14 sentyabr 2018 22:59
2532

Qəhrəmanlıq salnaməmizin bir əsrlik zəfər yürüşü

15 sentyabr 1918-ci il: Türk birliyinin əbədiyyət tarixi     

Qardaş da, dost da dar gündə sınanır 

Təqvimimizdə özünəməxsusluğu ilə seçilən, “yüzilliklər”i  ilə fərqlənən 2018-ci il salnaməmizdə yeri, mənəvi, tarixi əhəmiyyəti, dövlətçiliyimizin möhkəmlənməsi  baxımından da  yaddaqalandır.

Prezident İlham Əliyevin  Sərəncamına əsasən  respublikamızda və ölkəmizin hüdudlarından  kənarda qeyd olunan və  bu gün də ruh yüksəkliyi ilə davam edən  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi tədbirlərində   zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi vərəqlənir, imperiyanın təzyiq və təhdidlərinə  məruz qalan  cümhuriyyətçilərin çətin şəraitdə belə göstərdikləri  mətanət, mərdlik ictimaiyyətə çatdırılır.

O illər xatırlanarkən daha çox diqqətçəkən  məqamlardan,   AXC-nin az da olsa yaşamasına dəstək göstərən, soydaşlarımızı qətlə yetirən bolşevik-daşnak birləşmələrinə qarşı mübarizədə Azərbaycan xalqına dost, qardaş köməyini əsirgəməyən  Qafqaz İslam Ordusu (QİO) haqqında da  ehtiramla  danışılır.

15 sentyabr 1918-ci ildə türk sərkərdəsi  Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu  nəinki Bakını, Bakıətrafını, bir çox əraziləri erməni-bolşevik əsarətindən xilas etdi.  O dövrdə   törətdikləri faciələri ört-basdır etmək üçün ingilis qoşunlarını Bakıya dəvət edən eser və daşnakların gizli planlarını alt-üst edən Nuru paşanın əsgərlərinin hücumlarına davam gətirməyən düşmənlər məğlub edildilər.

...Ötən əsrin əvvələrində Azərbaycan yenicə müstəqillik əldə etsə də imperiya neft səltənəti olan bu diyarı əldən vermək istəmirdi. Ermənilər bolşevik Rusiyasının köməyi ilə Bakıda, digər bölgələrdə  kütləvi qırğınlar törədir, insanları qətlə yetirir, diri-diri yandırır,  ağlasığmaz vəhşiliklər törədirdilər.  Görənləri dəhşətə gətirən Quba məzarlığı  o illərdə ermənilərin soydaşlarımıza və yəhudilərə qarşı törətdikləri soyqırımlar nəticəsində  yaranan yüzlərlə qəbiristanlıqlardan yalnız biridir. 

Bakı sovetində çoxluq təşkil edən  eser və daşnaklardan ibarət xəyanətkarlar istəyirdilər  ki,   Bakıya çağırılan  ingilislər  Qafqaz İslam Ordusunu  məhv etməklə onların mövqelərini möhkəmləndirsinlər. Amma  türkün mərdliyi və  şücaətindən xəbərsiz olan daşnak töküntüləri  seçimlərində  yanıldılar.  Çətinliklə  qazanılmış müstəqilliyin təhlükədə olduğunu hiss edən AXC rəsmiləri Türkiyəyə müraciət edərək ondan kömək istədilər. Türkiyə Silahlı Qüvvələrinin komandanı, general Ənvər paşa Azərbaycanın hərbi yolla xilasına Qafqaz İslam Ordusunun yaradılması ilə başladı.  Həmin ordunun qarşısına Azərbaycanı və Dağıstanı erməni-bolşevik Rusiyasının işğalından azad etmək vəzifəsi qoyuldu.

Azərbaycanın  istiqlalı uğrunda  mübarizə aparan soydaşlarımıza yardım göstərən,  bolşeviklərin və erməni millətçilərinin  soydaşlarımıza  qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru paşanın  komandanlığı altında Bakıya gələn  Qafqaz İslam Ordusunun qəhrəmanlığına, zəfər gününə təsadüf edən 15 sentyabr 1918-ci il türk birliyinin, qardaşlığının nümunəsi oldu.

Nuru paşa ordunu təşkil etdiyi müddətdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı, sözün əsl mənasında, soyqırımları həyata keçirdilər.  Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında,  Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız, əliyalın insan erməni vəhşiliyinin qurbanı oldu. Erməni-bolşevik  silahlılarının Bakı şəhərində 30-31 mart tarixlərində qətlə yetirdikləri azərbaycanlılar Çəmbərəkənd adlanan yerdə basdırıldılar. Hərb sənətinə mükəmməl yiyələnmiş, istənilən döyüş tapşırığını qalibiyyətlə başa çatdırmağa qabil olan Qafqaz İslam Ordusu daşnakların əlində olan Bakını və  digər yaşayış məntəqələrini düşməndən azad etdi.

Türk əsgərlərinin hücumlarına tab gətirməyən erməni-bolşevik-eser silahlı dəstələrinin tör-töküntüləri Bakını əllərində saxlamağa çalışalar də türkün qarşısında acizliklərini məğlubiyyətləri ilə təsdiqlədilər. Nuru paşanın ordusu   həlledici hücuma keçərək  düşmənin ordusunu dağıtdı. Daşnak tör-töküntüləri gəmilərə doluşub qaçmaqla canlarını qurtardılar.

Beləliklə,  15 sentyabr 1918-ci ildə  Bakı Türkiyənin hərbi köməyi ilə istiladan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı.

Həmin hadisələrdə daşnaklar 2 min  əsgərini itirdilər.  Döyüşlərdə altı  mini azərbaycanlılar olmaqla 14 min silahlısı olan Qafqaz  İslam Ordusunun  139 əsgəri, 9 zabiti qəhrəmancasına şəhid oldu,  463 nəfər yaralandı. Bu gün  şəhidlər xiyabanında 1918-ci ildə  həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Ermənilərin törətdikləri, tarixə Mart qırğını kimi yazılmış 1918-ci il hadisələrinin davamı isə   20 Yanvar faciəsi,  Xocalı soyqırımıdır. Bu ağrı-acılar Azərbaycanın salnaməsinə yazılan  və hər zaman xatırlanan tarixlərdir.  Ümummilli lider Heydər Əliyevin  “31 Mart   Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına uyğun olaraq hər il  şəhid olmuş soydaşlarımızın, eyni zamanda, türk əsgərlərinin xatirələrinin ehtiramla yad olunması dostluq və qardaşlığın ifadəsidir.

Hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və  ya bütövlükdə  məhv edilməsi məqsədilə törədilən soyqırım üzrə Beynəlxalq Cinayət Tribunalının sənədlərində qeyd olunur ki,  əgər soyqırıma xas olan cinayəti dövlət törətmişsə o zaman digər beynəlxalq cinayətlərdə olduğu kimi,  məsuliyyətə  yalnız fərdi şəxslər deyil, həm də dövlət cəlb edilməlidir. 1918-ci ildə olduğu kimi  Ermənistan bu gün də  qanlı terrorların müəllifidir. Faşistlərin törətdikləri Xatun qətliamı, yəhudilərin kütləvi  qırğını ilə  tarixə yazılan  Xolokosta , Ruanda,  Serebrenitsa faciələri minlərlə günahsız insanın vəhşicəsinə  qətlə yetirilməsi kimi tarixə yazılsa da  erməni vəhşiliyinin qanlı nümunəsi olan Xocalı soyqırımı illərdən bəri davam etdirilən qətliamların ən dəhşətlisi idi.  Xocalıda qana susamış ermənilər yenə də gorbagorları kimi vəhşiliklərini davam etdirirlər. Ermənistanın qaniçənliyini bəşəriyyətə xəyanət adlandıran Azərbaycan və türk xalqları bu gün də terrora dəstək göstərən erməniləri lənətləyir. ölkənin dövlət və hökumət başçılarının, rəsmi nümayəndələrinin də  qeyd etdikləri kimi,  strateji tərəfdaşlığımızın əsasında terrora qarşı birgə mübarizədə əsrlərə söykənən  monolit birlik dayanır.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk- Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə  Azərbaycan qardaşlıq və dostluğu əbədiyaşarılıq nümunəsidir .  Dar gündə belə sınaqdan çıxmış bu dostluq  erməni lobbisinə qarşı mübarizədə də sarsılmazdır. Təsadüfi deyil ki, belə  qardaşlıq telləri ilə bağlanan, illərin sınağında bərkiyən Türkiyə-Azərbaycan dostluğu bu gün  strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Türk dünyasını birləşdirən güc: Azərbaycan-Türkiyə dostluğu

Türk dünyasının öndərləri sayılan ulularımızın- Mustafa Kamal Atatürk və  ümummilli lider Heydər Əliyevin türkçülük ideyalarına sadiq qalan və bu irsi daha geniş mənada davam etdirən Prezident İlham Əliyev  dünya siyasətinə təsir imkanları artan türkdilli dövlətlərlə  qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf  etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini gücləndirmək istiqamətində  mühüm addımlar atmışdır.  Türk dövlətlərinin vahid ideya və məqsədlər  uğrunda mübarizəsini gücləndirmək dövlət başçımızın ən çox diqqət göstərdiyi məsələlərdəndir.

Bakıda keçirilmiş Dünya  azərbaycanlılarının II qurultayında,  Azərbaycan və türk diaspor təşkilatlarının I forumunda, Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında,  Türkdilli  ölkələrin  dövlət başçılarının Naxçıvanda keçirilən IX zirvə görüşündə  respublikalararası siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə xusisi diqqət göstərilmişdir. TÜRKSOY-un, Türkdilli Akademiyanın, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması bir daha təsdiqləyir ki,  eyni köklərə, oxşar talelərə  malik türk xalqları əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrini bu gün də qoruyub saxlayır.  Astanada keçirilən Qazax xanlığının 550 illik yubileyində çıxış edən Prezident İlham Əliyev türk  dünyasının birlik və həmrəyliyi üçün  başlıca amil olan Azərbaycan-Türkiyə dostluq və qardaşlığından bəhs edərək bildirdi ki,  türkdilli  ölkələrin əməkdaşlığı,  bizim ortaq tariximiz,  ortaq mədəniyyətimiz etnik  köklərlə bağlıdır.  Bütün  görüşlərdə tarixin zaman kəsiyində  türklərə qarşı  ədalətsizlikləri də  diqqətə çatdıran, Dağlıq Qarabağ münaqişəsi zamanı soydaşlarımıza qarşı törədilən vəhşilikləri etnik təmizləmə siyasəti adlandırmaqla torpaqlarımızın işğalını yolverilməz hesab edən cənab İlham Əliyevin  sözlərində türk xalqlarının birlik və həmrəylikləri əksini tapır: “Nəinki Dağlıq Qarabağ, eyni zamanda qədim türk torpağı olan Zəngəzur da  bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru  Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını aradan götürüblər.”

Türk dövlətlərini siyasi-iqtisadi  əlaqələr, vahid enerji diplomatiyası  birləşdirir

Dünyanın enerji xəritəsini dəyişən, Azərbaycanın təşəbbüsü ilə  reallaşan enerji layihələri bir həqiqəti təsdiqlədi: Türkiyə, Azərbaycan, Qazaxıstan və  Türkmənistan lider dövlətlər kimi Avropanın geoiqtisadi siyasətində  aparıcı amildir. Maraqlı və diqqətçəkən məqam budur ki,  dünyanın enerji xəritəsində  yaranan yeni imkanlar, yerdəyişmələr, əvvəllər enerji bazarında  əvəzolunmaz  gücü ilə liderlik edən dövlətlərin arxa planda  yer alması  yeni layihələr uğrunda mübarizəni gücləndirir. Sevindirici haldır ki,  bu rəqabətdə  dəyişilməz mövqeyi və  təbii ehtiyatları ilə ilk sırada dayanan türk dövlətlərinin  dünyanın enerji bazarındakı  rolu artmaqda və möhkəmlənməkdədir. Təbii resurslardan istifadədə regional təhlükəsizliyə diqqət yetirilməsində, enerji- nəqliyyat- kommunikasiya marşrutlarının reallaşması nəticəsində  bölgədə  strateji əməkdaşlığın gücləndirilməsində  türk dövlətlərinin geosiyasi üstünlüyü başlıca faktordur. Milli- mənəvi bağlılığı ilə dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirən,  təbii qaz ehtiyatlarının həcminə görə də  regionda strateji əhəmiyyəti ilə seçilən bu dövlətlərin iqtisadi birliyi bütünlükdə  türk dövlətlərinin qüdrətini artırır. 

BTC, BTƏ kimi neft, qaz kəmərlərinin davamı olan “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın, Bakı-Tbilisi-Qars dəmir yolunun  istifadəyə verilməsi, TAP-da işlərin sürətlənməsi Azərbaycan- Türkiyə birliyinə hər vasitə ilə xələl gətirməyə çalışan qüvvələri, onların maliyyələşdirdikləri dairələri, terror birləşmələrini qıcıqlandırır.

PKK, İŞİD kimi terror birləşmələrinin həmlələrinə gücü, qüdrəti ilə cavab verən,  Dağlıq Qarabağ münaqişəsinin  Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq  normaları əsasında həllinə çalışan Azərbaycanın siyasətinə  dəstək olan Türkiyə beynəlxalq səviyyələrdə aparılan müzakirə və danışıqlarda  ölkəmizin mövqeyini dəstəkləyir.  Ermənistanla sərhədlərini  bağlayan, münaqişə həllini tapmayınca təcavüzkarla  iqtisadi , siyasi sahədə əməkdaşlığı qeyri-mümkün adlandıran   Türkiyənin   siyasətinə sadiq qalması bütünlükdə türk dünyasının güclənməsinə xidmət edir. Enerji layihələrinin yalnız Türkiyə ərazisindən keçəcəyini israr edən  Azərbaycanın dost ölkə ilə əməkdaşlığı dövlətlərarası münasibətlərə  yaxşı nümunədir. Siyasi, iqtisadi,  mədəni, ticari, ən başlıcası isə hərbi sahədə  əməkdaşlığı genişləndirən  Azərbaycan qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə böyük investisiyalar ayırır. “Bizim Türkiyəyə sərmayələrimizin həcmi yaxın illərdə 20 milyard dollara çatacaq. Bu, bizim dostluğumuzu, qardaşlığımızı əks etdirir, eyni zamanda, Türkiyənin çox böyük iqtisadi potensialını göstərir” söyləyən Prezident, İlham Əliyevin vurğuladığı kimi “Böyük iyirmilər””in aparıcı ölkələrindən olan Türkiyə dünya miqyasında böyük gücə çevrilib.

Dövlət çevrilişinə cəhd olan 15 iyul hadisələrinin qarşısı bu gücün,  xalqla  dövlətin birlik və həmrəyliyi  nəticəsində alındı.

Dünyanın enerji xəritəsini dəyişən Azərbaycan  beynəlxalq nəqliyyat infrastrukurunun coğrafiyasını da yeniləyir.  “Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng infrastruktur layihəsi fəaliyyətdədir. Bu yol Asiyanı Avropa ilə birləşdirir və bu yolla yükdaşımalarının həcmi artır və artmalıdır. Bu, yeni nəqliyyat dəhlizidir, yeni nəqliyyat damarıdır. Azərbaycan dost, qonşu ölkələrlə birlikdə bu layihənin icrası ilə Avrasiyanın nəqliyyat xəritəsini yenidən tərtib etmiş olur. Nəzərə alsaq ki, nəqliyyat baxımından bu, çox əlverişli yoldur, mən bütün dost ölkələri bu yoldan istifadə etməyə çağırıram, o cümlədən Avropa ölkələrini, Macarıstanı, Özbəkistanı, Qırğızıstanı. Artıq Qazaxıstan, Türkiyə, Azərbaycan bu yoldan istifadə edir” sözləri ilə bu dostluq və qardaşlıq yolunun bir məqsədə,  regionda təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini  də göstərir. 

Əlaqələr gündən-günə möhkəmlənir və genişlənir

Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammiti beynəlxalq aləmdə türk birliyinin önəmini bir daha göstərdi.

Sammitdə çıxış edərək “Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır” söyləyən Prezident İlham Əliyev  vurğuladı ki, yeni risklərin, təhdidlərin yarandığı,  münaqişə, müharibə ocaqlarının törətdiyi fəlakətlərin artdığı müasir dövrümüzdə  dövlətlərarası əməkdaşlığın gücləndirilməsi,  regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır.

Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonu işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasəti  nəticəsində bir milyondan çox azərbaycanlının öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşdüyünü Sammit iştirakçılarının diqqətinə çatdıran cənab İlham Əliyev xalqımıza qarşı etnik təmizləmə siyasəti, hərbi cinayətlər, Xocalı soyqırımını törədən Ermənistanın terrora dəstəyini pisləmiş və vurğulamışdır ki, canilər  ədalət qarşısında cavab verməlidirlər . Təsadüfi deyil ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü. Yeni iqtidar isə hələ də kompromis barədə fikirləşmir. BMT Təhlükəsizlik Şurasının, nüfuzlu  beynəlxalq təşkilatların münaqişə ilə bağlı  qəbul etdikləri və hüquqi baza olan qətnamələri yerinə yetirməkdən imtina edən Ermənistanın silahlı qüvvələri  Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır.

Azərbaycanın tolerantlıq təcrübəsinin  dünya siyasətində  dəstəklənməsinin, multikultural  ənənələrinin  təbliği də göstərir ki, terroru dəstəkləyən Ermənistanla müqayisədə Azərbaycan  daim sülh və əməkdaşlıq tərəfdarı olduğunu  dəyişilməz xarici siyasəti ilə bildirir.

Ölkəmizdə I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, olimpiadaların keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin təzahürüdür. 

Türk dövlətləri birliyini təmin edən TÜRKSOY-da   Azərbaycanın layiqincə təmsil olunması da ölkəmizin mənəvi dəyərlərə göstərdiyi hörmət və ehtiramın ifadəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bütün səviyyələrdə ifadə etdiyi  “Azərbaycan bizim ailəmizin üzvüdür”, Prezident İlham Əliyevin “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” sözləri  əsrlərin dostluğunu, qardaşlığını özündə ehtiva etməklə  illərin sınağından çıxmış qarşılıqlı   sədaqəti, inamı, etibarı göstərir.

Xuraman İsmayılqızı, “İki sahil”