19 yanvar 2018 14:57
1230

Bu xidmət üçün 815 mindən çox müraciət edilib

2017-ci ildə bu e-xidmətdən əvvəlki ilə nisbətən 48,3 faiz çox istifadə edilib

Ötən il əvvəlki illə müqayisədə  “İş yerinə dair arayış” elektron xidmətindən 48,3 faiz çox olmaqla  337 749 dəfə istifadə edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, ƏƏSMN-nin Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayında hər ay artım dinamikası özünü göstərir. Buna misal olaraq, 2017-ci ilin dekabr ayında bu e-xidmətə müraciətlərin sayı əvvəlki noyabr ayına nisbətən 16,7 faiz, 2016-cı ilin dekabr ayına nisbətən isə iki dəfəyə qədər artaraq 41 382-yə çatıb.

Qeyd edək ki, “İş yerinə dair arayış” e-xidməti sayəsində vətəndaşların müvafiq hallarda qeyd olunan arayışı almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə ehtiyac qalmır. E-xidmətdən istifadə zamanı formalaşdırılan arayışı istifadəçi çap edərək kağız şəklində aidiyyəti təşkilata təqdim edə, yaxud  arayış tələb olunan təşkilata elektron yolla göndərə bilir. Arayışın təqdim edildiyi hər hansı təşkilat onun düzgünlüyünü, bu sənəddə əksini tapan məlumatların doğru olub-olmadığını portaldakı xüsusi e-xidmət vasitəsilə yoxlaya bilir.

Nazirlikdən bildirilir ki, “İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur ki, fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub. İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə  815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”