KÖŞƏ

Taleh Turqut

İkili standartların Ermənistan variantı

11 aprel 2017 14:22
1213

Yaxud beynəlxalq qurumlar bu qədər saxtakarlıqlara niyə göz yumdular?

Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri hələ də müzakirə olunmaqdadır. Total saxtakarlıqla müşayiət edilən seçkilərin nəticələrindən narazı qalan bir sıra müxalifyönlü qüvvələr ölkənin Konstitusiya Məhkəməsinə müraciət ediblər. Lakin onlar bu orqanın da ədalətli qərar çıxaracağına şübhə ilə yanaşırlar. Seçki prosesi boyunca və səsvermə günü kütləvi qanun pozuntusuna yol verən Sarkisyan iqtidarı və onun rəhbəri olduğu Respublikaçılar Partiyası isə artıq özünü qalib hesab edir. Digər tərəfdən, beynəlxalq qurumların da susqunluğu onlara bu cəsarəti verir...

Ermənistanda seçki prosesində açıq-aşkar müşahidə edilən qanunsuzluqlara rəğmən bir sıra böyük dövlətlərin, beynəlxalq təşkilatların və QHT-lərin susqunluğu, yaxud ən yaxşı halda ikibaşlı münasibətləri diqqət çəkir.

Qeyd edək ki, seçki günü səhər-səhər “Azadlıq” radiosunun Ermənistan müxbiri Sisak Qabriyelyana hücum olunub. Bir qrup şəxs jurnalistə hücum edərək onu döyüb və telefonunu əlindən alıblar. S.Qabriyelyanın döyülməsinə səbəb onun Respublikaçılar Partiyasından deputat Hakop Beqlaryanın qərargahında seçicilərə pul paylandığını müşahidə etməsi olub. Maraqlı burasıdır ki, heç bir beynəlxalq media qurumu hadisəyə doğru-dürüst münasibət bildirməyib və jurnalistin “qanı batıb”...

Sarkisyan hakimiyyətinə yaxınlığı və yaxud müəyyən qədər loyallığı ilə seçilən yerli qurumların hesabatlarında seçki günü 1500-dən artıq belə faktın baş verdiyi vurğulanıb. Müxalifət partiyalarının böyük əksəriyyətinin müşahidəçiləri isə, ümumiyyətlə, seçki məntəqələrinə buraxılmayıblar. Bir çox seçki məntəqələrində yerli icra orqanlarının kobud müdaxilələri, seçicilərin səslərinin pulla alınması halları və digər zorakılıqlar demək olar ki, hər kəsin gözü önündə baş verib. Sarkisyan iqtidarının bu qədər arxayın davranmasının sirri də seçkilərdən sonra beynəlxalq dairələrin bəyanatlarından bəlli olur. Artıq belə məlum olur ki, Sarkisyan bütün hallarda onun qanunsuz əməllərinə göz yumulacağından arxayın imiş...

Bunu seçkidən bir müddət sonra verilən beynəlxalq reaksiyalardan aydın müşahidə etmək mümkündür. ATƏT-in müşahidə missiyasının hesabatından sonra qurumun verdiyi açıqlamanın məzmunu beynəlxalq təşkilatların Ermənistandakı saxtakarlıqlara laqeydliyini və lazım gələndə ikili münasibət sərgilədiyini bir daha nümayiş etdirir. ATƏT-in sözügedən bəyanatında deyilir: “2 aprel seçkiləri yaxşı təşkil olunmuş və təməl hüquqlar ümumilikdə təmin edilmişdi. Hüquqi bazanın təkmilləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə baxmayaraq səslərin satın alınması, vətəndaş cəmiyyəti nümayəndələrinə və özəl qurumların təmsilçilərinə təzyiqlərin olması seçkilərin üzərinə kölgə saldı. Bu hal isə ümumilikdə seçkilərə inam və etimadın yoxluğuna dəlalət edir. Səsvermə günü ümumilikdə sakit və dinc keçsə də, təşkilati problemlər və bir çox hallarda partiya təmsilçilərinin kobud müdaxilələri ilə müşayiət olundu”.

Qeyd olunan ciddi pozuntulara baxmayaraq qurum seçkiləri ümumilikdə qənaətbəxş hesab edib. Prosesə ABŞ-ın, Rusiyanın və Avropa Birliyi dövlətlərinin də münasibəti demək olar ki, oxşar olub. Maraqlıdır ki, hər zaman Azərbaycanda baş verən proseslərə az qala zərgər zərrəbini ilə nəzər salan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları da səslərini çıxarmadılar. Xüsusilə “Transparency International”, “Human Rights Watch”, “Amnesty International” və digər bu kimi beynəlxalq QHT-lərin biri də Ermənistanda insan haqlarının və söz azadlığının bu qədər kobud pozulmasına reaksiya vermədilər.

Görünən odur ki, müəyyən beynəlxalq qüvvələrin əlində alət olan yuxarıda qeyd edilən təşkilatlar onları idarə edənlərə lazım olanda susmaq, lazım olanda isə qarayaxmalarla məşğul olmaq üçün lazımdır. Burada isə insan haqlarından əvvəl qərəzli və ikili standartlara söykənən siyasi maraqlar öndə gəlir...