03 avqust 2018 23:22
1622

Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır

Prezident İlham Əliyev avqustun 1-də Bakının Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimindəki nitqində Azərbaycan- Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə danışıb. Ölkəmizin başçısı Ermənistanın yeni rəhbərliyini mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağıraraq ona xəbərdarlıq mesajları da verib.

Həmin mesajlarda birmənalı olaraq bildirilib ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir.”

Ölkəmizin başçısı, həmçinin dünyanın ən qüdrətli hərbi təşkilatı olan NATO-nun da ötən ay Brüsseldə keçirilən Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini xüsusi vurğulayıb. Qeyd edək ki, həmin Sammitdə qəbul edilən bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib. Şübhəsiz ki, Təbii ki, belə bir qüdrətli hərbi təşkilatın ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi kifayət qədər əhəmiyyətli hadisədir və işğalçı Ermənistana növbəti zərbədir.

Təbii ki, Ermənistan Azərbaycanın hərbi və iqtisadi qüdrəti qarşısında acizliyi faktı ortadadır. Bu gün Ermənistan çox ağır və xaotik günlərini yaşayır. Yeni baş nazir Nikol Paşinyan inqilabdan öncə verdiyi vədləri yerinə yetirmək iqtidarında deyil, əvəzində korrupsiya və talançılıq adı ilə siyasi rəqiblərini həbs etdirməklə məşğuldur.

Əgər Nikol Paşinyan ölkəsini xilas etmək istəyirsə sələflərindən fərqli olaraq daha modern düşünərək işğalçılıq siyasətindən əl çəkməli və Azərbaycan dövlətinin konstruktif təklifləri ilə razılaşmalıdır. Əks təqdirdə Ermənistanın bir ölkə kimi tamamilə iflası qaçılmazdır. Məhz bu amilləri müdrikcəsinə dəyərləndirən Prezident İlham Əliyev bildirib ki, iyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çöküb: “Onların işğalçı siyasəti iflasa uğrayıb. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur”.

Bu gün Ermənistanın xilası yolu onun mövcud hakimiyyətinin Robert Koçaryanın və Serj Sarkisyanın yürütdüyü işğalçılıq siyasətindən vaz keçməsidir. Əgər o da yanlış addımlar atmaqda davam edəcəksə, demək həm öz hakimiyyətinin, həm də ölkəsinin daha da rəzil günə düşməsinə şərait yaradacaq. Prezident İlham Əliyev bununla bağlı açıq mətnlə Ermənistana xəbərdarlıq mesajı da ünvanlayıb: “Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil.”

Bəs bu təəccüb doğuran və anlaşılmayan məsələlər nədir? Burada ölkəmizin başçısı bəzi məqamları çox gözəl dəyərləndirərək Ermənistanın yeni rəhbərliyinin siyasi savadsızlığını və təcrübəsizliyini ifşa edir: “Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır.”

Təbii ki, Prezident İlham Əliyev bunu təcrübəsizliyin bir əlaməti hesab etməklə bərabər, yenə də sülh danışıqlarından yayınmağın məsuliyyətini Ermənstanın üzərinə qoyur: “Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər”.

Bu gün işğalçılıq siyasəti ilə regiondakı qlobal layihələrdən kənarda qalaraq istehsalı və ixrac potensialı, eyni zamanda, nəqliyyat tranzit imkanları tükənən bir ölkənin xilas yolu varmı? İndi erməni ictimiaiyyətini düşündürən ən vacib suallardan biri də budur. İşğalçı ölkənin bərbad durumu məhz belədir: iqtisadi tənəzzül, aclıq və səfalət, vətəndaşların öz gələcəklərinə və dövlətlərinə inamsızlığı...Həmişə dövlət büdcəsini xarici ianələr, diaspor təşkilatlarından diləndiyi maliyyə hesabına doldurmağa çalışan Ermənistan hakimiyyəti artıq erməni diasporunun da etimadını itirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanı bundan sonra sarsıdacağını qətiyyətlə bildirib. Vurğulayıb ki, əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Ölkəmizin başçısı son iki ildə Ermənistanın cəbhə bölgəsində aldığı ağır hərbi zərbələrdən də danışıb: “Kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır.”

Dövlətimizin rəhbəri Ermənistanın Azərbaycan qarşısında məğlub durumunda olduğunu, xüsusilə iqtisadi və hərbi sahədə yerlə göy qədər fərq olduğunu bildirir: “Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır.”

Elçin Zaman, “İki sahil”