikinti kooperativlərinin, 43 şəxs barəsində 18 cinayət işi isə bank və bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı olub. Bundan əlavə, hazırda Baş İdarə tərəfindən 117 cinayət işinin ibtidai istintaqı aparılır.