25 sentyabr 2018 23:17
2917

Azərbaycan Parlamenti çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın son 15 ildə bu sahədə qazandığı uğurların miqyası genişdir. “Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik: “Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir.”

Demokratiya sabitliyin və qanunun aliliyinin təmin edildiyi şəraitdə inkişaf edir ki, ölkəmizdə bu istiqamətdə mövcud durum göz önündədir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, hər bir inkişafın təməlində sabitlik dayanır. “Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcəkdir” söyləyən cənab İlham Əliyev bildirir ki, heç bir ölkə sabitlik olmadan inkişaf edə bilməz. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulanda nə investisiyalar gəlir, nə sosial rifah artır. Ümumiyyətlə, ölkələrin taleyi çox acı olur. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Məhz xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir. Bu vəhdət imkan verir ki, uzunmüddətli inkişaf strategiyası hazırlansın. Sabitliyin nəticəsi olaraq, bu gün Azərbaycana milyardlarla dollar xarici sərmayə qoyulur. Azərbaycan xalqı rahat, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Ölkəmizdə bütün azadlıqlar təmin edilib.

İnsan hüquq və azadlıqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların və ictimai birliklərin sərbəst fəaliyyəti, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün davamlı addımlar atılır. 2016-cı ilin sentyabrında Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üçün sayca üçüncü referendumun keçirilməsi Azərbaycan dövlətinin demokratiyanın inkişafında nə qədər maraqlı olduğunu, insan amilinə böyük önəm verildiyini bir daha nümayiş etdirdi. İnsan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, idarəçilik sistemində təkmilləşməyə xidmət edən əlavə və dəyişikliklər ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Cənab İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi qürurvericidir, bu amil xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Daim özünə diqqət və qayğının şahidi olan ölkə ictimaiyyəti dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşir və yeni hədəflərin real həyatda öz əksini tapması üçün ciddi səylər göstərir.

Bir məqam da hər kəsə məlumdur ki, daim ölkəmizdə keçirilən prezident seçkilərindən öncə ABŞ-ın “Gellap İnternasional” sorğu mərkəzi ölkə əhalisinin Prezidentə inamını, həyata keçirilən siyasətə dəstəyini öyrənmək üçün insanlar arasında sorğu təşkil edir. Sorğunun nəticələri hər zaman bu reallığı ortaya qoyur ki, xalq-iqtidar birliyi sarsılmazdır. Ötən ilin sonunda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında keçirilən sorğu da bu kimi məqamlara işıq saldı. Belə ki, Azərbaycan vətəndaşlarının 80 faizindən çoxu ölkənin gələcəyini nikbin qiymətləndirmişdir. Həyata keçirilən siyasətin yeni-yeni hədəflərə yol açdığı, Azərbaycanın qarşısında geniş imkanların açıldığı xüsusi qeyd edilmişdir.

Qeyd etdiyimiz kimi, ayrı-ayrı sahələrin inkişafına xidmət edən qanunların qəbulu və təkmilləşdirilməsi, illi Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi ümumilikdə ölkənin hərtərəfli inkişafını sürətləndirir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda uğurlarımızın fonunda bildirmişdir: “Bütün bunları biz yaratmışıq, yorulmaz fəaliyyət nəticəsində, xalq-iqtidar birliyi sayəsində.”

Ölkənin idarə olunmasında qanunlar əhəmiyyətli rol oynayır, onların zamanın tələbinə uyğun təkmilləşməsi və yeniləşməsi uğurların davamlılığını şərtləndirir. Qeyd olunan iclasda cənab İlham Əliyev bu məqama da xüsusi diqqət yönəldərək “Bu gün Azərbaycan uğurla inkişaf edir və mən bu inkişafda Azərbaycan parlamentinin rolunu xüsusilə qeyd etmək istəyirəm” fikri əsasında bunları açıqlamışdır: “Azərbaycan parlamenti həm Heydər Əliyevin dövründə, həm də bu gün öz fəaliyyəti ilə ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir. Bir çox qanunlar qəbul edilmişdir. Demək olar ki, bu qanunlar həyatımızın bütün sahələrini əhatə edir. Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir. Biz bir çox beynəlxalq konvensiyalara qoşulmuşuq və azadlıqların təmin edilməsində, demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var. Azərbaycan parlamenti ölkəmizdə çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayır. Parlamentdə bir çox partiyaların nümayəndələri fəaliyyət göstərir və əlbəttə ki, onların müxtəlif məsələlərə fərqli baxışları var. Ancaq mən çox şadam ki, milli maraqlarla bağlı məsələlərdə bizim deputatlar bir nöqtəyə vurur və vətənpərvərlik göstərərək Azərbaycan dövlətinin maraqlarını beynəlxalq müstəvidə müdafiə edirlər.”

Demokratik cəmiyyətdə müxtəlif siyasi partiyaların mövcudluğu, onların normal fəaliyyəti üçün lazım olan şəraitin yaradılması, ən əsası müxtəlif baxışlı, mövqeli insanların olması təbiidir. “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunması, sənəddə onların dövlət büdcəsindən maliyyələşməsi məsələsinin öz əksini tapması sözsüz ki, şəffaflığın təminatında əsas rol oynayır. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, nə qədər partiya olur olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Dövlətimizin başçısı İlham Əliyev “Parlament diplomatiyası Azərbaycanda diplomatik sahədə önəmli rol oynayır” fikrini də məhz parlamentdə təmsil olunan müxtəlif siyasi partiyaların təmsilçilərinə əsaslanaraq belə davam etdirmişdir: “Azərbaycan deputatları beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iş aparırlar. Bu, Azərbaycan xalqı tərəfindən də qiymətləndirilir, mən də bunu izləyirəm və deməliyəm ki, doğrudan da çox böyük iş aparılır. Azərbaycan deputatları bir çox parlamentlərarası assambleyalarda ölkəmizdə gedən proseslər, iqtisadi, siyasi islahatlarla bağlı Azərbaycan həqiqətlərini çatdırır, lazım olan vaxtda Azərbaycanı çox ciddi müdafiə edir, haqq-ədaləti bərpa edir, imkan vermirlər ki, Azərbaycana qarşı əsassız ittihamlar hansısa qərarlara gətirib çıxarsın.”

Parlamentdə təmsil olunan müxtəlif partiyaların nümayəndələrinin bu nəticəni əldə edənədək seçki hazırlığının bir neçə mərhələsindən keçdiklərini də xüsusi qeyd etməliyik. İstər namizədlərin irəli sürülməsi və imza toplanması mərhələsinin, istər təbliğat-təşviqat kampaniyasının, istərsə də səsvermə prosesinin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi bir daha bu reallığı ortaya qoyur ki, siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün namizədlər üçün bərabər şərait yaradılır, cəmiyyətdə nüfuzu, siyasi dayağı olan istənilən partiya, onun namizədləri bu şəraitdən istifadə edərək qələbəsini təmin etmək imkanındadır. Ölkəmizdə demokratiyanın əsas göstəricilərindən biri 40-dan artıq siyasi partiyanın, 4 minə yaxın ictimai birliyin qeydiyyatdan keçməsidir. 2005-ci ildə dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq 30 faizdən artıq maliyyəsini xaricdən alan qeyri-hökumət təşkilatlarının seçkiləri izləmələrinə qoyulan qadağa aradan götürüldü. Bu addımın özü də demokratik inkişafdan irəli gələn addımdır.

Belə faktları xeyli sayda sadalamaq olar. Bunlar onun təsdiqidir ki, Azərbaycan demokratik prinsipləri dövlət siyasətinin əsası kimi qəbul edir, təkmilləşmənin, yeniləşmənin həyata keçirilməsində maraqlıdır.

Bu günlərdə Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə də ölkəmizin demokratik inkişafına xüsusi diqqət yönəldilmişdir. “Azərbaycan artıq ənənələri olan bir dövlətdir” söyləyən Almaniya Kansleri münasibətlərin inkişafında demokratik inkişafın düzgün dəyərləndirilməsinin böyük rolu olduğunu da qeyd etmişdir. Almaniyalı jurnalistin məlumatsızlıqdan və sifarişdən qaynaqlanan sualı da diqqətdən kənarda qalmadı. Dövlətimizin başçısı İlham Əliyev qərəzi özündə əks etdirən suala cavabında Azərbaycanın demokratik inkişaf yolunda inamla irəlilədiyini, uğurlarımızı həzm etməyən dairələrin daim ölkəmizə qarşı əsassız iddalarla çıxış etdiyini bir daha diqqətə çatdırmışdır. “Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirmişdir ki, Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq: “Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk... Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız biri-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.”

Demokratik inkişaf ölkəmizdə iqtisadi tərəqqiyə geniş yol açır. İqtisadi və siyasi islahatların paralelliyi fonunda Azərbaycanın davamlı inkişafı təmin edilir, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi artır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayədir.

Dövlətimizin başçısı İlham Əliyevin Almaniyaya səfərlərindən biri zamanı ona ünvanlanan “İnsan hüquqları məsələsi ilə əlaqədar xanım Kansler Sizinlə söhbət etmişdir. Bilmək istərdim, Sizin bu məsələ ilə əlaqədar fikriniz necədir? Yəni, Siz hakimiyyəti tənqid edən mətbuat üzvləri ilə əməkdaşlığa hazırsınızmı, açıqsınızmı” sualına cavabını da xatırlatmaq istərdik: “Əlbəttə, şübhəsiz. Çünki Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir. Azərbaycanda qanunvericilikdə Avropa standartlarına yaxın olmaq üçün çoxsaylı qanunlar qəbul edilmişdir, praktik həyatda biz bunu görürük. Bir daha demək istəyirəm ki, Azərbaycanda bütün insan hüquqları təmin edilir və beynəlxalq təşkilatlar çərçivəsində bu məsələlər müzakirə olunur. Mən xanım Kanslerə dedim ki, insan hüquqlarının qorunmasında heç bir ölkə özünü kamil hesab edə bilməz. Hər bir ölkədə problemlər var, o cümlədən Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədər ibarətdir. Azərbaycanda tənqidi fikrə görə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir. Bir daha demək istəyirəm ki, Azərbaycanda söz azadlığı tam şəkildə təmin olunur, yüzlərlə mətbu orqan var. Bir daha xatırlatmaq istəyirəm ki, sərbəst və azad internet olan bir ölkədə söz azadlığı boğula bilməz... Azərbaycanda müasir dövlət qurulur.”

Bu kimi faktlar eyni zamanda göstərir ki, siyasətində insan hüquqlarının qorunmasına və demokratik islahatların sürətləndirilməsinə xüsusi diqqət yetirən Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı tərəflərin maraqlarına uyğun şəkildə davam etdirilir.  Ölkəmizdəki  sabitlik, davamlı inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə xarakterizə edilən iqtisadi tərəqqi demokratik təsisatların inkişafı üçün etibarlı zəmin yaradır. Dövlətimizin başçısı İlham Əliyev uğurlarımızın təhlili fonunda bir daha bildirir ki, əsas məqsədimiz Azərbaycanda bütün sahələrdə işləri ən yüksək səviyyədə təmin etməkdir.

Yeganə Əliyeva, “İki sahil”