18 yanvar 2018 15:15
1158

Sınaq imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən bildiriblər ki, imtahan Bakı, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 18-i saat 10:00-dan yanvarın 31-i saat 10:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.

İmtahanda iştirak etmək istəyənlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 (otuz) manatdır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan “Hesaba” daxil etmək məqsədilə müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar.

Namizədlər imtahana yazılmaq üçün “Şəxsi kabinet”in “Hesab” bölməsində “Sınaq imtahanına yazılmaq üçün ödəmə kartı” > “Sınaq imtahanının növü” > “Magistratura səviyyəsi üzrə sınaq imtahanı” ardıcıllığı vasitəsilə ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq/mag səhifəsində “Yeni istifadəçi” kimi qeydiyyatdan keçib imtahan binasını seçməlidirlər.

Sınaq imtahanının məqsədi bakalavrlara münasib vaxtda qapalı və açıq formalı test tapşırıqları vasitəsilə onların verbal və riyazi məntiqini, fəza təfəkkürünü, İKT və xarici dil üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır.