20 sentyabr 2018 22:19
2331

Əlverişli biznes və investisiya mühiti

Xəbər verildiyi kimi, sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev paraddakı çıxışında ölkəmizdə əlverişli investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb: “İqtisadi sahədə aparılan islahatlar Azərbaycana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə, Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni, bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın gələcəyi də parlaq olacaq”.

Heç şübhəsiz ki, Azərbaycan investisiya cəlbediciliyinə görə dünyanın diqqət mərkəzində olan məkanlarından biridir. Bunu cari ilin ilk 8 ayının nəticələri əyani şəkildə sübut edir. Belə ki, ölkəmizin iqtisadiyyatına yatırılan xarici investisiyaların əhəmiyyəti hər kəsə bəllidir. Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafı prioritet seçildiyi bir məqamda xarici investisiyaların cəlb edilməsinin olduqca böyük əhəmiyyəti var. Bu istiqamətdə hökumətin apardığı müvafiq siyasətə uyğun olaraq xarici investisiya axını son zamanlar daha da güclənməkdədir. Cənab Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunu prioritet seçdiyi üçün xarici investisiyaların daha geniş şəkildə ölkəyə cəlb olunması istiqamətində müvafiq addımların atılması iqtisadi inkişafa yeni stimul verir.

Cari il yanvarın 18-də cənab Prezident İlham Əliyevin investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı imzaladığı Sərəncam bir daha göstərir ki, bu sahəyə xüsusi diqqət göstərilir. Müvafiq dövlət orqanlarına tapşırıq verilib ki, ölkəyə xarici investisiyaların cəlb olunması və daha yüksək templə artımını təmin etmək üçün bütün sahələr üzrə lazımi addımlar atılsın. Bu sahənin inkişafı üçün ölkədə münbit şəraitin yaradılması istiqamətində müəyyən tədbirlər görülsün. Diqqətəlayiq haldır ki, bu Sərəncamda öz əksini tapan müddəalar uğurla yerinə yetirilir və ölkəmizə xarici investisiya axınında ciddi şəkildə artım müşahidə olunur.

Beləliklə, cari ildə Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik nöqteyi-nəzərindən və neftin dünya bazarında qiyməti baxımından xarici investisiyaların axınının ötən illə müqayisədə artmasının şahidi oluruq. Belə ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına qoyulan 250 milyard dollar sərmayənin 107,2 milyard dollarını xarici investisiya təşkil edib. Ötən il isə respublika  iqtisadiyyatına yatırılan investisiya  11 milyard 700 milyon dollar təşkil edib. Bunun 8 milyard dolları xarici, 3,7 milyard dolları isə daxili investisiya olub. Bu isə bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan cəlbedici ölkədir.

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Bu dövrdə Dövlət proqramlarının, Fərman və sərəncamların icrası ölkədə iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib. Tərəqqi prosesində özəl sektorun payı və rolu davamlı şəkildə artıb. Sözügedən dövrdə qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılıb. Milli iqtisadiyyatın tərəqqisinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir göstərib. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət daşıyıb.

Ölkəmizin investisiya imkanlarının genişlənməsində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) mühüm rol oynayır. Bu şirkət  fəaliyyəti dövründə 1,2 milyard dollar investisiya cəlb edib. AİŞ sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak edib. Layihələrin ümumi dəyəri 1,2 milyard ABŞ dolları təşkil edib ki, bunun da 450 milyon ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyət göstərmələri məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb. “Açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Respublikamızda iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş şərait yaradır. Onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin aradan qaldırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Cavid Əkbərov, “İki sahil”