11 iyul 2018 14:23
2048

27 ilin işığında sabaha inamla addımlayırıq

“İki sahil” qəzetinin qət etdiyi 27 illik yol ona çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yer, geniş oxucu auditoriyası və məhəbbəti qazandırıb

Günlərin, ayların cilalanmasından yaranan illərin  həyat və fəaliyyətimizdə oynadığı rolun çox zaman  fərqində olmasaq da, bəzən  geriyə baxmaq, illərin fonunda bir ümumiləşdirmə aparmaq zərurətə çevrilir, yaranan “İllər fəaliyyətimizə  hansı möhürü vurub” sualını cavablandırmaq məcburiyyətində oluruq. O illər ki, bir hesabat, bu günümüzdən sabahımıza baxışdır. 

Bu gün adı çəkiləndə  çoxsaylı mətbu orqanlar arasında öz dəst-xətti ilə seçilməsindən qürur duyduğumuz  “İki sahil” qəzeti 27 illik   yolu qət etmiş, hər  dövrün tələblərinə uyğun  təkmilləşmiş,  tutduğu yola, əqidəyə sadiq olmuş, dövlətçiliyimizin inkişafına davamlı töhfələr vermişdir.  “Vahid Azərbaycan uğrunda” amalı ilə yola çıxan  “İki sahil” məhz milli mətbuat tariximizdə varlığına möhür vuran qəzetlərdən olduğunu tarixi missiyasını uğurla yerinə yetirməsi ilə təsdiqləmişdir. Ölkəmizdə ictimai-siyasi hadisələrin gərgin olduğu illərdə nəşrə başlayan “İki sahil” ən çətin məqamlarda belə  öz prinsiplərinə sadiq qalmış, ümumxalq mənafeyindən çıxış edərək sağlam fikirli,  vətənpərvər  insanların daim müraciət etdiyi mətbuat orqanı kimi nüfuz qazanmışdır.

26 ildən artıq müstəqillik tarixinə malik olan   Azərbaycanın keçdiyi yolun bələdçisi kimi  “İki sahil”də dərc olunan  yazıların əsas, ana xəttini  məhz dünənimizin, bu günümüzün və sabahımızın əsası kimi dəyərləndirilən   Heydər Əliyev ideyalarına sədaqət təşkil edir. Fəaliyyəti dövründə ictimai fikrin formalaşmasında əhəmiyyətli rolu və xidmətləri olan qəzet hadisələrə obyektiv yanaşma tərzi ilə seçildiyi kimi, peşəkar jurnalist ənənələrinin qorunmasına, formalaşmasına, jurnalist etikasının zənginləşməsinə də xüsusi diqqətlə yanaşmışdır. Yarandığı gündən böyük  dövlətçilik təcrübəsinə malik müdrik siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin  qurucusu, ulu öndər Heydər Əliyev ideyalarının yorulmaz təbliğatçısı kimi çıxış edən “İki sahil”  xalqın əsrlər boyu formalaşdırdığı, qoruyub saxladığı milli mənəvi dəyərlərin qorunmasında da qətiyyət göstərmişdir. Qəzet  ümummilli lider Heydər Əliyevin dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi çağırışını  biri-birindən önəmli məqalələri ilə  oxuculara çatdırmışdır.

Azərbaycanın üzləşdiyi çətin məqamlarda Naxçıvan Muxtar Respublikasının  Ali Məclisinin Sədri vəzifəsində işləyən ulu öndər  Heydər Əliyevlə bağlı yazıların “İki sahil”də dərc olunması o dövrdə iqtidarda olanların xoşuna gəlməsə də, qətiyyət və cəsarət göstərən qəzetin kollektivi heç nədən çəkinməyərək Vətənə sədaqətini yazıları ilə bildirmişdir. Tutduğu yola  sadiq olan  “İki sahil”in kollektivinin əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 1994-cü il  noyabrın 19-da  Yeni Azərbaycan Partiyasının  yaradılmasının ikinci ildönümü münasibətilə  keçirilən  ümumrespublika  müşavirəsində bildirmişdir: “O vaxt “İki sahil” qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi. Lakin “İki sahil” çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir. İndi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”

Təbii ki, bu dəyər qəzetin kollektivinin hər bir üzvündə  böyük məsuliyyət hissi yaradaraq,  daha səylə  çalışmasına  stimul olmuşdur. Bu qiymətləndirmənin qarşısında əqidəmizə sadiqliyimizi ortaya qoymaqla yanaşı, bu  sözü də vermişdik ki,  dövlətimizin başçısını, xalqımızı tam əmin edirik ki,   bütün gücümüzü  dövlətçiliyin və müstəqilliyin  möhkəmləndirilməsinə sərf edəcəyik. Ümummilli Liderin “İki sahil”in fəaliyyətinə verdiyi həmin qiymətdən  bizləri 24 illik zaman ayırır. O vaxtdan  verdiyimiz sözə necə əməl etmişik, bunu oxucularımızın  ixtiyarına veririk.

Ümummilli lider Heydər Əliyev  yuxarıda  qeyd etdiyimiz çıxışında “Səs”, “İki sahil” və “Yeni Azərbaycan” qəzetlərinin fəaliyyətini yüksək dəyərləndirərkən  bu inamı da ifadə etmişdir ki,  daha güclü təbliğat orqanlarına çevrilə, öz ətraflarında  daha güclü  müxbirlər toplaya, daha güclü məqalələr dərc edə bilərlər. 27 illik zaman bu inamı da hansı səviyyədə doğrultduğumuza işıq salır.  

Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra keçdiyi yol “İki sahil” qəzetinin səhifələrində əsaslı şəkildə işıqlandırıldı.  1994-95-ci illərdə xarici ölkələrin və daxildəki antimilli qüvvələrin birgə xəyanəti ilə dövlətçiliyimizə qarşı törədilən qəsdlər zamanı da qəzetin kollektivi öz sözünü dedi, paytaxtın Azadlıq meydanına toplaşan və ümummilli lider Heydər Əliyevin müdafiəsinə qalxan bir milyondan artıq ölkə vətəndaşı ilə birgə haqqın, ədalətin, ən başlıcası isə müstəqilliyimizin qarantı olan Ulu Öndərin ideyalarına qarşı yönələn qüvvələrə barışmaz mövqeyini yazıları ilə bildirdi. Dövlətə, xalqa bağlılığını   tutduğu yola sadiqliyi ilə təsdiqləyən “İki sahil” gündən-günə  oxucu auditoriyasını genişləndirdi, Azərbaycanın dünənini, bu gününü və gələcəyini düşünən, imzasının imzaların içərisində olmasını istəyənlərin tribunasına çevrildi. 

Bu reallığı da xüsusi qeyd etməliyik ki,  “İki sahil” qəzeti xalqın böyük əksəriyyətinin  istəyinin ifadəsi olan 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü  gözləyir” müraciətini və ulu öndər Heydər Əliyevin bu müraciətə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabını  dərc edən ilk mətbu orqanlardandır.  Dövlətə və dövlətçiliyə xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən “İki sahil”in səhifələrində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi ilk gündən bu günədək atdığı hər addım,  rayon və şəhər təşkilatlarının fəaliyyəti, gördüyü işlər ictimaiyyətə çatdırılır,  ölkədə keçirilən hər bir seçki prosesində  qəzet partiyanın  hazırlıq işlərini,   apardığı təbliğat-təşviqat  kampaniyasını geniş şəkildə işıqlandırır. 1992-ci ilin noyabrın 21-də təsis konfransını 550  nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi  məhz Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.  Ölkədə keçirilən hər bir seçki prosesindən partiyanın qələbə ilə çıxması   Heydər Əliyev yolunun uğurlarına verilən dəyərdir. Qəzetimiz hər bir seçki prosesinə günün tələbinə uyğun şüarla qatılan Yeni Azərbaycan Partiyasının namizədinin, ölkə Prezidentinin gördüyü işləri geniş təbliğ edərək, xalq-iqtidar birliyinin göstəricisi kimi dəyərləndirilən seçkilərdə qələbəni böyük sevinc hissi ilə işıqlandırır. Ən əsası qəzetimizin səhifələrində   Prezident İlham Əliyevin cağırışına uyğun olaraq tarixi paralellər fonunda Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrləri geniş təhlil olunur, yeni-yeni hədəflərə yol  açan uğurlarımız diqqətə çatdırılır. Məhz Heydər Əliyev yolunun uğurlarına söykənərək Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoymuşuq.

27 illik  enişli-yoxuşlu, şərəfli və məsuliyyətli  yolun “məhsullarını”   bir yazı çərçivəsində şərh etmək qeyri-mümkündür. Əsas budur ki, tutduğun yola sadiq olasan, dövlətə, dövlətçiliyə xidməti əsas amal qəbul edib, bu yolda inamla irəliləməyi bacarasan. “İki sahil”  bu uğura atdığı  imza ilə qürur duyur.  Çoxsaylı mətbu orqanlar arasında özünəməxsus yer tutmaq böyük uğurdur və təbii ki, qürurverici amildir. Qəzetimiz dövlətimizin azad, müstəqil mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıdan heç zaman kənarda qalmamış, bu qayğını fəaliyyəti ilə  dəyərləndirmişdir. Bu fəaliyyətin əsas prinsipi mətbuatın prinsipləridir- Qərəzsizlik, obyektivlik, vətənpərvərlik. Bu vəhdət fonunda  ədalət meyarını qorumaq, dövlətə və dövlətçiliyə xidməti  təsdiqləyən materialları  ortaya qoymaq  mümkündür. 

Qeyd etdiyimiz kimi,  hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın uğurları qəzetimizin səhifələrində parlayır. Son 15 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində  dünyaya səs salan uğurlarımızın miqyası gündən-günə genişlənir.  Hər bir inkişafın əsasında dayanan iqtisadi tərəqqiyə yol açan  təbii resurslarımızdan  səmərəli istifadənin əsası kimi dəyərləndirilən, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası göz önündədir. Ümummilli lider Heydər Əliyev  düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasını şərtləndirdi. Son 15 ildə  Azərbaycan bu siyasətin davamı nəticəsində inkişaf modeli ilə dünyanın diqqətində dayandı. İnkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləyən dünya dövlətlərinin etiraflarında bu fikir yer alır ki,  ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur.  Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

“İki sahil” qəzeti SOCAR-ın təsisçiliyi ilə fəaliyyət göstərən mətbuat orqanı olaraq daim səhifələrində ölkənin dinamik inkişafına stimul verən iqtisadi tərəqqini, bu inkişafı şərtləndirən amilləri ətraflı şəkildə oxucularına çatdırır. Qəzetimizin hər sayı  1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”ndən ötən 23 ildən artıq dövr ərzində enerji sektorunda qazanılan hər bir uğuru, Şirkətin strukturlarının nəticələrini ətraflı şəkildə işıqlandırır. Ölkə iqtisadiyyatına öz töhfələrini verən SOCAR-ın dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq modern, müasir tələblərə cavab verən güclü və  çevik bir quruma  çevrilmək istiqamətində atdığı addımların, şirkətin müxtəlif ölkələrdə  həyata keçirdiyi  investisiya layihələrinin uğurlu nəticələrinin  təbliğatçısına çevrilən “İki sahil” qəzeti daim səhifələrində informasiya bolluğunu artırmağa çalışır. Dövlətimizin başçısı İlham Əliyevin dünyaya açılan pəncərə kimi dəyərləndirdiyi BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca  bu gün  beynəlxalq aləm “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP, TAP kimi qlobal layihələrin  iştirakçı dövlətlərə qazandıracağı dividentlərdən bəhs edir.  23 ildən artıq dövr ərzində ölkəmizin enerji sektorunda qazandığı uğurların miqyası olduqca genişdir. “Əsrin müqaviləsi”nin 20 illiyi ərəfəsində “Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulması və bu ilin mayında rəsmi açılışının olması, cari ildə, eyni zamanda “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, həmçinin  ötən il “Yeni əsrin müqaviləsi”nin imzalanması davamlı, qürurverici uğurlarımız sırasında “İki sahil”in səhifələrində əsaslı şəkildə işıqlandırıldı.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində neftçi əməyinin rolunu yüksək dəyərləndirən  ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “Neftçilər Günü”nün təsis edilməsi, hər il bayram ərəfəsində dövlətimiz tərəfindən  onların əməyinə verilən dəyər qəzetimizin  hazırladığı xüsusi buraxılışlarda  öz əksini tapır. Hər bir xüsusi buraxılış bir ildə enerji sektorunda, neft strategiyasının uğurlu icrasında öz payı olan SOCAR-ın  ayrı-ayrı strukturlarının fəaliyyətinin təbliğində önəmli rol oynayır.

Qəzetimiz həmişə olduğu kimi, bu gün də ölkəmizin tərəqqisinə, dünyada möhkəmlənən mövqeyinə qısqanclıqla yanaşan ermənilərə və  ermənipərəst dairələrə qarşı barışmaz mövqeyi ilə fərqlənir. “İki sahil” Azərbaycana qarşı bir mənbədən idarə olunan qarayaxma kampaniyasına qarşı barışmaz mövqeyini cəsarətlə bildirir. Ümummilli lider Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” sözlərini fəaliyyətinin əsas istiqaməti kimi daim diqqətdə saxlayan “İki sahil” qəzetinin yaradıcı kollektivi Prezident İlham Əliyevin müstəqil mətbuatın inkişafına göstərdiyi diqqət və qayğını gündəlik həyatında hiss edir.

Qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində 27 ildə keçilən yolu geniş şəkildə şərh etmək mümkünsüzdür. Bu amili də xüsusi qeyd etməliyik ki, “İki sahil”, eyni zamanda, bir məktəb rolunu oynayır. Müstəqil Azərbaycanımızın 26 ildən artıq müstəqillik tarixinə  bələdçilik edən “İki sahil” daim təkmilləşməni, yeniləşməni öz fəaliyyətində əsas xətt kimi qəbul edib. Müasirləşmə, yeniləşmə müasir dövrün əsas çağırışı kimi mətbu orqanların da qarşısına yeni-yeni məqsədlər, vəzifələr qoyur. “İki sahil”in günbəgün yeniləşən internet saytı, qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq geniş izləyici kütləsi qazanan “İki sahil” TV məhz bu reallığın təsdiqidir.

Etiraf edək ki, illər biri-birini əvəzlədikdə, keçilən yola, bu yolda zəhməti olanların fəaliyyətinə düzgün dəyər vermək üçün daha geniş imkan yaranır.  Qəzetimizin uğurlarında  payı olan, amma bu gün aramızda olmayan əməkdaşlarımız var ki, onlara  Allahdan rəhmət diləyirik. Zaman məhz bu rolu da  düzgün dəyərləndirməyimizə   əlavə imkanlar yaradır.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, vaxtilə “İki sahil”də çalışan əməkdaşlarımız bu gün ayrı-ayrı dövlət strukturlarının mətbuat xidmətlərinin rəhbəri, həmçinin müxtəlif mətbu orqanların baş redaktorları vəzifəsində işləyirlər.  Bu gün bu məqamı da böyük fəxr hissi ilə qeyd edə bilərik ki, “İki sahil” gənclərə geniş meydan açaraq, öz potensial imkanlarını ortaya qoyub, qələmləri ilə müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə öz töhfələrini vermələrinə şərait yaradır. Təbii ki, bu uğurlu addım qəzet rəhbərliyinin dövlətimizin siyasətinə uyğun olaraq,  gənclərə diqqət və qayğısından qaynaqlanır. “İki sahil” məktəbindən bəhrələnənlərin sayı çox, uğurlarımız davamlı olsun!

Onu da qeyd edək ki, uğurlarımızın davamlılığı  əməkdaşlarımızın əməyinin daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi ilə müşayiət olunub. Bir qrup əməkdaşımız ayrı-ayrı vaxtlarda  fəxri adlar və medallarla təltif olunublar. Dövlətimizin başçısı İlham Əliyevin  jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı  sərəncamlarına uyğun olaraq tikilib istifadəyə verilən  binalarda mənzil alanlar sırasında “İki sahil”in əməkdaşları da vardır. Bütün uğurlar ümumilikdə qəzetimizin fəaliyyətinə verilən dəyərin göstəricisidir.

27 illik tarixi yolun uğurlarına söykənərək,   bu əlamətdar gün münasibətilə Baş redaktor, Əməkdar jurnalist Vüqar Rəhimzadə başda olmaqla  qəzetimizin kollektivini, eyni zamanda bizimlə yol yoldaşı olan çoxsaylı oxucularımızı  təbrik edirik.

Qələminiz iti, sözünüz kəsərli, yaradıcılıq axtarışlarınız davamlı olsun,  əziz “İki sahil”çilər!

Yeganə Əliyeva,

“İki sahil”