13 yanvar 2018 20:00
801

287 min 790 sərnişin daşınıb

Naxçıvan Beynəlxalq Hava Limanında ötən il yerli hava xətləri ilə 287 min 790 sərnişin, 4 milyon 818 min 480 kiloqram baqaj və 35 min 310 kiloqram poçt daşınıb.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Naxçıvan Beynəlxalq Hava Limanında ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilib.

İclasda çıxış edən Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli bildirib ki, beynəlxalq daşımalarda Naxçıvan-İstanbul istiqamətində 3 min 852 nəfər sərnişin və 54 min 570 kiloqram baqaj, Naxçıvan-Moskva istiqamətində isə 4 min 240 nəfər sərnişin və 57 min 870 kiloqram baqaj daşınıb.

Hava limanında həyata keçirilən sərnişin və yükdaşıma xidmətləri zamanı aviasiya təhlükəsizliyi, beynəlxalq standartlar və tövsiyə olunan tələblər əsas iş meyarı kimi diqqətdə saxlanılıb. “Sərnişinlərə və hava gəmilərinə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə 2017-ci ildə də ən yeni texnoloji avadanlıqların alınıb gətirilməsi, hava limanının müxtəlif kateqoriyadan olan əməkdaşlarının Milli Aviasiya Akademiyasının Pilotların Hazırlıq Mərkəzində ilkin və ixtisasartırma kurslarına göndərilməsi davam etdirilib” – deyən Mənşur Gülməmmədli ötən il aviasiya təhlükəsizliyi, sərnişin və yüklərin nəzarət yoxlamalarının yerinə yetirilməsi üçün aerovağzal kompleksində 2 ədəd yüksəkkeyfiyyətli nəzarət-yoxlama avadanlığının quraşdırıldığını, şəxsi heyətin etibarlı radiorabitə əlaqəsinin təmin olunması məqsədilə müasir radiostansiyaların alınıb gətirildiyini vurğulayıb.

Qış mövsümünə hazırlıqla bağlı görülən işlərə də toxunan Mənşur Gülməmmədli bildirib ki, uçuşların aerodrom təminatı sahəsində elektrik şəbəkəsi və qazanxana kompleksinin hazır vəziyyətə gətirilməsi, yanacaq ehtiyatının yaradılması, hava gəmilərinin buzlaşmaya qarşı emal olunması üçün xüsusi mayelərin toplanması, istifadə olunan cihazların sazlığı üçün ehtiyat hissələrin vaxtında alınıb gətirilməsi, xüsusi mayelərin laboratoriya müayinəsi məqsədilə elektron cihazlarla təminat və digər zəruri tədbirlər diqqətdə saxlanılıb. Ötən il yük terminalında müasir videomüşahidə və yanğın əleyhinə siqnalizasiya sistemlərinin quraşdırılması işləri davam etdirilib.

Çıxışda o da vurğulanıb ki, Naxçıvan Beynəlxalq Hava Limanında xüsusi və təhlükəli yüklərin daşınmasına diqqət daha da artırılıb, hərəkət məhdudiyyətli və köməyə ehtiyacı olan sərnişinlərin yolasalma və qarşılanmalarına xüsusi diqqət yetirilib.

Sonra görülmüş işlərlə bağlı hava limanının xidmət rəislərinin hesabatları dinlənilib.