KÖŞƏ

Taleh Turqut

Antimüharibə çağırışları Sarkisyanın sonunu yaxınlaşdırır

31 mart 2017 22:52
1183

Ermənistanda onsuz da gərgin olan ictimai-siyasi vəziyyət aprelin 2-də keçiriləcək seçkilərlə bağlı daha da kəskinləşib. Son dövrlərdə əhali arasında etibarını itirən Sarkisyan hökuməti elə ötən ilin 2 aprelində başlayan hərbi əməliyyatlardakı rüsvayçı məğlubiyyətdən sonra nüfuzunu tamamilə itirib. Görünən odur ki, hərbi məğlubiyyətin “ildönümü”ndə Serj Sarkisyanı indi də siyasi məğlubiyyət gözləyir...

Ekspertlər hesab edirlər ki, seçkilərin nəticələri saxtalaşdırılmasa Sarkisyanın hərbi xuntasının məğlubiyyəti qaçılmazdır. Bunu Ermənistan mətbuatının və siyasi həyatının müşahidəsi də sübut edir.

Ölkədə nəşr olunan “Qraparak” qəzeti son nömrələrinin birində yazır ki, S. Sarkisyan artıq öz ətrafına inamını itirib. Qəzet bunu Sarkisyanın seçki kampaniyasındakı həyəcanlı və tərəddüdlü hərəkətləri ilə əsaslandırır: “Əvvəlki seçkilər zamanı o, yalnız axşamlar öz qərargahını bir neçə dəqiqəlik ziyarət edirdi, amma indi Sarkisyan özü hər yerə gedir. Bu dəfə Sarkisyanın özü istəyir ki, seçkilər çox yaxşı keçsin”. Yerli ekspertlər hesab edirlər ki, bu, bir tərəfdən seçkidən dərhal sonra Avropa Birliyinin xətti ilə Ermənistana böyük məbləğdə pul vəsaitinin daxil olması ilə bağlıdır. Belə ki, Sarkisyan seçkilərdə mütləq üstünlüyünü nümayiş etdirərək həmin vəsaitin daxil olmasına təminat yaratmağa çalışır.

Digər tərəfdən isə sosial gərginlik məngənəsində sıxılan əhalinin bu gərginliyin səbəbi kimi Dağlıq Qarabağ münaqişəsini görməsidir. İndi Ermənistan əhalisi içərisində antimüharibə əhval-ruhiyyəsi sürətlə yayılmaqdadır. Ermənilərin böyük əksəriyyəti, xüsusilə Ermənistanın yerli siyasi qüvvələri ölkənin bütün bəlalarının kökündə yersiz işğalçı siyasətin dayandığını açıq bəyan etməyə başlayıblar. Onlar hesab edirlər ki, “Qarabağ klanı” bu münaqişədən öz hakimiyyətini qorumaq və korrupsiya hesabına varlanmaq niyyəti ilə istifadə edir.

Seçkidə iştirak edən müxalif mövqeli “Çıxış” blokunun liderlərindən biri Nikol Paşinyan Sarkisyanın özünü “Ermənistanın milli təhlükəsizliyinə ən böyük təhdid” adlandırıb. Onun sözlərinə görə, hökumətin münaqişəni hərbi yolla uğurla həll etməsini gözləmək xəyaldır: “Serj Sarkisyan Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb və xalq onun təhlükəsizlik sahəsində xidmətlərindən imtina etməlidir”.

“Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır”. Bunu isə Erməni Milli Konqresinin (EMK) lideri, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan telekanallardan birinə müsahibəsində deyib.

Ter-Petrosyan xatırladıb ki, biz bunu könüllü etməsək, onda həmin ərazilər sanksiyalarla alınacaq.

Qeyd edək ki, onun bu fikirləri rəhbərlik etdiyi seçki blokunun əsas təbliğat ruporlarındadır. Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyasının (EXP) birgə yaratdıqları seçki bloku seçicilərlə görüşlərdə sülhün tərəfdarı kimi çıxış edirlər. EMK liderlərindən olan Levon Zurabyan seçicilər qarşısında çıxış edərkən bildirib ki, Dağlıq Qarabağ probleminin nizamlanması ölkənin inkişafı üçün açar rolunu oynayır. O, münaqişənin yalnız güzəşt yolu ilə həllini mümkün hesab edir.

EXP-nin sədri Stepan Dəmirçiyan Sarkisyan iqtidarını Dağlıq Qarabağ münaqişəsindən hakimiyyəti əlində saxlamaq üçün istifadə etdiyini bildirib: “Sabit inkişafı təmin emək istəyiriksə qonşularla aramızı düzəltməliyik”.

Siyasi şərhçilər hesab edirlər ki, Ermənistanda hökm sürən səfalət xalqın antimüharibə qüvvələrə doğru meyillənməsini sürətləndirir və Sarkisyan klanının sonunu yaxınlaşdırır.