12 iyul 2018 21:29
1086

Fazil Mustafa: Bu, Konstitusiya quruluşunu dəyişməyə yönəlik fəaliyyətdir

İyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü şəxslərin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi kobud şəkildə pozmağa cəhd göstərdi. Məsələ ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, sözügedən hadisə birbaşa Konstitusiya quruluşunu dəyişməyə yönəlik addımdır: “ Sırf belə olmasa da dini zəmində haradasa münaqişənin yaradılmasını gözləyirdim. Bununla bağlı dəfələrlə sosial şəbəkələrdə yazılarla oxuculara xəbərdarlıq edirdik. Çünki bu gün Azərbaycan üçün yeganə təhlükə bu səbəbdən ola bilərdi. Açıq-aydın görünür ki, sözügedən iğtişaşların Gəncə əhalisinə heç bir aidiyyəti yoxdur. Çünki Gəncə əhalisi Xalq Cümhuriyyətini qurmuş insanların varisləridir. Onlar bəlkə də dövlətin qorunmasında Azərbaycan cəmiyyətinin digər təbəqələrindən daha  həssas insanlardır.  Amma bu cəmiyyətin içərisinə də İslam dininin təbliğatçıları, onun pərəstişkarları adı altında müəyyən mövhumat elementlərinin daşıyıcısı olan, tamamilə başqa ideologiyanı mənimsəmiş insanların yerləşdirilməsini təmin ediblər. Bir qrup insanlar var ki, xaricdə hazırlanmış, zombiləşmiş dəstələr olaraq bu cəmiyyətin içərisində yerləşdirilib. Din adı ilə zorakılığı, dinə zidd olan əməlləri təbliğ etməklə məşğuldurlar. Bu, birbaşa dövlətə qarşı iğtişaş, Konstitusiya quruluşunu dəyişməyə yönəlik fəaliyyətdir. Buna da birmənalı şəkildə sərt, hüquqi qiymət verilməlidir”.

Deputat diqqətə çatdırdı ki, bu cür məsələlərdə cəmiyyətin bütün təbəqələri aktiv olmalıdırlar: “Bu işi yalnız Azərbaycan polisinin üzərinə yükləmək olmaz. Azərbaycan polisini mütləq ölkə ictimaiyyətinin bütün təbəqələri dəstəkləməlidir. Siyasi partiyaların bu sahədə fəaliyyəti genişləndirilməli, QHT-lərin ixtisaslaşmış fəaliyyəti önə çəkilməlidir.  Bütün media və dini quruluşların da maarifçilik istiqamətində fəaliyyəti gücləndirilməlidir. Buraxılmış boşluqları ortadan qaldırmalıyıq. Çünki bu təhlükənin real zəmini var. Bu, birinci növbədə təhsilin səviyyəsinin də aşağı düşməsi ilə bağlı məsələdir. Təhsilsiz insanlar ya çayxanaya, ya qumarxanaya, ya da müəyyən mənada dinxanaya üz tutacaqlar. Çünki bu, gerçək dinlə əlaqəsi ola biləcək fəaliyyət, ibadət, inanc sahəsi deyil. İslam dinində zorakılıq, başqasının haqqını almaq, günahsız yerə kimisə qətlə yetirmək yoxdur. Azərbaycan polisini qətlə yetirən qüvvə bu millətin düşmənidir. Ona görə də biz bu məsələdə prinsipial mövqe nümayiş etdirərək həm polisimizin dəstəklənməsi işini həyata keçirməliyik, həm də özümüz bu fanatizmə, xurafata qarşı kəskin mübarizə aparmalıyıq”.

Şəfiqə Dadaşova,

“İki sahil”