17 noyabr 2017 22:52
1218

Yenilənmiş “Google Maps” xəritəsindən istifadə asanlaşacaq

“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə xəritə mobil proqramlar, veb-versiya, axtarış, “Google Earth” xidməti və “Android Auto” avtomobil informasiya sistemlərində fərqli şəkildə görünəcək.

AZƏRTAC “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, yeni xəritədə obyektlər haqda informasiya istifadə rejimindən (axtarış, avtomobil naviqasiyası və ya ictimai nəqliyyatda gediş) asılı olaraq göstəriləcək. Birinci rejimdə restoran, mağaza və müəssisə, ikinci rejimdə yanacaqdoldurma və avtodayanacaqlar, üçüncü rejimdə isə avtobus dayanacaqları və metro stansiyaları ön planda veriləcək. Bu yanaşma xəritənin həddən artıq yüklənməsinin qarşısını alacaq.

Yeni rəng sxemi, həmçinin eyni məqsədə xidmət edir: müxtəlif obyekt növləri müxtəlif rəngli nişanlarla işarələnir, nişanlar isə daha informativ olub. İndi “Google Mars” xəritəsində restoran və kafelər narıncı, mağazalar mavi, aptek və klinikalar çəhrayı, əyləncə obyektləri və görməli yerlər dəniz dalğası, banklar və xidmət müəssisələri bənövşəyi, dövlət idarələri və kilsələr boz, park və bağçalar yaşıl, ictimai nəqliyyat isə açıq-mavi rənglə işarələnir.