30 oktyabr 2018 20:42
2868

Şəmkirdə qanvermə aksiyası keçirilib

Şəmkirdə hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları da qoşulublar.

Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və icra hakimiyyəti aparatının məsul işçilərinin də iştirak etdiyi aksiyada günün sonunadək 300 nəfərə yaxın donorun qan verməsi gözlənilir.

Qeyd edək ki, toplanan qan hemofiliya, talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə sərf edilməsi üçün Mərkəzi Qan Bankına göndəriləcək.