24 sentyabr 2018 22:29
2146

Ölkə iqtisadiyyatı 3,2 dəfə, valyuta ehtiyatlarımız isə 24 dəfə artıb

Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft ixracı 4 dəfədən çox, valyuta ehtiyatlarımız isə 24 dəfə artıb

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Ötən 15 ildə bu meyar davamlı olaraq tətbiq edilməklə hər gün daha da genişlənib. Xüsusən ötən illərdə dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, hətta əvvəlki sürətlə davam etdirildi.

Ən başlıcası isə Azərbaycan dövləti yoxsulluğa qarşı mübarizədə böyük uğurlara imza atıb. 2003-2018-ci illərdə  yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. Eyni zamanda işsizlik  problemi də aradan qaldırılaraq 5 faiz səviyyəsinə endirilib. Bunlar təbii ki, sadəcə rəqəmlər deyil, ölkəmizin elə ciddi uğurlarıdır ki, hətta bu müsbət tendensiyamızı bir çox beynəlxalq təşkilatlar nümunə kimi göstərirlər.

Son 15 ildə məcburi köçkünlər üçün 100-dək qəsəbə salınıb. Nəticədə 290 min məcburi köçkün yeni evlərlə təmin edilib. Prezident İlham Əliyevin 15 illik prezidentliyi dövründə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Geniş sosial infrastruktur yaradılıb. Belə ki, 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Kompleksi yaradılıb.

Bu illər ərzində Azərbaycanın ən böyük uğurlarından biri də  onun intellektual məhsulun ixracatçısına çevrilməsidir. Bu “ASAN xidmət” kimi innovativ xidmətin formalaşmasında özünü təsdiq edib. Hazırda ölkəmizdə 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər onların sayının15-ə, 2020-ci ildə isə 20-yə çatdırılması planlaşdırılır. Məhz Azərbaycanın yaradıcısı olduğu “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunmaqla təcrübəmiz öyrənilir. Bu qurumun formalaşması ictimai xidmətlər sahəsində bir inqilab idi. 2018-ci ilin avqust ayına kimi “ASAN xidmət” mərkəzlərində 21 milyonadək  müraciət qeydə alınıb və vətəndaşların bu xidmətdən məmnunqalma əmsalı 100 faizə yaxındır. “ASAN xidmət”in ən böyük üstünlüyü ondadır ki, dövlət müəssisələrindəki bürokratiya və korrupsiya halları sürətlə aradan qaldırılır.

Son 15 ildə Azərbaycan iqtisadiyyatı  3,2 dəfə artıb. Xüsusilə qeyri-neft ixracı bu dövr ərzində 4 dəfədən çox, valyuta ehtiyyatlarımız 24 dəfə artaraq 44 milyard dollara çatıb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub.  Bu iqtisadi uğurlara görə Davos Ümumdünya İqtisadi Forumu ölkəmizi rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerə yüksəlmişik.

Bu illər ərzində sahibkarlığın inkişafı sürətlənib və sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmaqla qeyri-neft sektorunun inkişafı təmin edilib. 2003-2018-ci illərdə Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bu gün Azərbaycan dövlətinin iki peyki var və üçüncü peykin isə yaxın zamanlarda orbitə buraxılması nəzərdə tutulur. Ölkəmiz bu sahədə də liderlik nümayiş etdirir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin elmə və təhsilə yetirdiyi yüksək diqqət artıq öz bəhrəsini verməkdədir. Təbii ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini neft-qaz sektoru təşkil edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, ölkəmiz böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə  təməli qoyulan Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdi.

Bu gün isə Azərbaycan dövləti  “Cənub Qaz Dəhlizi” kimi böyük bir layihənin icrası ilə məşğuldur. Bu layihəyə  2012-ci ildə start verilib. 40 milyard dollar sərmayə qoyulan sözügedən layihəyə tərəfdaşların cəlb edilməsi  ölkəmizin diplomatik qələbəsi idi. Ölkəmiz bununla Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirməyə nail oldu. Bundan sonra Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək.

Daha bir önəmli hadisə isə “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə  işlənilməsi ilə bağlı  addımların atılması oldu. Belə ki,  “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb . Ən başlıcası isə burada ölkəmizin payı  bir xeyli artıb. Eyni zamanda, 3,6 milyard dollarlıq bonusun birinci hissəsi artıq ölkə büdcəsinə daxil olub.

2013-2018-ci illər ərzində ölkə daxilində enerji təminatı ilə bağlı ciddi layihələr həyata keçirilib. Bu dövrdə 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata çatdırılıb. Ümumilikdə isə ölkənin generasiya gücü təqribən 6,5 min meqavata bərabərdir. Həmçinin son 15 ildə ölkəmizdə qazlaşdırma 95 faizə çatdırılıb.  Eyni zamanda 2003-2018-c illər ərzində ölkəmizdə 12 min kilometr  müasir standartlara cavab verən yeni yollar çəkilib.

Əgər 2004-cü ildə Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdusa, artıq 2018-ci ildə bu göstərici 81 faizə çatıb. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdisə, indi həmin göstərici 67 faizə yüksəlib. Son 15 ildə qeyri-neft sektorunda önəmli sahə olan turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmiş, çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilmişdir. 2003-2018-ci illərdə ölkə daxilində nəqliyyat infrastrukturu böyük sürətlə yenidən qurulub. Bölgələrdə 6 hava limanı tikilmiş, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalı istifadəyə verilmişdir.

Elçin Zaman, “İki sahil”