20 sentyabr 2018 14:18
1761

Təhsilimizin yeni hədəfləri: savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklər

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri də yeni ümumtəhsil məktəblərinin tikintisi, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, ümumilikdə infrastrukturun yenilənməsidir. Bu isə təhsilə qoyulan sərmayə olmaqla keyfiyyətin yüksəldilməsinə xidmət edir. 

Qeyd edək ki, bu ilin ötən dövründə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub. Ölkə üzrə isə 200-dən çox məktəb tikilib və təmir olunub. Eyni zamanda, ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. Ümumilikdə, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Şagirdlərin dərsliklərlə pulsuz təminatı, elm adamlarına, təhsil işçilərinə diqqət və qayğı dövlətin bu sahəni daim diqqətdə saxlamasının göstəricisidir.

Bütün bunlar gənc nəslin yüksək savad almasına imkan verməklə bərabər, müəllim peşəsinə olan marağın artmasına, bu sahəyə yüksək ixtisaslı kadrların axınına imkan verir. Söhbət ondan gedir ki, yeni ümumtəhsil məktəblərinin istifadəyə verilməsi təhsilin keyfiyyətini artırmaqla yanaşı, həm də yeni  iş yerləri deməkdir.

Artım, həmçinin əmək haqlarını da əhatə edir. Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Prezident İlham Əliyev Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışındakı nitqində bunun çox sevindirici hal olduğunu bildirib: “Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir”.

Nəticədə müəllim olmaq istəyənlərin sayı artır. Təkcə bu il  500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Müqayisə üçün deyək ki,  2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi.

Həmçinin Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir, təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılır. Bunun nəticəsi özünü gənc nəslin yiyələndiyi biliklərin səviyyəsində göstərir. Düzdür, Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Lakin gənc nəslin gələcəkdə cəmiyyətdə layiqli yer tutması üçün savad kifayət etmir. Bu gün dünyada savadla bərabər bilik, o cümlədən texnologiya sahəsində biliklər hər şeyi həll edir. Açılışdakı nitqində bunun vacibliyini vurğulayan Prezident İlham Əliyev müasir inkişafın bu amillərə söykəndiyini qeyd edib: “Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr var. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar”.

Bu baxımdan Azərbaycanda da  müasir texnologiyalara çox böyük dəstək verilir ki, nəticə etibarilə bu, dövlət siyasətidir. Müasir reallıq ondan ibarətdir ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz. Elə təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin əsasını da bu təşkil edir. Bununla da dövlət büdcəsində təhsil xərclərinin həcmi ildən-ilə artır. Nəticədə neft kapitalının insan kapitalına çevrilməsi strategiyası bu gün həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca hədəflərindən birinə çevrilib. Məsələ burasındadır ki, bu olmadan güclü iqtisadiyyata sahib olmaq mümkün deyil. Güclü iqtisadiyyat olmadan isə müstəqil siyasət yürütmək imkansızdır. Bir sözlə, müstəqil siyasətin aparılmasına gedən yol təhsilə qoyulan sərmayədən keçir.

Ceyhun Piriyev, “İki sahil”