05 sentyabr 2018 23:29
1737

İşğalçı Ermənistanın müharibə əndişəsi

Bu günlərdə Ermənistan mətbuatının gündəmini  Azərbaycan-Rusiya münasibətlərinin  daha da yaxınlaşması məsələsi zəbt edib. Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü və bu görüşdən doğa biləcək hər hansı nəticələr işğalçı ölkədə xüsusi narahatlıqla izlənilməkdədir. Ermənistanın yeni hakimiyyətinin fiaskoya uğramış daxili və xarici siyasi xətti ilə müqayisədə Azərbaycanın regionun və dünyanın nüfuzlu ölkələri ilə balanslaşdırılmış siyasət yürütməsi,  tarixi torpaqlarımızı  işğaldan azad etmək istiqamətində Prezident İlham Əliyevin qətiyyətli mövqeyini və siyasi iradəsini ardıcıl şəkildə həyata keçirməsinə cavab olaraq təcavüzkar  ölkənin mediasında əndişə və  hiddət dolu materillar yayımlanmaqdadır.  Ermənistanın “armenianreport.com” saytının analitiki Qraçya Qalustyanın növbəti yazısı da bu mövzuya həsr olunub.

Yazıda aşıq-aşkar şəkildə Ermənistanın Azərbaycan tərəfindən başladıla biləcək mümkün müharibə ehtimalı qorxusu öz ifadəsini tapıb: “Putinlə görüşü zamanı İlham Əliyev açıq şəkildə Rusiyanı "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri artırmağa" çağırdı və Azərbaycanın “həll” dedikdə nəyi nəzərdə tutduğunu biz çox yaxşı bilirik. 

Əvvəla, ondan başlayaq ki, sentyabrın əvvəllərində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü planlaşdırılır. Belə bir məlumat var ki, görüşün başlıca müzakirə mövzularından biri də Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)  üzvlüyü məsələsidir.   Düşünürəm ki, bu məsələ müzakirə edilməməlidir. Daha doğrusu, təkcə bu, müzakirə edilməməlidir.  Çünki bu günlərdə biz Rusiyanın növbəti  bir xəyanətini gördük.  Kremlin Azərbaycanın yeni müharibəyə başlamaq planlarını necə açıq şəkildə dəstəklədiyinin şahidi olduq. Buna tamamilə  əmin olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin Soçi səfəri zamanı səsləndirdiyi bəyanatdakı tezislərə nəzər salmaq kifayət idi. Bu, hamını “xəyanət”də günahlandıran Rusiyanın klassik tərzdə kürəyimizə bıçaq saplaması idi”.

Müəllif  Ermənistan-Rusiya münasibətlərinin böhran həddinə çatmasına  səbəb olan mövcud siyasi reallığa və ölkəsinin yeni hakimiyyətinin səhvlərinə  nəzər salmaqdansa, Azərbaycanın uğurlarına qısqanclığını və Rusiyaya hiddətini dilə gətirib: “Beləliklə, bu səfər zamanı Moskva və Bakı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün 10-dan artıq müqavilə imzaladılar. Bu, Rusiya -Azərbaycan əlaqələrinin Rusiya-Ermənistan münasibətlərinə nisbətən daha yüksək səviyyədə olduğunu göstərir. Bunda bizim günahımız yoxdur. Bu, Rusiyanın şüurlu və qisasçı seçimidir. 

Azərbaycan Prezidenti İlham Əliyevin  çıxışından anladığımız kimi, Bakı Rusiya sılahlarını alıb, alır və almağa da davam edəcək. ABŞ-ın Rusiya silahını alanları təhdid etməsinə baxmayaraq rəsmi Bakı bu fikirləri səsləndirir. Bu isə Putini sevindirməyə bilməz. O, ümumiyyətlə İlham Əliyevin çıxışı əleyhinə bircə kəlmə də də demədi. Bu isə çox qorxuludur. Axı İlham Əliyev açıq şəkildə Rusiyanı “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindı səyləri artırmağa” çağırdı. Bununla o nəyi nəzərdə tutur? Bunun şərhi də verildi. İlham Əliyevin sözlərinə görə, “münaqişənin tezliklə həllini tapması Azərbaycan vətəndaşlarına öz tarixi torpaqlarına qayıtmağa, sülhün yaranmasına,  regionda əməkdaşlıq və stabilliyin yaranmasına imkan verəcək”. Və Putin bütün bunları susaraq dinlədi…”

Aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü görən Ermənistan tərəfi növbəti müharibə ehtimalından elə çəkinir ki, hətta bunu gizlətməyi də lazım bilmir: “Eyni zamanda, sentyabrın 1-də -Putinlə İlham Əliyevin görüşdüyü gün, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.

Həsənov bəyan edib ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətin əsas məqsədi “ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır”.

Yəni, Azərbaycan açıq şəkildə müharibə haqqında danışır. Bakıda da, Soçidə də. Öz xalqı qarşısında da, Rusiyanın Prezidenti önündə də. Baxın, Putinlə görüşəndə Paşinyanın bunun haqqında danışması lazımdır. Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi isə üçüncü dərəcəlidir”.

Ermənistan tərəfi nəhayət dərk eləməlidir ki, uzun illərdir apardığı işğalçılıq siyasətinin sonu gəlib. Artıq beynəlxalq ictimaiyyət birmənalı şəkildə Azərbaycanın haqq işini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Prezidentinin və dövlətinin işğalçı Ermənistana qarşı yürütdüyü təcrid siyasəti öz müsbət nəticələrini verməkdədir. Azərbaycan torpaqlarını işğal edən Ermənistan bir gün bu əməllərinə görə cavab verəcəyini bilməli idi.  İşğal və təcavüz yolunu tutarkən bir gün müharibə qorxusu yaşayacağını təxmin etməli idi... Ermənistan ölkəmizlə müharibə aparmaqdan qorxursa, o zaman danışıqlar masası arxasına oturub münaqişənin həlli üçün Azərbaycan dövlətinin illərdir təklif etdiyi sülh yolunu seçməlidir. Bunun olacağı təqdirdə, Azərbaycan Prezidenti İlham Əliyevin elə Soçi görüşündə vurğuladığı kimi, “münaqişənin həlli regionda sülhün yaranmasına,   əməkdaşlıq və sabitliyin yaranmasına imkan verəcək”.

Ermənistan münaqişənin həlli üçün  sülh yolundan imtina etdiyi təqdirdə də,  Ali Baş Komandan İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

Sevinc Abdulayeva, “İki sahil”