06 sentyabr 2018 23:53
2208

Azərbaycan ənənələri olan ölkədir

Almaniyanın Federal Kansleri Angela  Merkelin böyük məmnunluq hissi ilə qeyd etdiyi bu fikir ölkəmizin demokratik,  multikultural dəyərlərin inkişafına töhfələrinin də aydın ifadəsini yaradır

Bu günlərdə Almaniyanın Federal Kansleri Angela Merkel Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir. Azərbaycan artıq ənənələri olan bir dövlətdir” fikirləri ilə bir daha Azərbaycanın  zəngin tarixə, mədəniyyətə malik ölkə olduğunu, ən əsası müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən dövlət olaraq ölkələr, xalqlar arasında illərdən bəri oynadığı körpü rolunu qiymətləndirmişdir.

Məhz bu uğurlara söykənərək bildirmişdir ki, Azərbaycana ilk səfəridir və bu  səfər  iki ölkə arasında  münasibətləri açıq şəkildə müzakirə etməyə, əməkdaşlığı  davam və inkişaf etdirməyə imkan verir. İstər Almaniya Kanslerinin ölkəmizə, istərsə də dövtəlimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı  imzalanan sənədlər əməkdaşlığın prioritetlərinə işıq salır. Azərbaycanla Avropa İttifaqı, eyni zamanda quruma üzv olan dövlətlər arasında əlaqələrin inkişafı öz növbəsində ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrə işıq salır.

Keçirilən görüşlərdə müzakirə olunan məsələlərdən, həmçinin tərəfdaşlığın prioritetlərindən demokratiyaya verilən önəm daha aydın görünür. Almaniyalı jurnalistin sifariş əsasında dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı sual, həmçinin Almaniyanın Kanslerinə dünyanın ikili siyasətinə işıq salan “Xanım Federal Kansler, Siz burada Avropa dəyərlərini də təmsil edirsiniz, bu, hazırda Brüsseldə də qızğın müzakirə mövzusudur. Bu kontekstdə  Siz tərəfdaş Azərbaycanı hansı standartlara uyğun ölçürsünüz” sualı diqqətdən kənarda qalmadı. A.Merkelin suala   “Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə  aydın təsəvvürümüz var... Standartlarımız həmişə eynidir, perspektivdən dəyərləndirilir” cavabı  bu günümüzün reallıqları fonunda heç də həqiqəti əks etdirmir.

Azərbaycan daim demokratik islahatların dəyərləndirilməsi məsələsində dünyanın ikili siyasəti ilə üz-üzə qalır. Hər bir ölkəyə vahid  meyarlarla yanaşılmaması, dövlətlərə münasibətdə maraqlara uyğun yanaşma nümayiş etdirmək artıq dünya üçün qəbul olunan “standartlardır”. Yəni, dünya beynəlxalq hüquq problemini yaşadığını açıq-aşkar nümayiş etdirir.  Azərbaycan dünyanın üstünlük verdiyi  “standartlardan” xəbərdar olsa da, heç zaman reallığa əsaslanan təbliğatından geri çəkilmir, dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından həqiqətlərimizə göz yumulması, ədalət meyarının unudulması bəyan edilir.

Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq qurumların təmsilçiləri ilə görüşlərində  Azərbaycanın bütün istiqamətlərdə uğurlu inkişafından geniş bəhs edərək, “Azərbaycanda  azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı  tövsiyə edirəm” bəyan etməklə  bir daha ölkəmizə qarşı  reallığı inkar etmək kampaniyasının həyata keçirildiyinə  diqqət yönəldir: “Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda  hökmranlıq etmək arzusunda  olan müəyyən dairələr ölkəmizi gözdən  salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendesiyadır.” Ölkəmizdə   həyata keçirilən demokratik islahatları daim diqqətdə saxlayan  Avropa Şurasının  qəbul etdiyi  “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qətnamədə  Azərbaycanın demokratik inkişafı təqdir olunsa da,  qurum təmsilçiləri ikili yanaşmadan irəli gələn “irad”larını  söyləməkdə davam edir, hətta bir qədər də irəli gedərək Azərbaycana sanksiyaların tətbiq edilməsi, quruma üzvlükdən məhrum etmək kimi məsələlərin gündəmə gətirilməsinə səy göstərirlər.  Azərbaycanla işğalçı Ermənistanı eyni vaxtda sıralarına üzv qəbul edən Avropa Şurasından daim  gözləntilərimizi açıqlayan cənab İlham Əliyev bildirir ki, ilk olaraq qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini gözləyirdik.  Avropa Şurası demokratik islahatlara münasibətdə də ikili mövqeyini qabarıq şəkildə büruzə verir: “Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki,  rəsmi siyasət səviyyəsində  qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi  cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı.”

Cənab İlham Əliyevin almaniyalı jurnalistin sifariş xarakterli sualına cavabı da ölkəmizə qarşı qərəzli mövqedə dayanan, uğurlarımızı həzm etməyən dairələrə tuturla cavab oldu: “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir.   Avropa Şurası təkcə  Azərbaycanı yox, bir çox ölkələri tənqid edir.  Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid  əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki,  öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da  uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

Azərbaycanın bugünkü mənzərəsi belədir:  dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. İlk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması,  amnistiya aktları və əfv fərmanları ilə azadlıqdan məhrum edilmiş  minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi  dəstəklənir. Bu kimi sərəncamlar eyni zamanda vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərir və Ulu Öndərin humanizm siyasətinin ölkəmizdə layiqincə davam etdirildiyini əks etdirir. Bu gün ölkəmiz  demokratik təsisatlarla,  beynəlxalq seçki institutları ilə  əməkdaşlıq edir, sivil qanunların respublikamızda tətbiqi üçün təcrübə mübadiləsi aparılır. Siyasi kampaniyalarda  vətəndaşlara  sərbəst seçim hüququnun verilməsi, şəffaf seçkilərin təşkili, obyektivliyin təminatı demokratik dəyərlərə sadiqlik, Azərbaycan təcrübəsinin təbliği kimi dəyərləndirilir.

2016-cı il sentyabarın 26-da keçirilən   Konstitusiyaya əlavə və dəyişiklikləri  nəzərdə tutan sayca üçüncü  referendumda da məqsəd və ən çox diqqət yetirilən sahə insanların azad, firavan, sərbəst yaşaması üçün  təkmil qanunvericilik bazasını  dövrün tələbinə, müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə  irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq, zənginləşdirmək idi. İnsan hüquqlarının müdafiəsinə dair  Milli Fəaliyyət Proqramının  icrasında da əsas məqsəd insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətindəki islahatların davamlılığının təmin edilməsidir.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə yanaşı,  insan hüquqlarının müdafiəsi ilə bağlı  mükəmməl Fəaliyyət Proqramının qəbulu bir daha Prezident İlham Əliyevin iqtisadi potensialın insan kapitalına  çevrilməsi tövsiyəsinə uyğun  həyata keçirilən islahatların davamlı olmasının göstəricisidir. Bu reallıqları düzgün dəyərləndirmək üçün təbii ki, ikili siyasəti bir kənara qoyub, ədalət meyarına önəm vermək gərəkdir.  Nəzərə alaq ki, beynəlxalq qurumlarda  təmsil olunan ölkələrin heç də hamısı Azərbaycanı dost ölkə kimi qəbul edib, uğurlarına sevinmir. Bir faktı da qeyd edək ki, ölkələr arasında əməkdaşlıq əlaqələrinin qurulmasında və möhkəmləndirilməsində demokratik inkişaf əsas faktorlardan biri olduğu üçün  hər bir dövlət əməkdaşlıq etməkdə maraqlı olduğu  ölkədə demokratiyanın əsas tələblərindən olan ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət göstərir. Azərbaycan bu gün beynəlxalq aləmdə sabitlik diyarı, sabitləşdirici faktor kimi tanınır.  Dövlətimizin başçısı  İlham Əliyev  bildirir ki,   hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil.  Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Dünya nə zamanadək ikili siyasətdən yaxa qurtara bilməyib, bu kimi qarayaxmalar davamlı, bu və ya digər dövlətin, təşkilatın mövqeyinə inamsızlıq qaçılmaz olacaq. Dünya dövlətləri  ikili yanaşmaların yaratdığı problemlərdən xəbərdar olaraq, yenə də eyni addımı atmaqda davam edirsə, bu artıq yuxarıda da qeyd etdtiyimiz kimi,  hüquq probleminin nəinki mövcudluğunu, son həddə çatdığını ortaya qoyur.

Bircə faktı qeyd etmək kifayətdir ki, son 15 ildə ölkə iqtisadiyyatına  250 milyard dollar investisiya qoyulub ki, bunun da əksəriyyəti xarici investisiyalardır. Bu rəqəm Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirir. Almaniya Kanslerinin Cənubi Qafqaz dövlətləri  arasında  Azərbaycana böyük önəm verməsi də ölkəmizin beynəlxalq aləmdə qazandığı  hörməti, etimadı, etibarlı tərəfdaş kimi özünü təsdiqləməsini nümayiş etdirir. Təbii ki, bu uğurlara əsas yaradan düzgün siyasət, kompleks tədbirlərin həyata keçirilməsi, ən əsası atılan hər addımın hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçün atılması dayanır. Dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə bildirdiyi kimi, demokratiya, insan haqlarının qorunması sahəsində  əməkdaşlığımızı davam etdirmək fikrindəyik.

 Yeganə Əliyeva, “İki sahil”