21 iyul 2018 17:58
1849

Baş redaktor: Azərbaycan mətbuatı dünya miqyasında özünəməxsusluğu ilə seçilir

“Bünövrəsi "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi keşməkeşli və tarixi yol söz yox ki, xalqımızın şərəf salnaməsidir. Əbəs yerə deyil ki, hər il 22 iyul tarixində xalqımız Azərbaycan milli mətbuatının ildönümlərini çox böyük coşqu ilə qeyd edir”. Bu fikirləri “İki sahil” internet televiziyasının efirində yayımlanan “Bizimlə həmsöhbət” verilişinin qonağı, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev ölkə mətbuatının 143 illiyi ilə bağlı fikirlərini bölüşərkən dedi.

Baş redaktor  B. Quliyev vurğuladı ki, müasir Azərbaycan mətbuatının inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Etiraf etməliyik ki, mətbuat ildönümlərinin böyük əhval-ruhiyyə ilə keçirilməsi ənənəsinin əsası da məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz ümummilli lider Heydər Əliyevin demokratik baxışı, siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı”.

Bəhruz Quliyev ölkə mətbuatının inkişafının tarixi aspektlərinə toxunaraq xatırlatdı ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilib, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırılıb: “Nəticədə milli mətbuatın inkişafı və demokratikləşməsi yolunda daha yeni perspektivlər açıldı. Beləliklə, bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, xüsusilə dövlətin mətbuat üzərindəki nəzarət funksiyasından imtina edildi”.

“SƏS” qəzetinin baş redaktoru daha bir önəmli tarixi hadisəni xatırladaraq söylədi ki, xüsusilə 2000-ci ildə milli mətbuatımızın 125 illiyinin bütün ölkə miqyasında qeyd edilməsi və dövlət tərəfindən mükafatlandırmalar istiqamətində hər bir jurnalistin marağına cavab verən, sevincinə səbəb olan ənənənin təməli qoyuldu: “Bundan sonra 22 iyul tarixi hər il ölkə jurnalistləri tərəfindən təntənə ilə qeyd olunmağa başlandı. Bütün bunlar isə bilavasitə ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış tarixi sərəncamdan sonra yaşandı. Belə bir möhtəşəm ənənə bu gün də Prezident  İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Müxtəlif ildönümləri və yubileylərdə o cümlədən 2005, 2010, 2015-ci illərdə milli mətbuatın 130, 135, 140 illiyi ilə bağlı verilən sərəncamlar, 2008-ci ildə təsdiq olunmuş “Mətbuatın İnkişaf Konsepsiyası”, eyni zamanda, jurnalistlərə müxtəlif dövlət mükafatlarının, jurnalistlər üçün fərdi mənzillərin verilməsi bunun bariz nümunəsidir”.

Bəhruz Quliyev həmçinin qeyd etdi ki, bu gün Azərbaycanda güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin prioritet istiqamətini təşkil edir. Həmçnin, əldə edilən uğurların nəticəsində Azərbaycan mətbuatı dünya miqyasında özünəməxsusluğu ilə seçilir: “Hazırda ölkə mətbuatının istənilən strukturu – qəzetlər, saytlar, portallar ölkəmizdə mövcud olan müasir media texnologiyalarından yararlanaraq tərəqqi yolunu davam etdirir, çoxminli oxucu kütləsinin marağını təmin edən informasiyalarla gündəmə daxil olurlar, vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Mən də fürsətdən istifadə edərək, Azərbaycan dövlətçiliyinin qorunmasında, təbliğində və inkişafında fəaliyyət göstərən bütün media mənsublarını milli mətbuatımızın 143-cü ildönümü münasibəti ilə təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayıram”.

Şəfiqə Dadaşova,

Şəmsiyyə Əliqızı,

“İki sahil”