18 oktyabr 2017 21:25
510

OPEC ölkələri neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliyə 86 faiz əməl ediblər

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliyə 86 faiz əməl ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol deyib.

“Bu, əvvəlkilərə nisbətən daha yüksək göstəricidir. OPEC-ə üzv ölkələr neft hasilatını azaltmağı davam etdirmək barədə noyabr ayında qərar verəcəklər. Əgər sazişin müddəti uzadılsa gələn il neft bazarında yenidən balanslaşma yaranacaq”,- deyə o bildirib.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.