19 sentyabr 2018 14:30
1882

“Əsrin müqaviləsi”: iqtisadi inkişaf və beynəlxalq aləmin etimadı

24 il əvvəl imzalanan “Əsrin müqaviləsi” böyük güclərin regionda maraqlarından yaranan gərginliyin pik həddə çatdığı, Azərbaycanın iqtisadi çətinliklər və Ermənistanla elan olunmamış müharibə  ilə  üz-üzə qaldığı dövrə təsadüf edirdi. Belə vəziyyətdə yaranmış xoşagəlməz siyasi-iqtisadi məngənədən  qurtulmaq üçün yeganə vasitə ölkənin təbii sərvətlərinin dünya bazarlarına çıxarılması amili idi ki, bunu da reallaşdırmaq elə də asan məsələ deyildi. Çünki iqtisadi çətinliklər və müharibə şəraiti  Azərbaycanın daxili imkanlarını məhdudlaşdırmaqla bərabər, xarici sərmayələrdən də məhrum etmişdi. Lakin Azərbaycan nə olursa-olsun bütün bu çətinlikləri arxada qoymalı, beynəlxalq aləmin etimadını qazanmağa  nail olmalı idi.

Belə bir məqamda məhz  ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” bütün çətinliklərin öhdəsindən layiqincə gəlməyə imkan verdi. Söhbət ondan gedir ki, “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycana qoyulan sərmayələr ölkə iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, sonrakı sərmayə axını üçün də stimul oldu. Belə vəziyyətdə Qərbin nəhəng neft şirkətlərinin sərmayələri ölkəmizin   inkişafında böyük rol oynamaqla bərabər, regionda qüvvələr nisbətində tarazlığın yaranmasına da şərait yaratdı. Bu amil sonradan Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlarda  Azərbaycanın haqlı mövqeyini möhkəmləndirdi. Məsələ burasındadır ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bəzi Xəzəryanı ölkələr  “status” məsələsini ortaya atmaqla Azərbaycanın neft strategiyasının reallaşmasına neft anlaşmasına qarşı  ciddi maneələr törətməyə çalışsalar da, heç nəyə nail ola bilmədilər. Xəzərin hüquqi statusuna dair Konvensiya isə 24 il sonra, yəni ötən ay imzalandı. Bu isə o deməkdir ki, “Əsrin müqaviləsi”nin taleyi “status” məsələsinin ixtiyarına buraxılmış olsaydı, hazırda “qara qızıl”ın Azərbaycanın inkişafındakı rolundan  danışmaq qeyri-mümkün olardı.

Bundan sonrakı  dövrdə ulu öndər Heydər Əliyevin neft strategiyasının uğurlarından biri də neftin dünya bazarına nəqlindəki şaxələndirməyə nail olunmasıdır. Belə ki, nəqletmənin şaxələndirilməsi həm Azərbaycanın neft borusu keçən ölkələrdən asılılığını azaltmış olur, həm də eksterimal şəraitlərdən qorunaraq neftin Avropa bazarlarına çatdırılmasını təmin edir. Bu məqsədlə əvvəlcə Bakı-Supsa, daha sonra isə əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan (BTC) istifadəyə verildi. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən nefti və “Şahdəniz”dən çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Nəticə etibarilə Azərbaycan “qara qızıl”ını indiyədək siyasi alətə çevirmədən  ölkəmizin inkişafına yönəldib və bu proses indi də davam etməkdədir. Bu amil özü-özlüyündə xarici investorlar üçün də böyük maraq kəsb edir. Elə 30 il müddətində qüvvədə olan müqavilənin bitməsinə  7 il qalmış  ötən il bu müddətin daha 32 il artırılaraq 2050-ci ilə qədər uzadılması bu marağın ən böyük real göstəricisidir.

2001-ci ildən bu il sentyabrın 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 135,14 milyard dollar gəlir əldə olunub.  Nəticə etibarilə Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanan neft gəlirləri hesabına Azərbaycan indiyədək  sosial-iqtisadi infrastrukturun yenidən qurulmasına və bərpasına, sosial problemlərin həllinə və qeyri-neft sektorunun inkişafına nail olmaqla yanaşı, onun bir hissəsinin də toplanması ilə neft gəlirlərindən gələcək nəsillərin də  yararlanmasına  şərait yaradıb. Elə “21-ci əsrin müqaviləsi” hesab edilən “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanın iştirak payının bir hissəsi bu Fondun vəsaitləri hesabına maliyyələşdirilir. Ölkənin xarici valyuta ehtiyatlarının əksər hissəsini özündə cəmləyən Fond, eyni zamanda, maliyyə sabitliyini təmin edəcək “təhlükəsizlik yastığı” rolunu oynayır.

Lakin neft ixrac edən ölkələrin təcrübəsi göstərir ki, bu təbii sərvətdən səmərəli istifadə etməyin özü də böyük bacarıq tələb edir. Bu cür ölkələrin çox da uzaq olmayan tarixinə nəzər salsaq, bir çox hallarda neftin iqtisadi inkişafdan çox iqtisadi və maliyyə böhranlarına, hərbi münaqişələrə səbəb olduğunu görmək olur. Azərbaycan isə  postneft dövrünə keçid etməklə ümumi daxili məhsul istehsalını qeyri-neft sektorunun inkişafı hesabına artırmağa çalışır. Bununla belə, “Yeni əsrin müqaviləsi”nin imzalanması  göstərdi ki, “qara qızıl”ın ölkəmizin inkişafındakı rolunu davam etdirəcəyi şübhəsizdir.

Ceyhun Piriyev, “İki sahil”