18 yanvar 2018 21:56
1573

Ordu sıralarından tərxis olunan tərtərli gənclərlə görüş

Tərtər rayon Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidməti başa vuraraq ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclər əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyub, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi İslam Məmmədov, Qarabağ müharibəsi əlili, Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri Pənah Məmmədov və başqaları çıxış edərək, gəncləri hərbi xidməti müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, ölkəmizdə səfərbərliyin uğurla həyata keçirilməsindən, ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.

Bildirilib ki, Tərtər rayonunda Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinə daim yüksək qayğı göstərilir, onların problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Tərtər şəhərinin küçələrinə Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilib, həmin küçələrdə abadlıq işləri aparılaraq, şəhidlərin barelyefləri qoyulub.

Sonra xidmətdə fərqlənən bir qrup gəncə hədiyyələr təqdim edilib.