12 iyul 2018 15:54
982

Aydın Mirzəzadə: Dövlətçiliyimizə qarşı çıxanlar mütləq layiqli cəzalarını alacaqlar

İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü şəxslər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi kobud şəkildə pozmağa cəhd göstərdi. “İki sahil” internet televiziyasının efirində yayımlanan “Siyasi baxış” verilişinin budəfəki qonağı olan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə mövzu ətrafında suallarımızı cavablandırdı.

-Aydın müəllim, Azərbaycanın ikinci böyük və tarixi şəhəri, Cümhuriyyətin ilk paytaxtı olan Gəncədə baş verənlər cəmiyyətimizdə üzüntü və çaşqınlıq yaratdı. Nə baş verdi?

-Gəncədə olduqca ağır bir hal baş verdi. Bu, azərbaycançılığa xas olmayan bir hadisə idi. İki nəfər yüksək rütbəli polis zabitimiz dağıdıcı insanlar tərəfindən qətlə yetirildi. Polis polkovnikini yetişdirmək üçün azı 20-25 il vaxt lazımdır. Bu, sabahın generalı, Azərbaycanın böyük bir şəhərində əmin-amanlığın qorunub saxlanlamasına cavabdeh olan bir şəxsdir. Belə hiss etmək olar ki, həmin ünvanda aksiyaya gələnlər ilk növbədə qarşılarına təxribat törətmək məqsədi qoymuşdular. Kiminsə  hüquqlarını müdafiə etmək, dini hissləri qorumaq adı altında gələn insanlar özləri ilə bıçaq, lom və s. kimi soyuq silahlar gətirmişdilər. Dinlə soyuq silahın nə kimi əlaqəsi var?! Məgər hansı dini kitabda yazılıb ki, vəzifə başında olan insanı öldürmək lazımdır?! Bu insanlar aksiyaya cəhd etməklə ilk növbədə sabitlliyi pozmaq istəyirdilər. Qonşu regionlarda çox ciddi hadisələr baş verir. Belə bir fonda Azərbaycanda sabitliyin olması, daxili və xarici siyasətini dövlətimizin özü müəyyənləşdirməsi bəzi qüvvələri heç də sakit buraxmır. Onlar hər vəchlə Azərbaycanda bir təxribat törətməyə çalışırlar. Həmçinin  bir müddət əvvəl ölkəmizdə AXC-nin 100 illiyi, Silahlı Qüvvələr Günündə ordumuzun 100 illiyinə həsr edilmiş möhtəşəm paradın keçirilməsi də görünür onları narahat edir. Bu baxımdan Azərbaycan daxilində müəyyən savadsız qüvvələr taparaq aksiya keçirməyə, nəticədə iki nəfər yüksək rütbəli zabitimizin qətlə yetirilməsinə nail oldular.  Bu gün XİN-in verdiyi bəyanatda bir cümlə xüsusilə diqqətimi çəkdi. Bildirildi ki, ölkə daxilində polisə hücum səngərdə əsgərimizə arxadan zərbə, xəyanət deməkdir. Bu hadisələri pisləyirik və səbəblərinin dərindən araşdırılmasının tərəfdarıyıq. Heç bir şübhəm yoxdur ki, həmin səbəbkarlar öz layiqli cəzalarını alacaqlar.

- Sizcə, ayın 10-da baş verən bu iğtişaş bir həftə əvvəl həmin şəhərin icra başçısına qarşı törədilən terror aktının davamı kimi qiymətləndirilə bilərmi?

- Bunlar bir ssenari xəttidir. Görünür fikirləşiblər ki,  Gəncə kimi böyük bir şəhərin rəhbərinə qarşı terror aktının törədilməsindən sonra  Azərbaycan xalqı şokdan tam ayılmamış ikincisini törətmək lazımdır. Məqsəd şok yaratmaq, insanları çaşdırmaq, hüquq mühafizə orqanlarını öz işlərini həyata keçirməkdən çəkindirməkdir. Bu ssenari dünyanın bir sıra ölkələrində həyata keçirilib. Xaricdə keçirilən bu cür siyasətlərin bir hissəsini də Azərbaycanda keçirməyə çalışırlar. Sosial şəbəkələr vasitəsilə yalanlarını yaymağa, özlərinə tərəfdar toplamağa səy göstərirlər. Sosial şəbəkədə iğtişaşlarla bağlı saxta  yollarla hazırlanmış bir neçə süjetə rast gəldim. Sadə bir vətəndaşın dili ilə deyilən, qorxu yaratmağa çalışan videolar paylaşılırdı. Bütün  bunların arxasında xaricdə olan müəyyən qüvvələr durur. Məqsəd isə Azərbaycanı qorxutmaq, azərbaycanlıları öz istəklərinə tabe etdirməkdir. Həmçinin Türkiyədə keçirilən seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın möhtəşəm qələbəsi və ilk səfərini Azərbaycana etməsi, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğunu xarici siyasətinin əsas hissəsi hesab etməsi, əlbəttə ki, xaricdəki dairələrin xoşuna gəlməyə bilər. Onlar yaxşı bilirlər ki, burada “beşinci kolon” yaratmaq, Azərbaycan cəmiyyətini öz çirkin niyyətlərinin iştirakçısına çevirmək, ölkədə xalqla-hakimiyyəti üz-üzə qoymaq mümkün deyil. Azərbaycanda həmişə paqon daşıyan insanlara hörmət olub. Ona görə də çox çirkin bir üsula əl atırlar. İcra hakimiyyəti başçısına qarşı terror aktı törədib, müəyyən müddət keçdikdən sonra iki rütbəli polis zabitimizi qətlə yetirirlər və s. Onlar elə hesab edirlər ki, bundan sonra üçüncünü, dördüncünü edə biləcəklər. Yanılırlar, edə bilməyəcəklər. Azərbaycan oturuşmuş, öz hüquqlarını bilən, müdafiə etməyi bacaran, gələcək planlarını quran və həyata keçirən bir dövlətdir. Yəni Azərbaycanı qorxutmaq, burada çaşqınlıq yaratmaq mümkün olmayacaq. İlk növbədə ona görə ki, Azərbaycan vətəndaşı müstəqilliyin dadını bilir. Azərbaycan vətəndaşı müstəqilliyi qorumağa hazırdır. O iki nəfər polis zabitimiz müstəqilliyimiz üçün canlarını qurban verdilər. Onlar bilirdilər kimin üstünə gedirlər. Qorxmadılar, cəsarətlə getdilər. Bu onu göstərir ki, Azərbaycan polisi öz vəzifəsini şərəflə yerinə yetirir. Azərbaycanda heç zaman kənar müdaxilələrlə qarışıqlıq salmaq mümkün olmayacaq. Azərbaycan inkişaf edir. İqtisadiyyatında, sosial məsələlərin həllində ciddi şəkildə fəaliyyət göstərir. Düzdür, müəyyən səhvlərimiz, müəyyən sahədə boşluqlarımız da var. Amma iş gedir deyə onlar var və biz bunu görürük. Azərbaycan hansısa bir şirkətdən asılı olan dövlət deyil. Biz iki yüz illik fasilədən sonra qazandığımız müstəqilliyimizi həyatımız bahasına qoruyacağıq. Bu dövləti bizə ulu öndər Heydər Əliyev, on minlərlə cəbhədə həlak olan şəhidlərimiz əmanət verib. Onu qorumaq, ayaqda saxlamaq bizim borcumuzdur və biz bunu edəcəyik.

- Aydın müəllim, din pərdəsi altında müxtəlif ölkələrdə həyata keçirilən aksiyaların, iğtişaşların sonu bəllidir. Lakin bu dəfə sanki iğtişaşçılar məkanı səhv salıblar. Onlar bilməli idilər ki, bura Suriya, Əfqanıstan deyil...

-Mən sizinlə tamamilə razıyam. Cənab Prezidentimizin möhtəşəm hərbi paradda çıxışındakı mesajını xaricdəki bəzi dairələr aldılar. Onlar başa  düşdülər ki, ölkəni qorumaq əzmi də, gücü də var. Doğrudan da Azərbaycan daxilində  sabitlik var. Hər bir vətəndaş müstəqilliyin qorunmasında maraqlıdır. Bu gün seçkilərdə 86 faiz səs toplamış dövlət başçımız dövləti idarə edir və qarşıda böyük planlar var. Azərbaycanda dinə kifayət qədər hörmətlə yanaşılır. Ölkəmizdə nəinki İslamın, müxtəlif dinlərin adət-ənənələrinə hörmət edilir, məscidlər, kilsələr tikilir, təmir edilir. Bu gün Azərbaycanda iki dini ali məktəb var. Dövlət və din arasında çox sıx əməkdaşlıq mövcuddur. Məqsədimiz müstəqilliyimiz, insanlarımızın firavan, problemsiz yaşamasıdır. Dini mövzunu Azərbaycanda süni surətdə işə salmağa çalışırlar. Məgər Gəncə Şəhər İcra Hakimiyyəti başçısına qarşı terror hadisəsi törətməyin dinlə nə əlaqəsi var?! Din müqəddəs bir anlayışdır. Onu siyasi, çirkin məqsədlər üçün istifadə etmək olmaz. Gəncədə baş verən iğtişaşlar haqqında qısa videoların birində belə bir şeyə rast gəldim. Orada olan insanların bir qismi təcili oradan uzaqlaşmağa çalışırdılar. Çünki onlar nəzərdə tutduqlarını yox, cinayətin baş verdiyini gördülər. Məgər din adı altında nümayişə gələn insanlar dövlətin nümayəndəsini qətlə yetirməlidirlər?! Yerə yıxılan insana təpik vurmaq olarmı?! Yəni bütün bunlar müəyyən savadsız insanlar vasitəsilə cəmiyyətdə qorxu və inamsızlıq yaratmağa hesablanmışdı. Bunda səhv edirlər. Çünki bütün Azərbaycan ictimaiyyəti birmənalı şəkildə bu vəziyyəti pislədi. Azərbaycan ictimaiyyəti öz dininə hörmətlə yanaşdı və Azərbaycan dövlətinin yanında oldu. Azərbaycanda çaxnaşma salmaq istəyən, dövlətçiliyi laxlatmaq istəyən insanların hər biri təqsirinə görə cavab verəcək.

- Aksiyada iştirak edənlərin əksəriyyəti gənclər idilər. Özünüz də qeyd etdiniz ki, cinayət əməlini görəndən sonra geri çəkilənlər, bəlkə də peşman olanlar oldu. Sonradan peşman olmamaq üçün gənclər əsasən nəyə ciddi fikir verməlidirlər?

- Məsələn, videoların birində çiynində çantası olan bir gənc polisin yerə yıxıldığını görəndən sonra oradan qaçır. Çünki düşündüyünün əksini, hardasa səhv etdiyini gördü. Gənclərimizə onu demək istəyirəm ki, müstəqilliyimizə çirkin əllərin uzanmasına imkan verməyin. Ölkəmizdə sabitliyi qoruyun. Sabah o zabitlərimizin yerində sizlər ola bilərsiniz. Ona görə də bu gün hamımız bir nəfər kimi sabitliyimizin, müstəqilliyimizin, azərbaycançılığımızın keşiyində dayanmalıyıq.

Şəfiqə Dadaşova,

“İki sahil”