13 avqust 2018 23:23
1199

Regionun sabitlik və təhlükəsizliyinə böyük töhfə

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının beşinci Zirvə toplantısında Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanması mərasimi olub. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Konvesiyanın iqtisadi-ticarət səmərəliliyi ilə yanaşı, geosiyasi əhəmiyyəti də ekspertlər və siyasi analitiklər tərəfindən olduqca yüksək qiymətləndirilir. İmzalanan sənəd beş Xəzəryanı dövlət arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının genişləndirilməsində müstəsna əhəmiyyətə malikdir. Bunu mərasimdə Konvensiya ilə bərabər imzalanan digər əməkdaşlıq sazişləri və protokolları da sübut edir. Belə ki, Xəzəryanı dövlətlərin müvafiq dövlət qurumlarının rəhbərləri tərəfindən Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb. Bütün bunlar beş sahil dövləti arsında bundan sonrakı dövrdə əməkdaşlığın daha sıx və yüksək səviyyədə olacağını söyləməyə əsas verir.

Azərbaycan Prezidenti İlham Əliyev də Zirvə toplanıtısındakı çıxışında Konvensiyanın regional əməkdaşlığa və təhlükəsizliyə böyük töhvələr verəcəyini vurğulayıb. Prezident qeyd edib ki, qəbul edilən qərarlar və imzalanan sənədlər Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə, Xəzər regionunda  təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə böyük fayda verəcək.

Azərbaycanın dövlət başçısı mətbuat üçün verdiyi bəyanatda imzalanan Konvensiyanı tarixi sənəd adlandırıb: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyətli sənəddir. Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib... Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”.

Prezident İlham Əliyev, həmçinin imzalanan Konvensiyanın iştirakçı ölkələr üçün yaxşı perspektiv vəd etdiyini vurğulayaraq bildirib ki, biz əməkdaşlığı davam etdirmək niyyətindəyik. Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir: “Bütün Azərbaycan xalqı adından gələcəkdə ölkələrimizin hamısının uğurlu inkişafında böyük rol oynayacaq bu mühüm sənədi, nəhayət, imzaladığımız üçün böyük məmnunluğumu ifadə etmək istərdim”.

Ekspertlərin fikrincə, Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. Burada üç əsas məsələ öz həllini tapdı: su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, regional və qlobal təhlükəsizlik məsələləri.

Xatırladaq ki, Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır.

Konvensiyanın digər əhəmiyyətli tərəflərindən biri də Azərbaycanın bölgə və Avropa üçün enerji təminatında və təhlükəsizliyində rolunun daha da artmasıdır. Belə ki, bundan sonra Azərbaycanın Qazaxıstan və Türkmənistanla enerji sektorunda Xəzər üzərindən əməkdaşlığı müstəvisində daha geniş imkanlar yaranır. Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlində maneəsiz hüquqi baza formalaşır.

Beləliklə, Konvensiya Xəzər regionunda sabitliyi və təhlükəsizliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkə kimi rolunu gücləndirirərək, iqtisadi qüdrətini daha da artıracaq. Siyasi analitiklər Konvensiyanın hazırlanması və qəbul edilməsində Azərbaycanın nüfuzunu və imkanlarını ayrıca qeyd edirlər. Bu, ölkəmizin bədxahlarının da diqqətindən yayınmayıb.

Qeyd edək ki, Konvensiyanın imzalanmasının ölkəmizin geosiyasi rolunu və əhəmiyyətini xeyli dərəcədə artırması düşmənlərimizi ciddi təşvişə salıb. Onlar bunu etiraf etməkdən çəkinməyiblər.

Ermənistanda fəaliyyət göstərən “1-in.am” informasiya saytının yazarı Sərkis Artsruni Sazişin Ermənistan üçün törədəcəyi siyasi nəticələrə diqqət çəkib. Jurnalistin fikrincə, yeni sənəd həm Rusiya, həm İran, həm də Azərbaycan üçün sərfəli olub: “Belə bir kontekstdə Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyanın da dediyi kimi, faktiki olaraq Rusiya və İran Azərbaycana daha çox enerji daşıyıcısını güzəşt etmək müqabilində özləri üçün strateji və uzunmüddətli qarantiya almış olublar. Bu isə Azərbaycanla bizim qonşular arasındakı bağları daha da möhkəmləndirir”.

S. Artsruni bu Sazişin Ermənistanı yeni bölgəsəl gerçəkliklər, habelə institutların yaranması baxımından ciddi şəkildə narahat etməli olduğunu bildirir. Onun fikrincə, Azərbaycan regionun nüfuzlu ölkələri ilə birlikdə bölgədə gündəmi formalaşdırmaq üçün qurulan yeni meydanda iştirak edərək öz subyektiv əhəmiyyətini daha da artırır: “Sadə dillə ifadə olunsa Azərbaycan Rusiya və İran üçün daha vacib ölkəyə çevrilir ki, bu da Qarabağ münaqişəsinin nizamlanması prosesinə öz təsirini göstərəcək”.

Beləliklə, Xəzərin statusu haqqında imzalanan Konvensiya ilk baxışda göründüyündən daha böyük miqyasa malikdir və Azərbaycanın regiondakı nüfuzunu, siyasi çəkisini böyük miqyasda artırmağa ciddi stimul verəcəkdir.

Taleh Turqut, “İki sahil”