01 noyabr 2018 15:52
2986

Almaniya orqanlar donorluğunu stimullaşdırır

AFR hökuməti orqanlar donorluğunun stimullaşdırılması üçün bir sıra tədbirlər nəzərdə tutulan qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkənin səhiyyə naziri Yens Şpan tərəfindən hazırlanmış qanun layihəsində klinikalarda orqanların götürülməsi üçün ayrılan maliyyə vəsaitinin, transplantasiyaya cavabdeh olan işçilərin sayının artırılması, habelə məlumat toplanması üçün etibarlı sistem yaradılması nəzərdə tutulur. Səhiyyə Nazirliyi ümid edir ki, bu tədbirlər paketi artıq 2019-cu ilin birinci yarısında qanun qüvvəsi kəsb edəcək.

Şpan qeyd edib ki, əsas problem potensial donorların çatışmaması deyil: keçən il onların sayı artıb, lakin əksər hallarda klinikalarda donorların eyniləşdirilməsi üçün vaxt və pul çatışmır. Buna görə klinikalar gələcəkdə tibbi sığorta kassalarından daha çox pul almalıdırlar. Həkimlərdən ibarət mobil qruplar çalışmalıdırlar ki, nisbətən kiçik klinikalarda da orqanların götürülməsi üçün şərait yaradılsın.

İntensiv terapiya bölmələrinin hər birində orqanların köçürülməsi məsələləri üzrə azı bir nəfər müvəkkil olmalıdır. Onun vəzifəsi potensial donorları aşkar etməkdən ibarət olacaq. Məlumatların toplanması üzrə yeni sistem isə əvvəllər bu cür donorları aşkar etməyə əngəl törədən səhvləri istisna etməyə imkan verəcək.

Yens Şpan bu qanun layihəsini mümkün qədər tezliklə Bundestaqdan keçirməyə çağırıb, çünki o, “insanların həyatını xilas edəcək”.

Rəsmi məlumata görə, Almaniyada 10 minə yaxın insan neçə illərdir ki, donor orqanları gözləyir. Digər tərəfdən, 2012-ci ildən sonra donorlardan götürülmüş orqanların sayı daim azalmaqdadır. Şpanın sözlərinə görə, keçən il bu sahədə kədərli rekord qeydə alınıb: götürülən donor orqanlarının sayı 800-dən az olub.