02 noyabr 2016 22:42
1138

Vahid Əhmədov: Neftin dünya bazarında qiyməti siyasi proseslərdən asılı olaraq dəyişir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun “İki sahil” qəzetinə müsahibəsi

- Vahid müəllim, son dövrlərdə dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalmasının Azərbaycan iqtisadiyyatına təsirini necə şərh edərdiniz?

-Azərbaycan dünyanın bir parçası olduğuna görə, dünyada gedən siyasi, iqtisadi proseslər ölkəmizdən yan keçə bilməz. Məlumdur ki, son dövrlərdə baş verən hadisələr məhz neftin qiymətini siyasiləşdirdi. Faktiki olaraq neftin dünya bazarında qiyməti siyasi proseslərdən asılı olaraq dəyişir. Xüsusilə Rusiya-Ukrayna münasibətləri, Rusiya ilə Qərb arasında yaşanan problemlər, Ərəb ölkələrində baş verən inqilablar dünya iqtisadiyyatında mənfi tendesyalarla müşahidə olundu. Azərbaycan xalqı xoşbəxt olmalıdır ki, ölkə başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq qonşu dövlətlərdə yaşanan problemlərdən ən az əziyyət çəkən ölkə olduq. Vaxt var idi, neftin bir barelinin qiyməti 140-150 dollar idi, amma hazırda Azərbaycan neftinin qiyməti 45-50 dollar səviyyəsində göstərilir. Yəni rəqəmlərdən də göründüyü kimi, bu, çox aşağı qiymətdir. Azərbaycan dövləti iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirərək, neft sektorundan asıllığı azaltsa da hesab edirəm ki, neftin qiymətində enmələrin müşahidə edilməsi dövlət büdcəsinin gəlirlərinə, əhalinin həyat şəraitinə təsirsiz ötüşmür.

Hələ 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair proqramda nəzərdə tutulan məsələlərin müzakirəsi zamanı Prezident İlham Əliyev hökumətin qarşısına iki əsas vəzifəni qoydu. Birincisi, Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmini, ikincisi isə qeyri-neft sektorunun inkişafı. Son illərə nəzər salanda şahidi oluruq ki, cənab Prezidentin rəhbərliyi ilə ölkə iqtisadiyyatında xeyli islahatlar aparılıb, qeyri-neft sektorunda irəlləyişə nail olunub. Cənab İlham Əliyevin göstərişinə, bu yöndə imzaladığı fərman və sərəncamlara əsasən istər kənd təsərrüfatında, istərsə də sənayədə, turizmdə fəaliyyət istiqamətləri genişləndirildi. Sumqayıtda, Mingeçevirdə, Qaradağda, Balaxanıda sənayə obyektləri yaradılıb ki, onların da fəalliyətləri sənayənin inkişafına müsbət töhfə verməkdədir. Hesab edirəm ki, bu yöndə daha ciddi islahatlar aparılsa məqsədəuyğun olar.

- Ölkəmizdə qeyri-neft sektorunun inkişafını hansı səviyyədə qiymətləndirirsiniz?

-2016-cı ildən etibarən kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün möhtərəm Pezidentimiz bu yöndə təşəbbüs irəli sürərək, birbaşa nəzarəti gücləndirdi. Hazırda pambıqçılığın, baramaçılığın, üzümçülüyün inkişafı yönündə irəliləyişlərin şahidiyik. Bu sahələrdə müəyyən qədər gecikmələr olsa da, gələcək illərdə həyata keçirilən işlərin bəhrəsini görəcəyik. Bundan başqa turizmin inkişafını da qeyd etmək lazımdır. Son illərdə ölkəmizdə kifayət qədər mehmanxanalar, turizm obyektləri tikilib istifadəyə verilib. Bu obyektlərə də turistlərin cəlb olunması prosesini tənzimləməliyik. Turizm obyektlərində qiymətlər düzgün tənzimlənərsə, bu zaman əlavə gəlirlərdə çoxalma müşahidə ediləcək. Bütün bunları nəzərə alaraq deyərdim ki, bu sahələrdə müəyyən qədər çətinliklər olsa da, 25 illik müstəqil tarixi olan Azərbaycanın uğurları da az deyildir. Hesab edirəm ki, Azərbaycan xalqı bundan sonra da hökumətlə birlikdə bütün çətinlikləri dəf etməyi bacaracaq.

- Necə proqnozlaşdırırsınız 2017-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti hansı səviyyədə müəyyən ediləcək?

-Bizim şimal qonşumuz olan Rusiyada neftin gələn ilə qiyməti 40 dollar müəyyən edilib. Noyabr ayında gələn ilin dövlət büdcəsinin təsdiqi gözlənilir. Ona görə də bir sıra ölkələrin proqnozlarına nəzərən təklif vermişik ki, 2017-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində götürülsün. Bilirsiniz ki, neftin qiyməti ilə əlaqədar dövlət büdcəsinin gəlir və xərc hissəsində azalmalar var. Amma buna baxmayaraq sosial layihələrin icrasının dayandırılması nəzərdə tutulmayıb. Ola bilər ki, müəyyən qədər investisiya layihələri saxlanılsın. Əsasən iki layihə üzərində işlər davam etdiriləcək ki, onlardan biri Bakı-Tbilisi-Qars dəmiryolu xətti, biri isə TANAP layihəsidir. Hər iki layihənin tez bir zamanda reallaşması ilə iri dövlətlər ölkəmizə sərmayə yatıracaqlar. Bu da ölkəyə küllü miqdarda vəsaitin cəlb olunmasından xəbər verir.

- Ekspertlər proqnozlaşdırırlar ki, ilin sonunadək Azərbaycan manatı dollara nisbətən dəyər itirməkdə davam edəcək. Belə olan halda hansı zəruri addımlar atılmalıdır?

- Qeyd etdiyim kimi, bütün neft ixrac edən ölkələrdə milli valyutanın ucuzlaşması baş verdi. Azərbaycan da istisna deyil. Ölkəmizin ixracının böyük bir hissəsini neft və neft məhulları əhatə edir. Ona görə də neftin qiyməti ilə manatın dəyərdən düşməsi bir-biri ilə əlaqədardır. Hazırda manatın qiymətində enmələr hiss olunur. Əlbəttə iqtisadçı olaraq şok devalvasiyasının tərəfdarı deyilik. Ona görə də manatı yumşaq devalvasiya prinsipi ilə aparmaq lazımdır ki, insanlar çox əziyyət çəkməsinlər. Bunun üçün müəyyən hazırlıqlar aparmaq lazımdır. Manat o vaxta qədər ucuzlaşacaq ki, Azərbaycanın daxili maliyyə bazarında həqiqi qiymətini tapacaq. Qazağıstan və Rusiyada milli valyutanı buraxdılar ki, bazarda öz qiymətini tapa bilsin və hazırda hər iki ölkənin valyutası öz real qiymətini tapa bilib. Bunun üçün Azərbaycanda müəyyən vaxt lazımdır. İnanıram ki, yaxın zamanda Mərkəzi Bank elan edəcək ki, manat artıq öz real qiymətini tapıb.

- Milli Məclisin plenar iclasında “Kredit  büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub. Qanunun icra mexanizmi necə qurulmalıdır ki, bundan vətəndaş səmərəli şəkildə istifadə edə bilsin?

- Sözügedən qanun layihəsi olduqca maraqlı olduğuna görə plenar iclasda qəbul olunub. Kredit bürolarının yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, banklara borclu olan şirkətlərin statistikasını aparmaqla müəyyən qədər dəstək olunsun. Banklara təxminən 1,5-1,6 milyarda yaxın borc var ki, onların qaytarılması istiqamətində işlər səmərəli şəkildə aparılmalıdır. Ümumiyyətlə, bu büroların yaradılması çoxdan gündəmdə idi. Hətta beynəlxalq təşkilatlar da bu təkliflərlə çıxış edirdilər. Ölkədə bank sisteminin sağlamlaşdırılması üçün bu kimi layihələrdən istifadə etmək lazımdır ki, gələcəkdə banklar da öz növbəsində daha aşağı faizlə vətəndaşlara kredit verə bilsin.Yəni bank sisteminin sağlamlaşdırılması bir nömrəli vacib məsələlər sırasındadır.

Şəmsiyyə Əliqızı, 
İntizarə Məmmədova, “İki sahil”