08 sentyabr 2017 15:03
2622

Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır

Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, rayonlar üzrə aparılan bölgüyə uyğun olaraq  görülən və görüləcək işlər məşğulluğu daha da artıracaq, idxaldan asılılığı azaldacaq, ixrac potensialımızı gücləndirəcək

Bu günlərdə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı İlham Əliyev 2004-cü ildən bu yana keçilən yola qısa baxış keçirərək, Azərbaycanın son illərdə dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətli inkişaf edən ölkə olduğunu əsaslı şəkildə diqqətə çatdırmışdır: “Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi...

Belə olan halda sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq.” Bölgələrin malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün infrastrukturun yeniləşdirilməsi əsas idi. Regional inkişaf proqramlarının uğurlu icrası bu sahədə mühüm addımların atılmasını stimullaşdırdı. Cənab İlham Əliyev bu reallığı bir daha qeyd etmişdir ki, bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycan vətəndaşı yaxşı yaşamalıdır və yaxşı yaşamaq üçün imkan olmalıdır... Eyni zamanda, bölgələrdə yaradılmış şərait böyük şəhərlərə miqrasiyanın da qarşısını alır... İndi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar yaradılıb.” Ölkə iqtisadiyyatına 200 milyard dollara yaxın investisiyanın qoyulması da ölkəmizə olan inamın göstəricisidir. Ötən dövr ərzində bir milyon 600 mindən çox yeni iş yeri açılıb ki, bunun bir milyonu daimidir. İşsizlik probleminin həlli istiqamətində atılan addımların nəticəsində bu gün işsizliyin səviyyəsi 5 faizdir. Yoxsulluq da 5 faiz səviyyəsindədir. Əmək haqları və pensiyalar artırılıb. Reallıq bu faktı təsdiqləyir ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır.

Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçildiyi dövrdən bu fikri hər çıxışında bəyan edir ki, iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkənin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın iqtisadi inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi də əldə etdiyi uğurlara, həyata keçirilən sosial-iqtisadi islahatlara əsaslanır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə təqdir olunur. Ölkə Prezidenti bildirir ki, qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Ümumi daxili məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Sahibkarlığın inkişafı öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektoru sahibkarlığın inkişafı hesabına əhəmiyyətli dərəcədə tərəqqi edir.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlər verilir. Kreditlərin böyük əksəriyyəti kənd təsərrüfatı məsələlərinə, qalan hissəsi isə sənaye müəssisələrinin yaradılmasına yönəldilir. “Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübə tətbiq olunmalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının əsas olduğunu diqqətə çatdırır. O da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Bugünkü işləri “Kənd təsərrüfatı ili” çərçivəsində görülən tədbirlərin davamı kimi qiymətləndirmək olar. Cənab İlham Əliyev daim vurğulayır ki, bir ilin konkret bir sahənin adı ilə bağlanması yalnız həmin ildə görülən işlərlə məhdudlaşdırılmamalıdır. Kənd təsərrüfatının inkişafının prioritetliyini önə çəkən ölkə Prezident bildirir ki, məqsəd bu sahənin inkişafına yeni təkan vermək, onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etməkdir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin müəyyənləşdirilməsi yeni mərhələnin əsasıdır. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulmuş, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilmişdir. Bir əsas məqamı da qeyd edək ki, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Regionların potensialından səmərəli istifadəni vacib şərt kimi önə çəkən dövlətimizin başçısı İlham Əliyev regional inkişaf proqramlarının icrası ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfər edir. Regionlara hər səfərindən sonra həmin bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə əlavə tədbirlər planı təsdiqlənir və Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğdə vəsaitlər ayrılır. Balakən, Zaqatala, Qax, Samux, Göygöl, Şəmkir və Gədəbəy rayonlarından sonra Cəlilabad və Lənkərana səfər edən dövlətimizin başçısı əhəmiyyətli sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərinin keçirilməsində iştirak etmişdir. Hər çıxışında bu məqam xüsusi qeyd edilmişdir ki, Azərbaycanın hərtərəfli inkişafını təmin etmək üçün islahatlar regionlar üzrə, proqramlar əsasında həyata keçirilməlidir. Ən əsası gələcək planları gerçəkləşdirmək üçün ilk növbədə maliyyə intizamı olmalıdır. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsini daha da sürətləndirir. Məhz bu şəffaflığın, eyni zamanda kompleks tədbirlərin nəticəsidir ki, bu gün paytaxt və bölgələr arasında fərq müəyyən mənada aradan götürülüb, bölgələr arasında sağlam rəqabət aparılaraq, quruculuq, abadlıq işləri geniş vüsət alıb. Dövlətimizin başçısı İlham Əliyevin “Yalnız bütün əhalimiz özünün daha yaxşı yaşadığını hiss etdiyi bir vaxtda, hökumətimiz vəzifəsini yerinə yetirmiş hesab edə bilər. Budur, bizim məqsədimiz-vətəndaşlara eyni şərait yaratmaq” kimi cəmiyyətə, dövlət məmurlarına ünvanladığı mesaj məsuliyyət hissinin artırılmasını bir tələb kimi qarşıya qoyur. Cənab İlham Əliyevin bu tapşırığını da xatırlayaq: “Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”

Cənab İlham Əliyev ötən dövrlərin iqtisadi uğurlarının ümumiləşdirilmiş ifadəsi olaraq bildirir ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində böyük uğurlara imza atıb. Dövlətimizin başçısı bu inamı da ifadə edir ki, qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcək. Bu sektorun inkişafı iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməyə imkan yaradacaq. Daxili bazarı təmin etmək üçün yerli istehsalın artırılması da qeyri-neft sektorunun inkişafına birbaşa təsir edən amildir və bütün bu görülən işlər və digər tədbirlər nəticəsində dayanıqlı inkişaf artıq təmin edilib. Gələcəkdə neft amilinin ümumi daxili məhsulda aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı daha da azalacaq. “ Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, neft-qaz amili bizim üçün bir vasitədir” söyləyən ölkə Prezidenti vurğulayır ki, biz bu vasitədən səmərəli şəkildə istifadə edirik. Qeyri-neft sektorunun ən prioritet sahələrindən biri kimi aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Dünya Bankının hesabatlarında kənd təsərrüfatı sahəsi üzrə artımın Azərbaycanda yüksək olduğu vurğulanır.

Dövlətimizin başçısı İlham Əliyev 2013-cü ildə keçirilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu tapşırığı vermişdir: “Rayonlar arasında və rayonlar üzrə ixtisaslaşma aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri, öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma layihələri icra edilməlidir. Göstərişlər verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə hər rayon üzrə konkret təkliflər verilməlidir. Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını daha da çox istehsal etməliyik və bunu etmək üçün hansı əlavə tədbirlər görülməlidir. Çünki biz ümumi göstərişlər veririk. Məsələn, hər bir kənd təsərrüfatı məhsulunun Azərbaycanda istehsalı hesabına daxili tələbatı ödəmək, ixrac imkanlarını artırmaq üçün ümumi göstərişlər verilir. Amma bunlar bu rayonlar arasında necə bölünür, yəqin ki, bu məsələ ilə bağlı daha dəqiq təkliflər verilməlidir. Son zamanlar cənab İlham Əliyevin sədrliyi ilə bölgələrdə bu və ya digər sahələrin inkişafına həsr olunmuş müşavirələrə diqqət yetirdikdə bu bölgünün konkret olaraq həyata keçirildiyi təsdiqlənir. Ənənəvi kənd təsərrüfatı sahələri kimi pambıqçılığın, tütünçülüyün, çayçılığın, baramaçılığın və digər mühüm istiqamətlərin inkişafı ilə bağlı keçirilən müşavirələr konkret tapşırıqlar və onların icrası mexanizmlərinin açıqlanması ilə yadda qalıb.”

Bu reallıq da qeyd olunur ki, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələmişdir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bildirir ki, ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir: “Əlbəttə, Azərbaycanın bəzi ərzaq məhsullarını xarici bazarlardan idxal etməsinə baxmayaraq biz çalışmalıyıq ki, öz daxili istehsalımızı maksimum artıraq, fövqəladə hallardan özümüzü qoruyaq. Çünki keçən il də biz görmüşük ki, bir sıra ərzaq məhsullarının ixracı ilə bağlı bəzi ölkələrdə qadağalar qoyulmuşdur. Yəni, özümüzü təmin etmək üçün daxili bazarların daxili resurslar hesabına təmin edilməsi prosesi davam etdiriləcəkdir.” Görülən işlərin, həyata keçirilən tədbirlərin fonunda bu əminliyi böyük inamla ifadə edə bilərik ki, yaxın gələcəkdə özümüzü bütün əsas ərzaq məhsulları ilə tam təmin edəcəyik.

Yeganə Əliyeva, “İki sahil”