15 dekabr 2018 18:42
884

FHN-nin yaradılmasının 13-cü ildönümü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 13-cü ildönümü münasibətilə dekabrın 15-də nazirlikdə geniş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov FHN-in yaradılmasının 13-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edib, onlara uğurlar arzulayıb.
Kəmaləddin Heydərov bildirib ki, ötən müddət nazirliyin kollektivi üçün əlamətdar olub. FNN-in yarandığı 13 il ərzində əldə etdiyimiz bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adı ilə bağlıdır. Ötən illər ərzində FHN dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunub. Nazirliyimizin bu günə qədər əldə etdiyi ən böyük nailiyyət dövlətimizin başçısının etimadını doğrultması, xalqın etibarını qazanmasıdır.
Qeyd olunub ki, cari ildə FHN qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Hesabat dövründə də nazirlik insanlarımızın həyat təhlükəsizliyinin qorunması sahəsində öz fəaliyyətini uğurla davam etdirib. Həmişə olduğu kimi, yanğından mühafizə sahəsində əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb. Yanğın hadisələrinin qarşısı çevik şəkildə alınaraq yayılmasına və ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin hər il dekabrın 16-sının Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 2006-cı ildə imzaladığı Sərəncam FHN-ə və onun kollektivinə dövlət qayğısının bariz nümunəsidir. Nazir deyib: “FHN-in şəxsi heyəti həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, operativ və sədaqətlə yerinə yetirəcək. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan Prezidentini əmin edirəm ki, ölkə əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin olunması, maddi və mədəni sərvətlərimizin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin davam etdirilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarımızı səfərbər edəcəyik. Ali Baş Komandanın əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazır olacağıq”.
Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxunub. Prezidentin ötənilki sərəncamlarına əsasən təltif olunan bir qrup əməkdaşa mükafatlar təqdim edilib. Həmçinin FHN-in xidmətdə fərqlənən əməkdaşları da nazirin əmri ilə təltif olunublar.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.