01 noyabr 2018 20:23
2890

Salyanın Peyk kəndi qazlaşdırılıb

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq Salyanın Peyk kəndinə ilk dəfə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayonun 51 yaşayış məntəqəsindən 45-də təbii yanacaqdan istifadə olunur. Peyk kəndi rayonun “mavi yanacaq”la təmin olunan 46-cı kənddir. 232 fərdi yaşayış evindən ibarət olan və 2500 nəfər əhalinin yaşadığı kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 31013 metr metal və polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər Salyanda həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açıb, kəndlərə təbii qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, gələn il daha 5 kəndə təbii qazın verilməsi nəzərdə tutulub.

Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.