20 sentyabr 2018 14:13
2316

Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir

Bu həqiqəti Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda adı dünyanın 50 qüdrətli ölkəsi arasında çəkilən Silahlı Qüvvələrimizin hərbi hazırlığı bir daha göstərdi

“2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında  keçirilən hərbi paradda söylədiyi sözləri Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paraddakı çıxışı ilə təsdiqləyən Prezident, Ali Baş Komandan İlham Əliyev bir əsr bundan əvvəl Nuru paşanın komandanlığı altında qardaş dəstəyini göstərən Türkiyə xalqına minnətdarlığını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana səmimiyyəti ilə bildirdi.

 1918-ci ildə müsəlman aləmində ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyətinin qarşılaşdığı çətin zamanlarda yardımını əsirgəməyən Türkiyə tarixi kökləri, adət-ənənələri eyni olan, qanı, canı bir qardaşlarına dəstək, arxa kömək oldu. Aradan bir əsr zaman ötsə də, vəfa borcunu unutmayan azərbaycanlılar o illərdə şəhid olan türk əsgərlərinin xatirəsini daim hörmətlə yad edirlər. Necə ki, türklər Çanaqqala savaşında  vuruşan azərbaycanlıları öz şəhidlərindən seçmirlər.

 Əsrin bir gününü xatirələrdə canlandıran Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad Türkiyə-Azərbaycan dostluq, qardaşlığının rəmzi olmaqla bütün şəhidlərin ruhuna ehtiram kimi yaddaşlarda qaldı.

 “Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğaldan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır” söyləyən cənab İlham Əliyev həmin hadisəni Türkiyə-Azərbaycan xalqının zəfər günü adlandırdı.

  Təntənəli paradda çıxışı ilə xalqlararası dostluğun əbədiliyini vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalanları ehtiramla yad edərək onların fədakarlığını milli birlik uğrunda zəfər salnaməsi, qəhrəmanlıq dastanı kimi dəyərləndirdi: “Biz dünyanın 34 ölkəsində 78 məzarlığı olan bir ölkəyik. Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Azərbaycan Türkiyədən sonra ən çox şəhidimizin olduğu ölkədir. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridirlər.” Rəcəb Tayyib Ərdoğan 15 sentyabr 1918-ci il zəfər tarixini, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun həyata keçirdikləri əməliyyatları Azərbaycanın müstəqillik tarixinin təməlini bu sözləri ilə dəyərləndirdi.

İstər ötən əsrin o tarixi hadisələrində, istərsə də müasir günümüzdə Türkiyə-Azərbaycan birliyini pozmağa çalışanlara hərbi parad hər iki xalq arasındakı həmrəyliyə, qısqanclıqla yanaşanlara  ən güclü zərbədir. Bu birliyə- 15 sentyabr qələbəsinə qara yaxmağa çalışanlar bir əsr bundan əvvəl aldıqları sərt sillənin zərbəsini 100 ildən sonra yenidən yaşadılar. Əsrin bir gününü canlandıran, 15 sentyabr 2018-ci il Bakının azad edilməsi münasibətilə Azadlıq meydanında keçirilən hərbi parad göstərdi ki, o dövrdə adi silahlarla, amma qətiyyəti, qələbə əzmi, türk dönməzliyi ilə  erməni, bolşevik, eser birləşmələrinə qalib gələn əsgərlərin şücaətini davam etdirən bugünkü Silahlı Qüvvələrimizin birliyi, Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq Ermənistana ən böyük zərbədir.

“Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər biri-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir” söyləyən Prezident İlham Əliyev hər iki ölkə arasındakı enerji, nəqliyyat, ticarət, mədəni əməkdaşlığın yüksək səviyyədə olmasını qeyd etməklə bildirdi ki,  hərbi sahədə əlaqələrin genişlənməsi hər iki xalqa qarşı zaman-zaman xəyanət etmiş erməni daşnaklarını daim təşvişdə saxlayır.

...Müstəqilliyimizin ilk illərində nizami ordusu olmayan Azərbaycanın bugünkü Silahlı Qüvvələrinin qüdrəti, şücaəti, aprel döyüşləri, Lələtəpə, Günnüt əməliyyatları  Ermənistanın “güclü ordu” barədəki xəyallarını alt-üst etdi.

2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə sürətlə davam edən ordu quruculuğunun məntiqi nəticəsi Azadlıq meydanında qətiyyətlə addımlayan əsgərlərimiz,  ermənilərin yuxuda belə görmədikləri ən müasir hərbi texnika və silah-sursatlardır. “Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir” söyləyən Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinin nəticəsidir ki, ordumuz ən müasir silahlarla, texnika ilə təchiz edilmişdir. Xarici ölkələrdən alınan ən müasir silah və sursatlarla birgə Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Son illər ərzində yaradılan 20-dən çox hərbi zavodda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur, ordumuz təchiz edilir, eyni zamanda,  beynəlxalq müdafiə sərgilərində nümayiş etdirilməklə  xarici ölkələrə ixrac olunur.

 Müharibə şəraitində yaşayan Azərbaycanın Silahlı Qüvvələri müasir texnika və silahlarla, zirehli texnika, bir çox gözətçi, hərbi gəmilərlə, hava hücumundan müdafiə sistemləri ilə , döyüş təyyarələri, hərbi nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri ilə təmin olunmaqla gücünü artırır.

 Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. Azərbaycan Ordusu işğalçını cəzasız qoymur, onlara layiqli cavab verir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi, bir neçə strateji yüksəkliklərin azad olunması nəticəsində Lələtəpədə, Ağdərə dağlarında Azərbaycan bayrağı dalğalanır. Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Silahlı Qüvvələrimizin 100 illik yubileyi ərəfəsində düşməndən azad olundu. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan əsgəri güclü  və qətiyyətlidir.

Adıçəkilən paradda Azərbaycan və Türkiyə şahinlərinin mavi səmada göstərdikləri peşəkarlıq, Türkiyənin mehtər marşının sədaları altında keçmiş türk əsgərinin “meydanda görünməsi” Azərbaycan-Türkiyə əməkdaşlığının əsrlərə söykənən ifadəsi idi. “Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər” söyləyən Rəcəb Tayyib Ərdoğan bu bayramı hər iki xalqın gələcək nəslinə ərmağan adlandırdı. Konyada keçirilən Azərbaycan-Türkiyə Hərbi  Hava Qüvvələrinin birgə taktiki uçuş təlimlərində iştirak edən TURAZ şahinləri də paradda hazırlıqlarını nümayiş etdirdilər. Döyüş helikopterlərinin səmada qoşa dalğalandırdıqları Azərbaycanın və Türkiyənin bayraqları ilə şahinlərimiz Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” deyimini səmada təsvir etdi.

“Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər” söyləyən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sübut edir ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır. Bu paradın məntiqi nəticəsi bu sözlərdə ifadəsini tapır:

Azərbaycan-Türkiyə... Daş qala qoşa səngər

Bütün qasırğalara birləşməklə sinə gər.

Bu birlik qarşısında düşmək tük salacaq, tük..

Qucur iki sahili Dədə Heydər-Atatürk.

Xuraman İsmayılqızı, “İki sahil”