16 noyabr 2018 23:15
2375

“ABAD”, “DOST”: sağlam biznes mühitinin bəhrəsi

Dövlət siyasətinin əsasında  vətəndaşın dayandığı Azərbaycanda  sosial islahatların əhalinin rifahına xidmət etməsini ölkə vətəndaşları gündəlik həyatlarında müşahidə edirlər. Qeyri-neft sektorunun inkişafı, işsizliyin azaldılması naminə həyata keçirilən layihələrin tətbiqində əsas məqsəd xüsusilə, regionlarda yaşayan əhali arasında məşğulluq səviyyəsini yüksəltmək, yeni iş yerləri açmaqdır. Azərbaycanın ən böyük islahatlar aparan ölkələr arasında ilk onluğa düşməsi bu siyasətin artıq beynəlxalq səviyyədə dəstəklənməsi deməkdir. Bu uğurların qazanılmasının başlıca səbəbi ölkədə yaradılan sağlam biznes mühiti, kiçik və orta sahibkarlığın inkişafı, iri fermer təsərrüfatlarına göstərilən dövlət dəstəyi və güzəştli yardımlardır.

Son illərdə Azərbaycanda sosial yönümlü islahatların daha çox diqqət çəkən nümunəsi aztəminatlı ailələrin fərdi qaydada işlə təmin olunması üçün tətbiq olunan layihə - Ailə Biznesinə Asan Dəstək (ABAD) brendidir.  

“Bu sahədə kiçik sahibkarlıq da öz rolunu oynayır və oynayacaq. İndi “ABAD”” - “Ailə Biznesinə Asan Dəstək” mərkəzləri yaradılır. Mən bunu alqışlayıram. Bu, daha da geniş vüsət almalıdır. Müşavirələrin birində mən özəl sektora müraciət etmişdim. Demişdim ki, onlar da bu təşəbbüsü dəstəkləsinlər və özəl şirkətlər “ABAD”” mərkəzləri ilə müqavilələr bağlayıb sponsorluq edirlər. Bir neçə milyon manat dəyərində sponsorluq ki, fermerə, ailə təsərrüfatlarına dəstək olsunlar” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi bu layihənin tətbiqi ilə  özünüməşğulluq sisteminin əhatə dairəsi də genişlənir. Bu sistemin yaradılması nəticəsində il ərzində 6 - 7 min vətəndaşın işlə təminatı mümkün olur. Özünüməşğulluq proqramının həyata keçirilməsi bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılmasını da təmin edir. Dövlətdən sosial yardım alan ailələrə göstərilən yardım, dəstək nəticəsində bir çox ailələr şəxsi bizneslərini yaratmaqla  büdcələrini artırmaq imkanı qazanırlar.

Azərbaycan brendi olan “ABAD”a marağın artması, sosial sahədə aparılan islahatların davamı, “ASAN” xidmət”in analoqu olan yeni layihənin- Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin “DOST”ların yaranması ilə ölkə vətəndaşlarının həyat tərzləri daha da yaxşılaşacaq. “DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi aztəminatlı ailələrin, qaçqın və köçkünlərin bu layihələrə cəlbi ilə ölkədə yoxsulluğun səviyyəsini minimuma endirmək mümkün olacaq.

“ABAD” layihəsi, bu istiqamətdə yaradılan mərkəzlər sahibkarları, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın hazır vəziyyətə gətirilməsinə yardım göstərir.

Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanında qeyd edildiyi kimi, məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

Adətən ailə təsərrüfatları keyfiyyətli məhsul istehsal etsələr də sertifikatları olmadıqlarına görə böyük bazarlara çıxmaq imkanları məhdud olur. Ailələrin qarşılaşdığı problemlərdən biri də zəruri istehsal avadanlıqlarının olmamasıdır. Bu vəzifəni yerinə yetirən “ABAD” ailələri zəruri avadanlıqlarla təmin edir, mərkəzləşdirilmiş qaydada marketinq xidmətləri göstərilir. Maliyyə-mühasibatlıq sahəsində, məhsulların regionlardan satış mərkəzlərinə daşınması üçün də yardımlar göstərir.

İlkin mərhələdə Masallı rayonunda, “ABAD”- SOCAR birgə əməkdaşlığı nəticəsində sınaqdan keçirilən ailə biznesinin sonrakı ünvanı  Balakən rayonu oldu. Hazırda bu mərkəzlərin sayı artmaqdadır.

Qədim el sənətlərinin yaşadılmasında bu mərkəzlərin fəaliyyəti  əhəmiyyətlidir. Bazarın tələbatına uyğun əl işlərinin hazırlanmasında insanlara dəstək olan, faydalı məsləhətlər verən “ABAD” mərkəzlərinin genişlənməsi daha çox insanın bu layihəyə cəlbini də sürətləndirir.  İcərişəhərdəki “ABAD” sənətkarlıq mərkəzində ilkin mərhələdə 62 ailənin 500 adda əl işi satışa çıxarılsa da mərkəzlə əməkdaşlıq edən ailələrin sayı artıq yüzlərlədir. Bu sahəyə artan tələbatı, eyni zamanda turistlərin marağı nəzərə alınaraq Heydər Əliyev Aeroportunda ikinci “ABAD” mərkəzi açıldı. “ABAD”ın yaratdığı əməkdaşlıq nəticəsində Azərbaycanın qədim el sənətkarlığının nümunələri xarici ölkələrdə də tanınır. Qurum MDB məkanında, Avropa İttifaqının layihələrində iştirak, BMT-nin Ərzaq Təşkilatı, Bp şirkəti ilə əməkdaşlıq edir.

Bu layihənin tətbiqi ilə ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərən və ciddi sosial problem olan qeyri-rəsmi məşğulluğ hallarına qarşı mübarizə də genişləndirilir.

“Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə bağlı görülən işlər intensivləşir. Qeyri-formal məşğulluq əmək bazarında nisbi gərginliyi aradan qaldırsa da, çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur, istehlak bazarına ucuz və maya dəyəri aşağı olan məhsul və xidmətlər təqdim edilir, keyfiyyət aşağı olur, müvafiq standartlara cavab vermir, dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə zidd olmaqla vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olur. Bu baxımdan “ABAD” və “DOST” kimi layihələrin həyata keçirilməsi ilə də ölkədə sağlam biznes mühitinin yaradılması təmin edilir, Azərbaycan brendi ilə tanınan yeniliklərin beynəlxalq səviyyədə tətbiqi coğrafiyası genişlənir.

X.İsmayılqızı, “İki sahil”