22 noyabr 2018 14:34
2728

Şəhid ailələri cənab Prezidentin diqqət və qayğısından razıdırlar

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda həyata keçirilən siyasətin və bütün sosial layihələrin mərkəzində məhz Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılması dayanır. Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Ölkəmizdə cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər keçirilir, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlara köməklik göstərilir.

Son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin ayrılmaz tərkib hissəsi sayılan hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradır. Bu sahədə mühüm istiqamətlərdən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Bu mənada Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğı davamlı və çoxşaxəli səciyyə daşıyır. Son 15 ildə dövlət başçısı İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalayıb ki, bunlardan biri də bu ilin 19 aprel tarixində imzalanan Fərmandır.

Belə ki, 2018-ci il 19 aprel tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb. Sevindirici haldır ki, artıq bir neçə gün öncə, noyabrın 14-dən başlayaraq qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə şəhid ailələrinə maddi yardımların verilməsinə başlanılıb. Artıq rəsmi olaraq 113 nəfərə dövlət tərəfindən birdəfəlik vəsait ödənilib. Təbii ki, bu çox yaxşı haldır və cəmiyyətin bütün təbəqələrində yüksək qiymətləndirilir. Elə şəhid ailələrinin nümayəndələri də qəzetimizə açıqlamasında bunun müsbət bir hal olduğunu, dövlətin diqqət və qayğısının nümunəsi adlandırdılar.

Ağdərə döyüşləri zamanı şəhid olan Şəmkir rayonunun sakini Rzayev Qiyas Allahverdi oğlunun həyat yoldaşı Yeganə Rzayeva bildirdi ki, dövlət hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşıb: “Əlbəttə ki, dövlətin belə bir addım atması, şəhid ailələrini diqqətdə saxlaması təqdirəlayiq haldır. Cənab Prezidentimiz sağ olsun ki, hər zaman bizimlə, bütün şəhid ailələri ilə maraqlanır, sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində fərman və sərəncamlar imzalayır. Dövlət tərəfindən vaxtaşırı olaraq şəhid ailələrinə müxtəlif köməkliklər göstərilir. Bir daha bu Fərmanı imzaladığına və bizləri unutmadığına görə cənab Prezidentimizə təşəkkürümü bildirirəm”.

Taleh Bağırov, “İki sahil”