20 iyul 2018 22:41
1888

Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır

Birinci vitse-prezident Mehriban Əliyeva MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən bir sıra mühüm məsələlərə toxundu. Hazırkı mərhələdə bu məsələlərin hər biri milli təhlükəsizliyimiz və cinayətkarlığa qarşı mübarizə baxımından mühüm aktuallıq kəsb edir. Birinci vitse-prezident qeyd etdi ki, hər şeydən əvvəl MDB Daxili İşlər Nazirləri Şurası cinayətkarlıqla səmərəli mübarizə və təhlükəsizliyin təmin edilməsi üçün gözəl platformadır. Doğrudan da məskun olduğumuz geostrateji bölgədə qonşu regionlarla müqayisədə mühüm sabitlik fərqi var. Ancaq bu, o demək deyil ki, bu sabitlik öz-özünə bərqərar olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, cinayətkarlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm tərəfdaşlıq platforması olan MDB məkanı və onun hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti mümkün qeyri-sabitliyə qarşı effektiv mübarizə vasitəsi olub və bunun gələcəkdə də qorunub saxlanılması MDB iştirakçıları olan dövlətlərin hamısının milli maraqlarına uyğundur. Məhz bu məqamlara diqqət çəkən Mehriban Əliyeva xüsusi olaraq vurğuladı ki, sabitlik, ictimai asayiş, qanunun aliliyi hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir və Azərbaycan regionun təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Hikmət Babaoğlu qeyd edib ki, Mehriban xanım Dağlıq Qarabağ probleminin həlli məsələsinə də toxunaraq bir daha beynəlxalq hüququn, tarixi reallığın, ədalətin Azərbaycanın tərəfində olduğunu bildirdi və bu problemin həllinin vacibliyini vurğuladı. Hər kəsə bəllidir ki, bu gün Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında cinayətkarlıq, terror fəaliyyəti, narkobiznes üçün xüsusi mühit yaradılıb ki və bu da nəticə etibarilə, MDB iştirakçıları olan ölkələrin ərazilərində də qeyri-sabitlik üçün mənbə rolunu oynayır.

Bu ərazilərin öz həqiqi sahibinə, Azərbaycana qaytarılması bütün MDB iştirakçılarının marağında olmalıdır. Bütövlükdə bu görüşdə Azərbaycanın MDB məkanında öncül mövqeyinə diqqət çəkilərək bu məkanın təhlükəsizliyinə ölkəmizin böyük töhfələr verdiyi bildirildi.