16 mart 2018 18:42
1313

Azərbaycan qadını 11 aprel seçkilərində fəal iştirak edəcək

Tarixən qadınların siyasi haqlar, o cümlədən seçkilərdə iştirak etmək haqqı əldə etməsi asan olmayıb. Amerika Birləşmiş Ştatlarında 1848-ci ildən səsvermə hüququ tələb edən qadınlar seçki kampaniyalarına qatılmaq üçün tədricən müəyyən uğurlar əldə etmişdilər. XIX əsrin sonlarında Yeni Zelendiyada qadınlara ümumi və birbaşa seçki hüququ tanınması digər Qərb ölkələrinə də örnək oldu. Zaman-zaman Norveç, Finlandiya kimi dövlətlər də eyni cür addım atdı. Fransada qadınların seçkilərə qatılmaması uzun illər tənqid olunsa da, həmin ölkə bu məsələni Avropada ən son həlledənlərindən biri oldu.

Avropa və klassik Şərq cəmiyyətlərindən fərqli olaraq qədim və ortaçağ türk dövlətlərində qadın cəmiyyətdə mötəbər mövqeyə malik olub. Əgər hər hansı bir türk obasının münasib varisi olmayan lideri vəfat edər, yaxud döyüşdə ölərdisə, onun xanımı mərhum ərinin səlahiyyətlərini ələ alar, idarəçilikdə əsas söz sahibi olardı. Xalqımızın etnogenizinin və dövlətçilik ənənələrinin formalaşmasında əsas rol oynayan Səfəvi sarayında da istər hökmdarların xanımları, istərsə də qızları böyük nüfuza və təsir imkanlarına malik olublar. Təkcə, onu yada salmaq kifayətdir ki, Şah İsmayılın nəvəsi, Birinci Təhmasibin qızı - öz ağlı və gözəlliyi ilə dillərə dastan olmuş Pərixan bəyim şah atasının əsas məsləhətçilərindən biri olmaqla yanaşı, diplomatik münasibətlərin qurulmasında da yaxından iştirak etmiş, II İsmayılın taxta çıxmasında və devrilməsində xüsusi rol oynamış, hətta bir müddət dövləti şəxsən özü idarə etmişdi.

1788-ci ildən 1918-ci ilə qədər ötən 120 illik dövrdə dünyanın yalnız 10 ölkəsində qadınların seçkilərə qatılmaq hüququ vardı. 1918-ci ildə 11 dövlətdə qadınlar siyasi baxımdan ikinci cins statusundan çıxarıldı və onlara səsvermə hüququ verildi. Həmin ölkələrdən biri də məhz Azərbaycan idi. Bu gün hər birimizin məmnunluqla vurğuladığımız fakt budur ki, Azərbaycan İslam aləmində qadınlara tam seçki hüququ verən ilk cəmiyyətdir.

Heç şübhəsiz, qadın hüquqları, insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsidir. Bu haqq seçmək və seçilmək hüququ ilə birgə və paralel şəkildə uzun bir yol keçib. Kişilər seçki hüququndan bəhrələnə bildikləri halda, qadınların prosesə qatılmasına mane olan çoxsayda sosio-mədəni faktorlar mövcud olub. Cəmiyyətlərin təxminən yarısını təşkil edən qadınların səsvermə hüququna malik olması onların hakimiyyətlərə təsir imkanlarının yaranması və sosial statusca kişilərlə eyni mövqeyə sahib olması anlamına gəlirdi. Lakin bu ideyanın gerçəkləşməsi, artıq yuxarıdakı misallardan da göründüyü kimi, xeyli zaman aldı, hətta qanunlarda qadın və kişilərin bərabər olması müddəalarının təsbit olunması da hər şeyi birdən-birə dəyişmədi. Bununla belə, İslam dünyasında qadınlara ilk səsvermə hüququ tanıyan dövlət olaraq Azərbaycanda qadınların cəmiyyətin tamhüquqlu üzvü olması prosesi nəinki klassik müsəlman dövlətləri, hətta digər müvafiq post-sovet ölkələri ilə müqayisədə daha sürətli və effektiv gedib. Azərbaycan qadını istər icra hakimiyyətində, istərsə də parlament və bələdiyyə institutunda bu baxımdan müqayisə edə biləcəyimiz ölkələr sırasında ilk sıralarda dayanır.

Bu il fevralın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanındakı İctimai Şura “Qadın və seçki hüququ” mövzusunda konfrans keçirmişdi. Konfransda ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən qadınlar iştirak etmişdi. Tədbir iştirakçıları Azərbaycan qadınlarını qarşıdakı prezident seçkilərində fəal olmağa çağırmışdılar. Bu mövzuda maraqlı tədbirlərin biri də martın əvvəllərində Gəncədə baş tutmuşdu. Orada təşkil olunan “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda da eyni çağırış səslənmişdi. Bu kimi çağırışlara Azərbaycanda qadın seçicilərin müsbət reaksiya verəcəyi şübhəsizdir. Belə ki, ölkəmizdə keçirilən bütün seçkilərin ümumi təcrübəsi onu təsdiq edir ki, Azərbaycan qadını səsverməyə böyük əzm və mütəşəkkilliklə qatılır.