26 oktyabr 2018 20:36
3462

Boltonun Azərbaycan səfəri və ABŞ-ın HƏDƏFLƏRİ

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri başa çatdı. Bu səfər bir sıra məqamlar baxımından əhəmiyyətli idi. Xüsusilə Boltonun Cənubi Qafqaz ölkələrinə səfərinin yekunları ilə bağlı açıqlamasında daha çox Azərbaycanın adını çəkməsi diqqəti cəlb etdi.

Publika.az xəbər verir ki, C. Bolton Tvitter hesabında Azərbaycana və Azərbaycan Preizdentinə xüsusi təşəkkür edib.

Con Boltonun səfəri Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradır. Keçirdiyi mətbuat konfranslarında, müsahibələrində Con Bolton Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulayıb, Azərbaycanı ABŞ-ın bölgədə əsas tərəfdaşı adlandırıb.

C.Bolton Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, regional sülhün qorunmasında, siyasi, iqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli ölkə kimi xarakterizə edib.

Səfər çərçivəsində regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan regionda sülhə, regional əməkdaşlığa və təhlükəsizliyə töhfə verən ölkədir. Məlum səbəblərə Ermənistan istisna olmaqla, Azərbaycanın region ölkələri ilə işgüzar dostluq münasibətləri var. ABŞ Azərbaycanın bu siyasətini anlaşıqla qəbul edir.

O, Azərbaycanın beynəlxalq enerji məsələlərində aparıcı rolu nəzərə alınaraq, ABŞ hökumətinin Azərbaycanla enerji, beynəlxalq terrorizmə, insan alverinə qarşı mübarizə və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu deyib.

Con Bolton Ermənistanda olan zaman bildirdi ki, yalnız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi ilə Ermənistanın dayanıqlı və suveren dövlət kimi inkişafı mümkündür. Azərbaycan da dəfələrlə bu mövqeni ifadə edib ki, Ermənistanın normal dövlət kimi inkişafı yalnız münaqişənin həllindən sonra mümkündür.

Con Bolton Azərbaycana səfəri zamanı müxalifət nümayəndələri ilə görüşmək təşəbbüsündə olmayıb. Bu da müxalifətin mövcud vəziyyətinə ABŞ və Qərb tərəfindən verilmiş qiymət kimi baxılmalıdır. Artıq müxalifətin real qüvvəyə malik və Azərbaycandakı daxili proseslərə, ictimai rəyə heç bir təsir olmadığı Qərb tərəfindən nəzər alınır və onlar bütün əməkdaşlıq perspektivlərini Azərbaycan iqtidarı ilə bağlayırlar.

Con Bolton realist təfəkkürlü siyasətçidir. O, formadan çox məzmuna, prosesdən çox nəticəyə üstünlük verir.

Con Boltonunun açıqlamalarında Qərbin bəzi institutları tərəfindən digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edilən “demokratiya”, “insan haqları”, “söz azadlığı” kimi klişelərdən istifadə etməməsi də diqqət çəkib. Əksinə o, mənsub olduğu administrasiyanın başqa ölkələrinin seçimlərinə və suverenliyinə hörmətlə yanaşdığını qeyd edib, öz ölkəsinin kiməsə mühazirə oxumaq fikrində olmadıqlarını bildirib. Bu, əvvəlki ABŞ iqtidarlarının digər ölkələrə demokratiya ixrac etmək, dərs keçmək iddialarından kəskin fərqlənən, beynəlxalq əlaqələrdə qarşılıqlı hörmətə və hüquqa söykənən prinsip kimi təqdir olunmalıdır.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Publika.az-a açıqlamasında bildirib ki, Boltonun Azərbaycana səfəri istər regional, istərsə də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir: “Con Bolton və Prezident İlham Əliyev arasında ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, Azərbaycanın dünya enerji bazarında rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə edilməsi qlobal terrorizmə və narkotizmə qarşı mübarizədə Azərbaycanın ən aparıcı ölkələr sırasında yer aldığını sübut edir. Eyni zamanda, Azərbaycanın hazırda həyata keçirdiyi meqa-enerji layihələri ilə regionun və Avropanın qlobal təhlükəsizliyinin təmin edilməsində nə qədər əhəmiyyətli ölkə olduğunu bir daha göstərir. Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Çünki Azərbaycan həyata keçirdiyi aktiv diplomatik fəaliyyəti ilə həm regional müstəvidə, həm də Avrasiyada mühüm aktor kimi öz yerini və rolunu çoxdan isbat edib. Dünya siyasətini müəyyən edən ölkələrdən biri olan ABŞ-ın Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri bir daha bu kontekstdə qiymətləndirilməlidir”.

H.Babaoğlu vurğulayıb ki, əgər regionda hansısa təhlükəsizlikdən söhbət gedirsə, bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunması məsələsi önə çıxır: “Azərbaycanın həyata keçirdiyi xarici siyasətin əsas paradiqmasını məhz bu müəyyənləşdirir. Həm dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın bu problemin həllində müstəsna yeri və rolu ola bilər. Con Bolton çıxışında məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını və bu problemin həllinin Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Con Bolton bundan sonrakı mərhələdə isə Ermənistana səfər edəcəyini və rəsmi İrəvanda bu məsələni müzakirə edəcəyini Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırdı. Düşünürəm ki, bu, xüsusi bir məqamdır. Əgər bütün dünya özünün təhlükəsizliyini təmin etməlidirsə, beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar da bir-birilərinin qarşılıqlı təhlükəsizliyini mütləq nəzərə almalıdır. Azərbaycan təhlükəsizliyə töhfə verirsə, deməli onun təhlükəsziliyinə tərəfdaşları və müttəfiqləri də mütləq diqqət yetirməlidir. Düşünürəm ki, Con Boltonun səfəri məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli kontekstində Azərbaycan üçün önəmli idi”.

Deputat qeyd edib ki, Azərbaycan C.Boltonla müzakirələrdə ərazi bütövlüyü məsələsində prinsipiallığını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı öz mövqeyini bir daha qətiyyətlə ortaya qoydu: “Bütövlükdə, hazırkı beynəlxalq münasibətlər sisteminin siyasi konyunkturasına nəzər salsaq görərik ki, ən müxtəlif problemlər məhz bu qarşılıqlı müzakirələr və qarşılıqlı maraqların təmin olunması formatında aktuallaşdırılır. Ona görə də bu görüş istər ABŞ-Azərbaycan ikitərəfli münasibətləri, istərsə də regional təhlükəsizlik məsələləri baxımından olduqca mühüm bir görüş idi”.