KÖŞƏ

Taleh Turqut

Sarkisyanı bitirən “uğursuz aprel” məğlubiyyətləri

25 aprel 2018 23:14
3017

Bir neçə ildir ki, Ermənistanın artıq sabiq prezidenti Serj Sarkisyanın ölkəsini uçuruma apardığı barədə yüzlərlə fikir səsləndirilib, yazılar yazılıb, təhlillər verilib.

Ard-arda verilən statistik rəqəmlər də göstərirdi ki, Ermənistanda sosial-iqtisadi vəziyyət gündən-günə ağırlaşır, ölkənin xarici borcu sürətlə artır, yaranmış ağır həyat tərzindən cana doyan vətəndaşlar ölkəni birdəfəlik tərk etməyə məcbur olurlar. Hətta cəmi 11 gün işlədiyi baş nazir postuna seçilərkən Sarkisyan özü də guya narahat olaraq bildirmişdi ki, son 10 ildə 400 min insan Ermənistandan mühacirətə gedib. Baş nazir kimi hakimiyyətini əbədiləşdirməyi planlaşdıran Sarkisyan mövcud problemləri etiraf edərək sadə ermənilərin rəğbətini qazanmaq və guya problemləri həll etmək istəyini ortaya qoyurdu. Lakin bu dəfə məkrli niyyəti baş tutmadı.

Və deyilənlər oldu...

Qarabağ savaşının hərbi cinayətkarları kimi tarixdə qalan Robert Koçaryanla başlayan və Serj Sarkisyanla davam edən hərbi xuntanın iyirmi illik diktaturası nəhayət ki, erməni xalqını ayağa qalxmağa vadar etdi. Hakimiyyətinin möhkəmliyi, xalq tərəfindən dəstəkləndiyi barədə bugünədək söylədiyi nağılların sabun köpüyü olduğu bir daha üzə çıxdı.

Bu ilin aprelində hakimiyyətdən çəkilən Sarkisyanın əslində elə çöküşü də apreldən başlamışdı - 2016-cı ilin aprel məğlubiyyətindən. Hər halda Sarkisyan bundan sonra aprel ayının onun həyatında buraxdığı izləri unutmayacaq...

Sarkisyanın “aprel rüsvayçılıqları”ndan söz düşmüşkən onu da qeyd edək ki, hər iki halın baş verməsində Azərbaycanın apardığı siaysətin birbaşa və dolayısı ilə təsirinin olduğu danılmazdır. 2016-cı ilin “Aprel müharibəsi”ndə Azərbaycan Ordusunun sarsıdıcı zərbələri qarşısında təkcə zəif erməni əsgəri deyil, xalqı və hətta özünü də “məğlubedilməzliyinə”, “gücünə” inandıran Sarkisyanı sözün həqiqi mənasında şoka saldı. Ermənistan ordusunun gücü barədə deyilənlərin nağıl olduğu üzə çıxdı. Bununla da erməni xalqının Sarkisyana olan az-çox etimadı böyük zərbə aldı.

Və çöküş başladı...

2018-ci ilin aprelində baş verən məğlubiyyətin isə kökləri daha dərindir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizi Cənubi Qafqazda lider dövlətə çevirib. Məlumdur ki, regionda həyata keçirilən bütün iqtisadi layihələr ya Azərbaycanla birgə, ya da Azərbaycanın razılığı ilə baş tutur. Azərbaycan tərəfi isə işğalçı Ermənistanın bu layihələrdə iştirakına təbii olaraq razı ola bilməzdi. Beləliklə də Ermənistanın təcrid olunması siyasəti öz nəticələrini göstərdi və iqtisadi böhran erməni xalqını ayağa qalxmağa sövq etdi.

Qeyd edək ki, hazırda Ermənistanda olduqca ciddi xaos hökm sürür. Sarkisyan istefa versə də partiyasını hakimiyyətdə saxlamağa və “kölgə iqtidarını” təmin etməyə çalışır. Lakin artıq bu planın da baş tutmayacağı indidən bəllidir. Sarkisyan rejimini az qala təkbaşına devirən deputat Nikol Paşinyan xalqı kütləvi itaətsizliyiə çağırıb və buna demək olar ki, nail olub.