18 sentyabr 2018 23:18
3194

Prezident İlham Əliyev: Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib

Uğurlu diplomatiyası nəticəsində Azərbaycan demək olar ki, bütün ölkələrlə, güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurur

Beynəlxalq aləmdə böyük uğurlara imza atan, mövqeləri möhkəmlənən, dünya birliyi tərəfindən böyük rəğbət, dəstək qazanan Azərbaycan qarşılıqlı əməkdaşlıq prinsiplərinə sadiq qalaraq dünya siyasətində aktuallığını qoruyur, sabitliyi ilə seçilən ölkə kimi xarici əlaqələrə, etimada böyük önəm verir. İki və çoxfərəfli əməkdaşlıq münasibətlərini ədalət prinsiplərinə və beynəlxalq hüquq normalarına əsasən formalaşdıran Azərbaycanın xarici siyasəti ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün əlverişli, münbit bazadır.

Təsdiq olunmuş həqiqətdir ki, ölkələrarası çoxtərəfli əməkdaşlıqların yaranmasına Azərbaycan təşəbbüskar kimi töhfəsini verir. Dövlət başçımızın cari ilin ötən aylarında xarici ölkələrə səfərləri də subut edir ki, Azərbaycanla tərəfdaşlıqda maraqlı olanların sayı artmaqdadır.

 Dünya təhlükəsizlik sisteminin təməli olan beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycanın xarici siyasətinin başlıca istiqamətləri dövlətlərin süverenliyinə, ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqlikdir. Azərbaycanın milli və dövlətçilik maraqlarına əsaslanan xarici siyasətinin dünya birliyi tərəfindən dəstəklənməsinin səbəbi ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu mövqe və diplomatiyada qazandığı uğurlardır. Cari ilin ötən aylarında bir neçə ölkəyə səfər edib, dövlət , hökumət başçıları, tanınmış beynəlxalq təşkilat və şirkət rəhbərləri ilə görüşlər keçirən Prezident İlham Əliyevə təkcə Davos İqtisadi Forumunda göstərilən hörmət və ehtiram həm də böyük nüfuz qazanan siyasi xadimə inamdır.

 Aprelin 11-də keçirilən prezident seçkilərindən sonra ənənəvi olaraq ilk səfərini Türkiyəyə reallaşdıran cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında hər iki ölkənin milli maraqlarına , iqtisadiyatının inkişafına xidmət edən sənədlərin imzalanması tərəfdaşlığın daha da möhkəmlənməsi naminə atılan önəmli addımlar oldu.

 Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə rəsmi səfər edən Prezident İlham Əliyev bir neçə sazişin imzalanması mərasimlərində də iştirak edib. Azərbaycanın təşəbbüsü ilə reallaşan neft- qaz layihələrinin davamı kimi “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın açılışı, təntənəli mərasimlərdə bir neçə dövlət və hökumət başçısının iştirakı Azərbaycanın dünya sistemində möhkəmlənən mövqeyi, dəstəklənən xarici siyasətinin uğurudur.

 Son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyənlərin sayının artması BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, AŞPA-da, ATƏT-də və digər təşkilatlarda təmsil olunan ölkəmizə artan marağın ifadəsidir.

 Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın Şərqlə Qərb arasında körpü, sivilizasiyalararası dialoq mərkəzi olması ölkəmizin əməkdaşlıq etdiyi dövlətlərin yerləşdiyi coğrafi ərazidən də aydın olur.

 Tacikistan Prezidenti Emoməli Rəhmonun İslam aləminin qəlbinin döyündüyü Azərbaycana səfəri, cənab İlham Əliyevin Qazaxıstanda olması İslam həmrəyliyinin nümunəsi idisə, enerji və nəqliyyat layihələrini reallaşdıran, yeni iqtisadi strategiyası ilə bütün dövlətlərinin diqqətini Cənubi Qafqazın inkişaf etmiş ölkəsinə çevirən respublikamız Avropa dövlət başçılarının da əməkdaşlıqda maraqlı olduğu diyardır. Aktauda Xəzərin hüquqi statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması mərasimində iştirak edən cənab İlham Əliyev milli və dövlətçilik maraqlarımızın, regionda təhlükəsizliyin, sabitliyin qorunub saxlanılmasına yönələn mövqeyi ilə diqqəti cəlb etdi. “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusilə təşəbbüskar tərəf kimi Azərbaycanın güclü siyasi iradəsi, mehriban qonşuluq siyasətinə sadiqliyi, təbii resurslardan siyasi məqsədlər, təzyiq və təhdid vasitələri kimi istifadəyə yol verilməməsində israrlı olan ölkəmizin bu mühüm sənədin imzalanmasındakı illərdən bəri göstərdiyi qətiyyət, aparıcı rolu diqqət çəkdi. Cənab İlham Əliyevin söylədiyi kimi, bu Konvensiya Xəzəryanı ölkələrin sıx, qarşılıqlı fəaliyyətinə, iqtisadi, nəqliyyat əhəmiyyətli məsələlərin anlaşma şəraitində tənzimlənməsinə, xalqlararası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

 Ortaq mədəni və mənəvi dəyərlərə, adət-ənənələrə malik türk dövlətlərinin biriyinin ifadəsi olan İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin müəllif olan cənab İlham Əliyev artıq türkdilli ölkələrin birlik və həmrəylik təşəbbüskarı kimi tanınır. Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin ümumi mənafelərə xidmət etməsi dəyişilməz mövqedir. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri türkdilli dövlətləri də birləşdirir. Bu marşrutlar üzrə Qazaxıstanın və Türkmənistanın ixrac imkanları artır. Türkiyə tranzit ölkə kimi enerji, nəqliyyat layihələrindən faydalanır. Bunlar isə türk dünyasına Azərbaycanın böyük töhfəsidir.

 Avropa İttifaqına üzv dövlətlərlə də münasibətlərini çoxşaxəli əməkdaşlıq prinsipləri əsasında möhkəmləndirən Azərbaycan qitə ölkələrinin əsas ticarət tərəfdaşıdır. “Cənub Qaz Dəhlizi”nə, TANAP-a maraq göstərənlər arasında Avropa ölkələrinin sayının artması, ölkə ticarətinin 50 faizinin Aİ üvü ölkələri ilə aparılması diplomatiyada qazanılan uğurlardandır. Ölkəmizə maraq isə biznes mühitinin yaxşılaşdırılmasının, xarici investorlara göstərilən diqqətin , onların fəaliyyəti üçün yaradılan şəraitin nəticəsidir.

 Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda olması, ölkəmizlə bağlı xoş sözlər ifadə etməsi qitənin ən böyük dövlətinin respublikamıza göstərdiyi dəyərin ifadəsidir. Müstəqil dövlət kimi artıq ənənələri olan, ikitərəfli münasibətlərdə qarşılıqlı əməkdaşlığa sadiqliyini bütün səviyyələrdə qoruyan, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat dəhlizlərini Aİ ölkələrinin iqtisadi inkişafı üçün də əhəmiyyətli adlandıran, “Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var” söyləyən Angela Merkel vurğuladı ki, ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında, layihələrin şaxələndirilməsində də güclü amildir və “Cənub Qaz Dəhlizi”nin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq: “ Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.” Kanslerin regiona səfərinin məntiqi nəticəsi bu idi ki, Almaniya Cənubi Qafqazda əsas siyasi-iqtisadi tərəfdaş kimi Azərbaycanı seçdi, üstünlük verdi.

 Avrasiyanın geostrateji mərkəzi, dialoq və əməkdaşlıq məkanı olan ölkəmizdə keçirilən beynəlxalq forum və konfranslar, simpoziumlar əsrlər boyu multukultural dəyərləri , tolerantlıq təcrübəsi ilə diqqət çəkən respublikamızda mövcud olan siyasi sabitliyə verilən dəyərdir. Millətlərarası və dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimləndiyi ölkəmizdə “Cənub Qaz Dəhlizi”nin açılış mərasiminin keçirilməsi, 50-dən artıq ölkəni təmsil edən 500-dən çox nümayəndənin iştirak etdiyi VI Qlobal Bakı Forumu, “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusuna həsr olunmuş Qoşulmama Hərəkatının nazirlərinin iştirakı ilə keçirilən konfrans, İƏT ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının IV sessiyası kimi möhtəbər tədbirlərə, “Formula-1”in Azərbaycan qran- prisinə ev sazihliyi edən respublikamız həqiqi mənada qonaqpərvərliyi, bəşəri dəyərlərə sadiqliyi ilə fərqlənir.

Azərbaycanın Avropa İttifaqındakı əsas tərəfdaşlarından biri də Xorvatiyadır. Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir. NATO-nun və Aİ-nin üzvü olan Xorvatiya Azərbaycanın Avropa təşkilatları ilə əlaqələrinin inkişafına dəstək olmaqla ölkələrarası siyasi, iqtisadi əməkdaşlığın genişlənməsinə böyük önəm verir. Keçirilən görüşlərdə müxtəlif sənədlərin imzalanmasını strateji tərəfdaşlığın nümünəsi adlandıran Prezident Kolinda Qrabar- Kitaroviç Azərbaycanı NATO-nun mühüm tərəfdaşı adlandıraraq ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasında iştirakını yüksək dəyərləndirdi.

 Rusiya ilə Azərbaycan arasında əsrlərdən bəri davam edən münasibətlər şimal qonşumuzla əlaqələri inkişaf etdirir, sürətləndirir, hər görüş əməkdaşlıq tellərini şaxələndirir Bu günlərdə Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Soçidə təşkil olunan görüşü də tarixi hadisə kimi yaddaqalan oldu. Dostluğa, dövlətlərarası münasibətlərin intensivləşməsinə yönələn hər görüş əlaqələri, diplomatik münasibətləri yeni anlaşmalar əsasında möhkəmləndirir. Analitiklərin çoxvektorlu siyasətin növbəti təntənəsi kimi dəyərləndirdiyi Soçi görüşü bir daha təsdiqlədi ki, çevik, balanslaşmış məzmuna malik, qarşılıqlı faydalı əməkdaşlığa sadiq Azərbaycan siyasəti ilə regionda fərqlənən müstəqil dövlətdir. Möhkəm bazaya əsaslanan qonşuluq münasibətləri getdikcə möhkəmlənən Azərbaycan -Rusiya əməkdaşlığının davamlı olmasına ən yaxşı nümunə “Bakı prosesi”nin bu gün də dünya dövlətləri tərəfindən dəstəklənməsidir. Qarşılıqlı fayda, mehriban qonşuluq və biri-birinə hörmət prinsipləri əsasında davam edən əlaqələr hər iki dövlət arasında mövcud olan xoş niyyətləri, ümumxalq maraqları ehtiva edir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin Rusiyaya səfəri, imzalanan sənədlər, göstərilən etimad Ermənistanın baş naziri N.Paşinyanın məğlubiyyəti kimi dəyərləndirilir. Şimal qonşumuzla Azərbaycanın dünya siyasəti ilə bağlı mövqeyi, təklif və təşəbbüsləri, hadisələrə yanaşması ümumi mənafelərə xidmət edir. Qlobal və regional məsələlərin müzakirəsində Azərbaycana tərəf- müqabil kimi hörmətlə yanaşılır. Mahiyyətindən, coğrafiyasından asılı olmayaraq bütün görüşlərdə əsas müzakirə mövzusu olan Dağlıq Qarabağ münaqişəsinə yanaşma eyni və dəyişilməzdir: Dağlıq Qarabağ Azərbaycanın tarixi əraziləridir. Ermənistan işğal altında saxladığı torpaqları qeyd-şərtsiz azad etməlidir.

“Bizim xarici siyasətimiz həyatda özünü təsdiqləyib və bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur” söyləməklə qazanılan diplomatik nailiyyətləri dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, xalqımızın milli mənafeyini və dövlət maraqlarını əks etdirən bu siyasət ölkə vətəndaşlarının dəstəklədiyi yeganə düzgün yoldur. Xarici siyasətdə qazanılan uğurun başlıca amili isə qonşu , region və bütünlükdə dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlıqda etibar qazanmaq, münasibətlər sistemində vədinə sadiq dövlət kimi mövqeyini möhkəmləndirməkdir.

Xuraman İsmayılqızı, “İki sahil”