28 sentyabr 2017 16:03
595

UNEC-in məzunlarından nümunəvi addım: “ISE Məzun Təqaüdü”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) “ISE Məzun Təqaüdü” Proqramına start verilib.

UNEC-dən bildiriblər ki, proqramın məqsədi gənclərin stimullaşdırılması, sosial məsuliyyəti ön plana çəkmək və messenatlıq ənənəsinin yayılmasına nail olmaqdır.

Yeni tədris ilindən tətbiq edilən proqram çərçivəsində UNEC-in məzunları Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə öz şəxsi vəsaitləri hesabına bir tədris ili müddətində təqaüd müəyyənləşdirəcəklər. “ISE Məzun Təqaüdü” təhsildə ən yüksək nəticə göstərən tələbələr arasından müsahibə yolu ilə seçilənlərə veriləcək. Müsahibəni məzunlar aparacaqlar. Əlaçı təqaüdü məbləğində olan “ISE Məzun Təqaüdü” tələbə kartlarına hər ayın əvvəlində köçürüləcək.

Bu ali məktəbin iki məzunu UNEC-in tələbələri ilə görüşərək, onlardan dördünə “ISE Məzun Təqaüdü” ayırıb. Məzunlardan biri tələbələrə mentorluq etməyi də öz üzərinə götürüb. Belə ki, mentor məzun tələbə startapına dəstək göstərəcək.

Bundan əlavə, Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi bir tələbənin təhsil haqqının ödənilməsini öz üzərinə götürüb.