21 iyul 2017 23:28
691

O yurdda yenə bülbül oxuyacaq...

Ağdamın işğalından 24 il keçir

Bir zaman Azərbaycanın musiqi beşiyi sayılan, toylu-düyünlü, bağ-bağçalarında bülbüllərin cəh-cəh vurduğu Ağdam iyirmi dörd ildir ki, qəbir sükutuna qərq olub. Şəhərin xarabalıqlarında əsl bayquşlarla bərabər, insan cildinə girmiş ikiayaqlı “bayquşlar” da ulayırlar. Fotoşəkillərdən gördüyümüz Ağdam indi öz hüznlü görünüşü ilə sanki həstətlə doğma sakinlərini gözləyir.

Ağdam həm də tarixən Azərbaycanın alınmaz qalalarından olub. Yaşlı nəslin yadındadır ki, Dağlıq Qarabağda yaşayan ermənilər ağdamlılardan cin misdən qorxan kimi qorxurdular. Ermənilər vurub-tutan ağdamlıların qollarının gücünə yaxşı bələd idilər. Onlar heç vaxt ağıllarına belə gətirmirdilər ki, nə vaxtsa Ağdama hücum edə, onu işğal eləyə bilərlər. Lakin dünyanın gözlənilməz qəribə işləri olur...

Tərtər və Goranboy istiqamətlərində bütün hücumları məğlubiyyətlə nəticələnən Ermənistan rəhbərliyi planını dəyişərək silahlı qüvvələrini Ağdam ətrafına cəmləşdirdi. Erməni qoşunlarının ilk hücumu müvəffəqiyyətlə dəf edildi. 1993-cü ilin yazında erməni qoşunları artilleriyanın və zirehli texnikanın köməyi ilə şəhər üzərinə hücuma keçdi və qanlı döyüşlər xeyli müddət davam etdi. Ağdamın belə ağır günlərində Bakıda və Gəncədə hakimiyyət davası gedirdi. Hərbi müxalifətə başçılıq edən Surət Hüseynov özünə tabe olan silahlı birləşmələri Şəmkirdəki Seyfəli poliqonunda saxlayaraq  döyüşə buraxmırdı. Altı mindən artıq ağdamlının və Milli Ordu əsgərlərinin həyatlarını itirməsi, minlərlə döyüşçümüzün yaralanıb şikəst olması onun tükünü belə tərpətmirdi. O, yalnız hakimiyyət tələb edirdi. Surət öz tanklarını və atrilleriyasını Bakı üzərinə hücuma göndərəndə Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun və digərlərinin ( Fred Asif) komandirlik etdikləri taborlar igidliklə döyüşür, düşməni geri oturtmaq üçün ciddi cəhd göstərirdilər. 

Döyüşlər o qədər şiddətli gedirdi ki, cəmi bir neçə günlük vuruşmalarda taborlarımızın çəxsi heyətinin yarıdan çoxu həlak olmuş və ya yaralanıb sıradan çıxmışdı. 
Tərtər rayonundan ağdamlılara köməyə getmiş tabor bir neçə gündə 60 nəfərdən artıq əsgər və zabitini itirmişdi. Taborun komandir müavini Mehrac Mahmudov isə qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuşdu. Sağ qalan döyüş yoldaşlarından biri söyləyirdi ki, düşmən böyük qüvvə ilə manevr edərək bizi cinahlardan dövrələyirdi, yarımmühasirə vəziyyətinə düşmüşdük. Qüvvəmiz olduqca az idi. Ona görə də Mehrac əmr verdi ki, geri çəkilək. Özü isə səngərdə tək qaldı. Biz cəmi iyirmi beş nəfər idik, ancaq komandir müavinini düşmənlərlə tək qoymaq istəmirdik. Onda Mehrac dedi ki, qalsaq hamımız həlak olacağıq, mən qalıb onları ləngidəcəyəm, barı siz xilas olun. Biz geri çəkilsək də onun necə döyüşdüyünü izləyirdik. Ermənilər ona lap yaxınlaşanda Mehrac pulemyot qucağında ayağa qalxıb səngərdən çıxdı: gəlin, köpək uşağı, ananızı ağlar qoyacağam- dedi və sürəkli atəş aça-aça ermənilərin üzərinə getdi. Ancaq bir-iki dəqiqəlik açıq döyüşdən sonra pəhləvan cüssəli igid Mehrac köklü palıd kimi yerə yıxıldı. Onun bu igidliyi hamının qanını coşdurdu. Digər mövqelərdən bizə köməyə gəldilər, bütün qüvvələrimizi səfərbər edib hücuma keçdik və Mehracın cəsədini götürdük. Sinəsinə beş avtomat gülləsi dəymişdi. Uli öndər Heydər Əliyevin Sərəncamı ilə Mehrac Məhəmməd oğlu Mahmudov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi. Ümumiyyətlə, Ağdamın müdafiəsində hünər göstərən 16 nəfər ağdamlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
Ağdamlıların, könüllülərin və oradakı bir neçə Milli Ordu taborunun inadlı müqavimətinə baxmayaraq 1993-cü il iyulun 23-də Ağdam süqut etdi.

Ağdamın işğal olunmasının bir neçə əsaslı səbəbi vardı. Birincisi, Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bir il ərzində nizami ordu yarada bilməmişdi. Onların tabeliklərində olan taborların müəyyən qədəri cəbhədən çıxarılaraq ölkənin vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsi üçün ehtiyatda saxlanırdı. İkincisi, döyüş zonasında dislokasiya olunmuş pərakəndə özünümüdafiə taborları vahid komandanlıqda birləşdirilməmişdilər. Siyasi partiyaların və rayon icra hakimiyyəti başçılarının tabeliyində olan taborlar isə öz cılız maraqlarının müdafiəsində idilər. Ağdamlılarla birgə bir çox qeyrətli oğulların qəhrəmanlıqla vuruşmalarına baxmayaraq qeyri-bərabər döyüşlərdə düşmən üstün gəlirdi. Daha bir ciddi səbəb isə ermənilərin havadarlarının onlara hər cür hərbi dəstək göstərmələri idi.

İşğaldan iyirmi il sonra Ağdama gəlmiş rusiyalı jurnalist Artyom Yefimov şəhərin xarabalıqlarına baxarkən dəhşətə gəldiyini yazıb. Onun məqaləsindən sitat: “Belə görünür ki, məscid Ağdamda salamat qalan yeganə binadır. Məscidin mavi mozaikalarla işlənmiş iki minarəsi uzaqdan görünür. Minarəyə qalxdıq və dərhal əhvalımız dəyişdi: hər tərəfdə xarabalıqlar görünürdü. Hansı ki 20 il qabaq bu xarabalıqlarda 50 min adam yaşayıb. Gözəl şəhər bir ayın ərzində dəhşət doğuran xarabalıqlar yığınına çevrilib.”

Yefimov məqaləsində göstərib ki, ermənilər onun bütün qeydlərini və Ağdamda çəldiyi şəkillərin lentini zorla alaraq yandırıblar. Bu da başa düşüləndir, çünki ermənilər yol verməzdilər ki, onların vandalizmini dünya ictimaiyyəti görsün.

Ermənistan ordusu Ağdam rayonunun təqribən 70 faizini işğal edib. 40 min hektar əkin sahəsindən indi cəmi 17 min hektarı ağdamlıların əlində qalıb. Ağdamlılardan heyif çıxan erməni vandalları rayon mərkəzini tamamilə yandıraraq külə döndəriblər. Orada qiymətli nə varsa hamısını talayıb Ermənistana daşıyıblar. Ümumiyyətlə, düşmənlərimiz rayona 3 milyard manatdan artıq ziyan vurublar. 128 min nəfər ağdamlı doğma yurd-yuvasından didərgin düşərək respublikanın 59 rayonuna səpələnib. Ancaq Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət ağdamlılarda yurda qayıtmaq inamını daha da gücləndirir. Cocuq Mərcanlının azad edilməsi, kənd sakinlərinin yeni tikilmiş abad və yaraşıqlı mənzillərə köçməsi onların ürəklərindən xəbər verib. Ağdamlılar ərazilərinin əllərində qalan hissəsində tikib-qurur, əkib-becərir, kəndlərini abadlaşdırırlar. Rayon mərkəzi statusu daşıyan Quzanlı qəsəbəsi indi ağdamlıların qadir əlləri ilə gözəl bir şəhərə çevrilib. Zaman gələcək ki, onlar işğaldan azad edilmiş Ağdam şəhərini yenidən tikəcək, onu ən gözəl bir rayon mərkəzinə çevirəcəklər. Bu inamın qarantı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və güclü Azərbaycan Ordusudur!

Vəli İlyasov, “İki sahil”