14 noyabr 2017 17:05
1158

KİV-lər “Apple” kompaniyasının yeni planlarından xəbər tutub

“Apple” kompaniyası növbəti ildə “iPhone X” bazasında üç yeni smartfon istehsal edə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Macrumors” portalı “KGI Securities” kompaniyasının analitiki Minq-Çi Kuonun hesabatına istinadla məlumat yayıb.

Onun proqnozuna görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (müvafiq olaraq düymə 458 və 480-500 piksel) OLED-displeylə, üçüncüsü isə 6,1 düym diaqonallı (düymə 320-330 piksel) LCD-displeylə təchiz olunacaq.

Hər üç smartfon dizayn etibarilə “iPhone X” modelinə bənzəyəcək və “True Depth” kamerasına malik olacaq. Ekspertin fikrincə, LCD modelinin qiyməti 649-749 dollar təşkil edəcək. OLED modelinin qiyməti isə məlum deyil.

Bir qədər əvvəl “KGI Securities” 2018-ci ilə qədər “Apple”nin “Touch ID” texnologiyasından (smartfonun barmaq izi ilə açılması) tamamilə imtina edəcəyini və “Face ID” texnologiyasına (telefon sahibinin üzünün tanınması) keçəcəyini proqnozlaşdırmışdı. Həmçinin OLED-modelinin korpusunun paslanmayan metaldan hazırlanacağı gözlənilir.