14 dekabr 2018 22:00
2250

Ağdaşın daha bir kəndinə təbii qaz verilib

Ağdaş rayonunun Aşağı Nemətabad kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin olunması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilməkdədir. Bu məqsədlə dekabrın 14-də Ağdaş rayonunun Aşağı Nemətabad kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 144 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün “birpilləli” sistem əsasında ümumi uzunluğu 19 min 721 metr müxtəlif diametrli metal, polietilen borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Hazırda rayonun Orta Ləki kəndinin qaz təsərrüfatının yenidən qurulması istiqamətində işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.

Sakinlər kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.