21 sentyabr 2018 23:11
3584

Tanınmış jurnalist Rauf Ağayevin yubileyi qeyd edildi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış jurnalist-publisist Rauf Agayevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə tanınmış jurnalistlər, yubilyarın tələbə yoldaşları və tələbələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli təmsil etdiyi təşkilatın adından yubilyar Rauf Ağayevə təbrikləri çatdırdı. M.Ələsgərli bildirdi ki, Rauf Ağayev jurnalistikanın standartlarını bilən, onu öz yaradıcılığı ilə təbliğ edən istedadlı jurnalistdir.

Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyar R.Ağayevin jurnalist fəaliyyəti haqqında geniş danışdı. O vurğuladı ki, Rauf Ağayev şəxsiyyət kimi formalaşmış bir insandır: “Rauf Ağayevi tanıdığına görə hər kəs iftixar hissi keçirir. Yubilyarı ad günü münasibətilə ürəkdən təbrik edirəm və ona ən xoş arzularımı çatdırıram”.

Daha sonra R.Ağayevin müəllimi, Bakı Dövlət Universitetinin “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədli yubilyarın təhsil aldığı illərdən danışdı. O, Rauf Ağayevin tələbə və jurnalist kimi hər zaman xüsusi fəallığı ilə seçildiyini qeyd etdi: “Rauf Ağayevin çox gözəl yazı üslubu var. Müəllimləri Rauf Ağayevi xoş xatirələrlə xatırlayırlar. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, R.Ağayevin tələbə yoldaşları və digərləri çıxış edərək yubilyarın həyat yolundan, fəaliyyətindən və Azərbaycan jurnalistikasında tutduğu mövqedən geniş bəhs etdilər. Onlar Rauf Ağayevin yaxşı insan, sədaqətli dost, istedadlı jurnalist olduğunu qeyd etdilər, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladılar.

Tədbirdə Rauf Ağayevə Mətbuat Şurasının adından diplom və hədiyyə təqdim edildi.

Cavid Əkbərov, “İki sahil”