19 sentyabr 2018 17:01
1681

İrandan gələn qadının əl yükündə narkotik vasitə aşkarlanıb

İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşın əl yükündə narkotik vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat idarəsinə İran İslam Respublikası vətəndaşı Mahdioghli Roghayeh Hasan qızının Azərbaycan ərazisinə narkotik vasitə gətirməsi barədə əməliyyat məlumatı daxil olub.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunun gömrük nəzarət zonasında vətəndaşın üzərinə və əl yüklərinə baxış keçirilib.

Baxış zamanı vətəndaşa məxsus içərisində şəxsi əşyalar olan yük çantasında 1 ədəd sellofan torbanın içərisində müxtəlif rəngli şarlara bükülmüş 10 ədəd yumru formalı bağlama aşkarlanıb. Həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində açıq qəhvəyi rəngli, ümumi çəkisi 555 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.