12 iyul 2018 21:33
1140

Hadi Rəcəbli: Antimilli təbliğat aparan internet resurslarına nəzarət gücləndirilməlidir

Son günlərdə Azərbaycanda xarici ölkələrdən idarə olunan, respublikada vətəndaş qarşıdurmasını alovlandırmağa cəhd göstərən, dini-etnik  ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerant durumu bulandırmağa “xidmət edən” əldəqayırma saytlar, bəzi “Facebook” səhifələri  xüsusilə “fəallaşıblar”.  Ölkəmizdə son günlərdə baş verən Mingəçevirdəki qəzadan sonra, Gəncədəki son hadisələr zamanı  belə internet resursları sabitliyi pozmağa yönəlmiş fəaliyyət istiqamətini seçdilər.

Milli Məclisin deputatı Hadi Rəcəbli “İki sahil”ə açıqlamasında  ölkədə xaos yaratmağa, stabilliyi pozmağa cəhd edən internet resurslarının ciddi nəzarətə götürülməsinin vacibliyini vurğulayıb:”Vaxtilə mən “Facebook”da bəzi səhifələrə nəzarətlə bağlı münasibət bildirəndə fikirlərimi kontekstdən çıxarıb təhrif etmişdilər. Mən o vaxt da bu fikirdə idim ki, milli maraqlara cavab verməyən, sülhü, sabitliyi pozmağı hədəfləyən saytlar, “Facebook” səhifələri xüsusi nəzarətə götürülməlidir və onlarla ciddi iş aparılmalıdır. Bu cür internet resursları Azərbaycanın böyük uğurlarını gözü götürməyən bəzi xarici ölkələrdən idarə olunur. Onların məqsədləri Azərbaycanda sabitliyi pozmaq, ölkəmizi qarışdırmaqdır. Bu mənfur qüvvələr arzulayırlar ki, Azərbaycan kiminsə əsarətində idarə olunan bir ölkəyə çevrilsin. Çünki bu gün Azərbaycanın müstəqil siyasət yürütməsi, cənab Prezident İlham Əliyevin özünəməxsus  siyasi dəst-xəttinin olması bəzi dövlətlərin təxribatçı qüvvələrini çox qıcıqlandırır.

Son Gəncə hadisələrinə nəzər salaq. İki yüksək rütbəli polis zabitimiz şəhid oldu. Sizcə yüksək rütbəli polis zabitlərinin öldürülməsi təsadüf idimi? Xeyr! Bu, məqsədli şəkildə Azərbaycanın dövlətçiliyini hədəfə almaq cəhdidir. Əgər bu hadisələr həqiqətən adi bir polis-əhali qarşıdurması olsaydı, burada hədəf götürülən iki yüksək çinli polis rəisinin müavininə qəsd olunmazdı. Bu da onu göstərir ki, bu hadisələr xaricdən idarə olunan, məqsədli, bilərəkdən törədilmiş dəhşətli terror əməlidir. Ancaq əminliklə deyirəm ki, bu cür bədxah qüvvələrin Azərbaycanda ictimai rəyə, cəmiyyətə, xalqa təsir imkanları yox səviyyəsindədir.  Başqa ölkələrdə belə təxribatçı qüvvələr bəlkə də ictimai rəyə, cəmiyyətə təsir edərək o ölkələrdə sabitliyi poza biliblər.  Amma Azərbaycanda bu, mümkün deyil. Çünki cənab Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan regionda və dünyada həmişə sabitlik örnəyi olub və həmişə də belə olacaq. Belə bir Prezidenti isə onu ürəkdən sevən Azərbaycan xalqı daim qoruyacaq və həmişə onun ətrafında sıx birləşərək dövlətimizi və dövlətçiliyimizi   hədəfə alan radikal ünsürlərə öz yerini göstərəcək.

Düşünürəm ki, sosial şəbəkələrlə xüsusi iş aparılmalı, antimilli, etnik-dini ayri seçkiliyi təbliğ edən internet resurslarına nəzarət gücləndirilməlidir”.

Sevinc Abdulayeva,

“İki sahil”