20 yanvar 2018 19:38
2016

DSX-da 20 Yanvar faciəsi anılıb

Dövlət Sərhəd Xidməti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Xidmətin Aparatında, Sahil Mühafizəsində, DSX Akademiyasında və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə çıxış edənlər xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi tarixə daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər. Natiqlər SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirdiyini qeyd ediblər. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.

Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.