25 sentyabr 2018 23:15
2203

Ərazi bütövlüyümüzün hərbi yolla bərpası hər zaman aktualdır

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin yaranmasının 100 illiyinə həsr olunan tarixi iclasda Prezident İlham Əliyev onun keçdiyi tarixi yoldan söhbət açmaqla yanaşı, bugünkü Milli Məclisin də fəaliyyətini yüksək qiymətləndirərək, dünya ilə münasibətlərin qurulmasında onun rolunu xüsusi vurğuladı. Ölkə başçısı söylədi ki, Azərbaycan parlamenti bu gün demokratik parlament olaraq dünya üçün nümunədir. Sözügedən məsələ ilə bağlı bir neçə politoloqlarla əlaqə saxlayaraq  fikirlərini öyrəndik.

Prezident İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasındakı çıxışının əsas tezislərinin Ermənistanın işğalçılıq siyasətinə və işğal altındakı torpaqlarla bağlı rəsmi Bakının atacağı addımlara həsr olunduğunu bildirən politoloq Elxan Şahinoğlu qəzetimizə açıqlamasında qeyd etdi ki, yenidən cənab Prezident Paşinyana önəmli mesajını ötürmüş oldu: “Birincisi, cənab Prezident qeyd etdi ki, son illərdə bir neçə təşkilat, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bu, o deməkdir ki, cənab İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən razıdır. İkinci məsələ  isə ondan ibarətdir ki,  Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağla bağlı öz siyasətində ciddi düzəlişlər etməsidir. Göründüyü kimi, Ermənistanda hazırkı hakimiyyət nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir.

Nəhayət, üçüncü məsələ isə bəzi beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı ikili standartlar siyasətinin aparılmasıdır. Çünki beynəlxalq təşkilatların Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlamalarının, lakin bunun əksinə olaraq Ermənistandakı pozuntuları diqqətə almamalarının da şahidi oluruq. Bununla da cənab İlham Əliyev ona işarə etdi ki, Ermənistanda 2008-ci ildə prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Ancaq buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sarkisyanı sərt tənqid etmədilər, əksinə onunla dərhal əməkdaşlığa başladılar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sarkisyanı və digərlərini həbs etmək istəyir”.

Bu gün Ermənistanda iqtisadi və sosial vəziyyətin çox ağır olduğunu qeyd edən politoloq bildirdi ki, artıq Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır: “Sözsüz ki, Ermənistan hakimiyyətinin siyasəti hərbi toqquşmanı yaxınlaşdırır. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq. “Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək.” Bu, cənab İlham Əliyevin əsas cümləsidir. Bundan başqa, Prezident İlham Əliyevin bir başqa açıqlaması da diqqəti cəlb edirdi: “Əgər işğalçılıq siyasəti olmasaydı, Ermənistan Azərbaycanın imkanlarından faydalana bilərdi. Azərbaycan Ermənistanı tam təcrid edib və bu siyasətini davam etdirəcək”.

“Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışı şərəfli yolun hansı çətinliklərdən keçdiyinin, bu gün həm daxili, həm də xarici siyasətdə, eyni zamanda, iqtisadi islahatların, hərbi potensialın daha da güclənməsi ilə bağlı qarşıya qoyulan hədəflərin beynəlxalq səviyyədə nümayişi idi”. Bu sözləri isə qəzetimizə açıqlamasında politoloq Arzu Nağıyev dedi. O bildirdi ki, bu cür tədbirlər Azərbaycanın keçdiyi şərəfli tarixin göstəricisidir: “Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirin keçirilməsi həm dostlara, həm də düşmənlərə bir mesaj oldu. Tədbir, eyni zamanda, Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı verilən qərarların bir davamıdır. Bunu həm keçirilən parad, həm də tarixi hadisələri gələcək nəsillərə ötürmək istiqamətində atılan addımlar da bir daha göstərdi”.

Politoloq, həmçinin onu da qeyd etdi ki, bu gün Azərbaycan üçün xarici siyasət sahəsində yeganə önəmli məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarıdır ki, bu məsələnin həlli də bizim üçün çox böyük önəm kəsb edir. Məhz Parlamentin 100 illiyinə həsr edilən tədbirdə də cənab İlham Əliyevin Dağlıq Qarabağla bağlı çıxışı zamanı bir daha önəmli mesajlarını düşmən ölkəyə verdi: “Problemin həllində sülhün tərəfdarı olmağımıza baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi potensialımız da var. Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpası da bir variant kimi hər zaman aktualdır. Cənab Prezident öz çıxışında ermənilərdən fərqli olaraq, Azərbaycanın qarşısında duran əsas məsələnin ərazilərimizin işğalçılardan təmizlənməsi, suverenliyin və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınması, iqtisadi layihələrin həyata keçirilməsi və bununla da Azərabaycan vətəndaşının sosial rifahının daha yüksək səviyyədə təmin edilməsi olduğunu vurğuladı. Məhz buna görə də Azərbaycan bütün regional və qlobal iqtisadi layihələrdə aparıcı rol oynayan beynəlxalq tədbirlərə ev sahibliyi edir və bütün bunlar ermənilərin təcrid edilməsi ilə nəticələnir”.

A.Nağıyev, həmçinin onu da qeyd etdi ki, Azərbaycanda bütün uğurların kökündə xalq-hakimiyyət birliyi dayanır: “O birlik ki, Ermənistanda heç bir halda yoxdur. Bu gün Ermənistan hakimiyyətinin atdığı addımlar ölkəni daha da zəiflədir. Ermənistanın xarici siyasəti də iflasa uğrayıb. Ermənistanın müstəqillik günündə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın dövlət başçısı Armen Sarkisyanı təbrik edir, amma Paşinyanı təbrik etmir. Müqayisə üçün deyim ki, Putin İsrailin, Almaniyanın baş nazirlərini təbrik etmişdi. Yəni bu, Paşinyana olan münasibətin ifadəsidir. Eyni zamanda, BMT Baş Assambleyasının növbəti iclasında Paşinyanla ABŞ Prezidenti Donald Trampın görüşü hazırlanırdı, lakin ən son məlumata görə, Tramp həmin görüşdən imtina edib. Yəni bütün bunlar onu göstərir ki, Paşinyanın həm daxili, həm də xarici siyasəti faktiki olaraq iflasa uğrayıb. Məhz bu olanlardan sonra Ermənistanın baş naziri artıq olanları görməli və düzgün qərarını verməlidir. Onun verdiyi qərar ilk öncə ölkəsinin inkişafı baxımından vacib sayıla bilər. Əks halda isə çətin ki, düşdükləri vəziyyətdən qurtula bilsinlər”.

Mənsumə Babayeva, “İki sahil”