08 noyabr 2018 14:25
2651

Liderlik fəlsəfəsinin atributları: Vədinə sadiqlik, sözünə sahiblik

21 il bundan əvvəl ABŞ-da Azərbaycanla bağlı keçirilən konfranslardakı çıxışlarında, verdiyi müsahibələrində SOCAR-ın birinci vitse-prezidenti kimi neft strategiyasının şaxələndirmə prinsipinə uyğun davamını ölkələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli adlandıran cənab İlham Əliyev dövlət başçısı kimi bu siyasəti uğurla davam etdirir

Hərtərəfli səy tələb edən aydın və vahid məqsəd uğrunda çalışmaq insan üçün ən vacib keyfiyyətlərdəndir. Aqillərin dediyi kimi insan başlıca məqsədinə çatmaq üçün özünüinandırma prinsipi ilə hərəkət edərsə onun istəyinin qarşısını almaq mümkün deyil. Görkəmli şəxsiyyətlər, dahilər liderliklərini yüksək ideyalara əsaslanan proqramları ilə müəyyənləşdirirlər. Ardıcılları isə onları uğura aparan yollarda cəsarətlə irəliləyir, davamçıları olurlar. İstəyi həyata keçirmək bacarığı, qətiyyəti, iradəsi isə zirvələrə uzanan ən düzgün yoldur.

Bu fəlsəfəni siyasi həyatının bütün dönəmlərində fəaliyyəti ilə təsdiqləyən ulu öndər Heydər Əliyevin başqalarından fərqli dahiliyi özü qədər inandığı davamçısını yetirməsidir. Dövlət başçısı kimi ona etibar olunan məsuliyyəti fəaliyyəti ilə doğruldan cənab İlham Əliyev siyasi hazırlığını, Ulu Öndərin layiqli davamçısı olduğunu respublikaya rəhbərliyə başlamamışdan əvvəl də göstərmişdir.

...”Dünyada Azərbaycan kimi inkişaf etmiş ikinci ölkə yoxdur” deyimi həyatda əksini tapıb. Xüsusilə son günlərdə Azərbaycanın iqtisadi inkişafını əks etdirən beynəlxalq təşkilatların hesabatlarında ölkəmizlə bağlı uğurlu statistik rəqəmlərin açıqlanması illərdən bəri çəkilən zəhmətin, siyasi iradənin, lider qətiyyətinin bəhrəsidir. Uğurlara aparan yol asan olmasa da mümkünsüzün mümkünlüyü təsdiqlənir. Yəni istək, maraq, vətəndaş məsuliyyəti, Vətənə, xalqa bağlılıq olan yerdə bütün sədləri aşmaq daha asan olur. Tarixi bir səfəri, səfər çərçivəsində keçirilən görüşləri , Azərbaycanın gələcəyi ilə bağlı proqnozları xatırlatmaqla qarşıya qoyulan hədəflərin hələ bir neçə il öncə planlaşdırıldığını görmək olar.

...Ulu öndər Heydər Əliyevin müdrikcəsinə hazırladığı neft strategiyasının kövrək addımlarının səsləri bir çox dövlətlərdə eşidilsə də müstəqil Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə inamın istənilən səviyyədə olmadığı bir dövrdə ölkəmizin gələcəyi ilə bağlı nikbin proqnozların açıqlanması bəlkə də çoxlarına xəyal kimi görünürdü. Amma o çətin dövrdə SOCAR-ın birinci vitse-prezidenti İlham Əliyevin bu günümüzlə bağlı açıqlamaları müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı mənfi fikirləri alt-üst etdi.

...Tarix 1997-ci ilin fevral ayı, məkan Amerika Birləşmiş Ştatları. O illərdə Azərbaycanın təşəbbüsü ilə reallaşan “Əsrin müqaviləsi”ndən sonra respublikamıza maraq daha da artmışdı. Həmin tarixdə ABŞ-ın Hyuston və Vaşinqton şəhərlərində Azərbaycanla bağlı keçirilən konfranslarda iştirak edən, müsahibələr verən o zaman ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev həm də ölkəmizin xarici siyasətini diqqətə çatdırırdı. “Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük” söyləyən cənab İlham Əliyev vurğulayır ki, yalnız müstəqillik illərində təbii resurslarımızı xalqın mənafeyi naminə istifadə etməyə nail olduq.

ABŞ səfəri 1997-ci ilə, “Əsrin kontraktı”nın icrası nəticəsində “Çıraq” platformasından ilk neftin çıxarıldığı dövrə təsadüf edirdi. Açıq dənizlərə çıxışı olmayan, texniki cəhətdən çox çətin, qlobal layihələrin həlli üçün böyük maliyyə vəsaiti tələb edildiyi bir zamanda xarici investorları ölkəmizlə əməkdaşlığa cəlb etməyin özü diplomatik məharət, cəsarət tələb edirdi. Həmin görüşlərdə ölkəmizi layiqincə təmsil edən, “Əgər məndən soruşsanız ki, Azərbaycana, ölkəmizin xüsusən neft-qaz sektoruna sərmayə qoymaq imkanı vardırmı, cavab verərəm ki, bəli vardır” söyləyən cənab İlham Əliyev 21 il bundan əvvəl verdiyi vədini qətiyyəti ilə reallaşdırdı. Arxada qalan illərdə neft strategiyasının uğurlu davamı cənab İlham Əliyevin bu sözlərini təsdiqlədi : “ Belə ki, respublika gələcəkdə neftin nəqli mərkəzinə çevrilə bilər...” Gələcək zamanı ifadə edən bu vəd artıq reallaşıb.

Həmin görüşlərdə Amerika -Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi, perspektivlər barədə də geniş fikir mübadiləsi aparıldı.

Neft-qaz layihələri ilə əlaqədar Azərbaycanın təşəbbüslərini dəstəkləyən ABŞ-a birinci vitse -prezident kimi minnətdarlığını bildirən cənab İlham Əliyev vurğulamışdır ki, Azərbaycanda əməkdaşlıq, dövlətlərin, şirkətlərin fəaliyyəti üçün lazımi şərait yaradılacaq və bu format tərəfdaşlıq üçün faydalı əsaslar üzərində qurulacaqdır. Tarix göstərdi ki, bu inam enerji layihələrinin şaxələndirilməsində çox böyük rol oynamışdır. Cənab İlham Əliyevin 21 il bundan əvvəl söylədiyi “ Heç kimin ağlına gələ bilməzdi ki, Amerikanın paytaxtında, , Vaşinqtonda Azərbaycana aid belə görkəmli, sanballı konfrans keçiriləcəkdir” sözlərinin reallığı artan tərəfdaşlıq formatlarının genişlənməsidir.

Eyni minnətdarlığı artıq dövlət başçısı kimi açıqlayan Prezident İlham Əliyevin “Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub. Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik” sözləri Azərbaycan-Amerika münasibətlərinə verilən dəyərdir.

O illərdə açıqlanan proqnozlar həyatda əksini tapır. İstismar müddəti 2050-ci ilədək uzadılan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Xəzərin şərq sahilində digər ölkələr tərəfindən hasil edilən neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır. Azərbaycan etibarlı tranzit ölkə kimi qonşu ölkələrə də öz imkanlarını təqdim edir.

BTC və BTQ neft-qaz kəmərlərinin davamçıları olan “Cənub Qaz Dəhlizi”nin, onun seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, TAP-ın inşasının sürətləndirilməsi təsdiqlədi ki, Azərbaycan yalnız xarici sərmayədarların köməyi ilə neftin istehsal olunduğu ölkə deyildir. Hazırda dünyanın ən qüdrətli dövlətləri, iri neft şirkətləri ölkəmizlə əməkdaşlığa və Azərbaycan neftinin ixracına böyük maraq göstərirlər. Çəkilən zəhmətin , düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan neftin nəqli mərkəzinə çevrilib. “Şahdəniz”lə bağlı layihələrin reallaşması ilə Azərbaycan dünyaya özünü nəinki neft, həm də qaz ölkəsi kimi təqdim etdi. Dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amilinin o qədər də ciddi rol oynamadığı bir dövrdə bu cür layihələrə investor cəlb etmək müstəqilliyini yenicə qazanmış ölkə üçün o qədər asan məsələ olmasa da, adıçəkilən tarixi görüşlərdə, müsahibələrdə Azərbaycanın malik olduğu təbii ehtiyatlarla bağlı məntiqli açıqlamaları ilə ölkəmizə marağı artıran cənab İlham Əliyev bu sahədə də sözünün sahibi oldu. “Şahdəniz” yatağının “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazası olduğunu reallaşdırmaqla, bu layihələrin şaxələndirilmə yolu ilə istifadəsinin Avropa və region dövlətlərinin enerji təhlükəsizliyi üçün əsas, alternativi olmayan baza olduğunu qətiyyəti ilə təsdiqlədi.

2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri tarixi hadisə, böyük nailiyyət oldu . Artıq istifadəyə verilən, çoxformatlı əməkdaşlıq münasibətlərini eyni məram ətrafında birləşdirən “Cənub Qaz Dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar.

Cənab İlham Əliyev 1997-ci ildə reallaşan ABŞ-səfərində “Güman edirəm ki, Azərbaycanın zəngin təbii sərvətləri Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəkdir” vədini də yerinə yetirib. Neft amilini insan amilinə çevirmək üçün ciddi islahatların tətbiqini başlıca hədəf kimi diqqətdə saxlayan Prezident İlham Əliyev dünyanın enerji bazarının yeni xəritəsində Azərbaycanın yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə qeyd edirlər. İnkişafın Azərbaycan modeli nümunə göstərilir.

O illərdə SOCAR-ın birinci vitse- prezidenti kimi ölkəmizin maraqlarından, daxili xarici siyasətindən okeanın o tayında bəhs edən cənab İlham Əliyev ölkəmizə qarşı əsassız tətbiq olunan “Azadlığa Dəstək Aktı”nın “907-ci düzəliş”inə əlavənin ləğv edilməsinin vacibliyini diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycan -Amerika əlaqələrinin sürətlə davam etdiyi dövrdə bu əlavənin aradan qaldırılması münasibətlərimizin möhkəmlənməsini təmin edər: “ ...Azərbaycan ictimaiyyəti ölkəmizin haqq işinin dəstəklənməsi sahəsində Amerika dövlətinin rəhbərliyinə böyük ümid bəsləyir” sözlərinə Amerika rəsmilərinin cavabı belə olmuşdur: “ Biz 907-ci əlavənin əleyhinəyik. Biz xarici siyasətimizdə düzgün mövqe tutmalı və bu əlavələri aradan qaldırmalıyıq.”

ABŞ-Azərbaycan əlaqələrinin yüksələn xətlə davam edən inkişafının perspektivləri ilə bağlı sualı  “Bəli, mən də belə fikirdəyəm. Əlbəttə ki, onların və bizim maraqlarımız üst-üstə düşür. Bu gün mən cənab Körticə demişəm ki, biz bir gəmidəyik və yolumuz da birdir. Biz nə qədər uğurlu işləyəcəyiksə, o qədər də fayda götürüləcəkdir və yaxud əksinə. Biz bu yolu seçmişik və siyasətimiz də ondan ibarətdir ki, gələcəkdə də bu yol ilə gedək” sözləri ilə cavablandıran cənab İlham Əliyev diplomatik hazırlığını da nümayiş etdirmişdir.

Yeri gəlmişkən : O dövrdə ölkəmizə qarşı əsassız tətbiq olunan “907-ci düzəliş”in ləğvini bu günlərdə ölkəmizdə səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C. Boltona xatırladılması da təsadüfi deyil. Düzəlişə münasibətini bildirən müşavirin “907-ci düzəliş”dən danışarkən deyərdim ki, bu sırf Konqres tərəfindən qəbul olunmuş bir düzəlişdir. Ümumiyyətlə, ABŞ-ın icra hakimiyyətinə aidiyyəti olmayan bir məsələdir və artıq biz bunun şahidi olmuşuq” sözləri son illərdə daxili və xarici siyasəti beynəlxalq səviyyədə dəstəklənən Azərbaycanla tərəfdaşlıqda maraqlı olan ABŞ-ın ölkəmizə marağının ifadəsidir.

Həmin tarixi səfərdə belə görüşlərin münasibətlərin gələcək inkişafına əsaslı təsir edəcəyini bildirən, Qərb ölkələrinin Azərbaycana marağının artdığını vurğulayan “ Bu isə onu göstərir ki, demokratik, hüquqi dövlət quran, bazar iqtisadiyyatı yolunu seçən müstəqil Azərbaycan Respublikası yaxın illərdə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək” söyləyən cənab İlham Əliyev Prezident kimi bu sözünə də əməli ilə sahiblik edir.  Davos İqtisadi Forumunun hesabatında qeyd olunduğu kimi 12 əsas sütun indikatorundan 7-si üzrə ölkəmizin mövqeləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, Azərbaycan dünyanın 140 ölkəsi arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yerdə qərarlaşıb. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. “ İnternet istifadəçiləri” göstəricisinə görə MDB-də liderdir. Ölkəmiz dünya ictimaiyyətini düşündürən siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi üçün əlverişli platformadır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan, siyasi sabitliyi ilə seçilən Azərbaycanın tolerantlıq, multikultural təcrübəsi təbliğ olunur. Respublikamız az sayda üzvü olan kosmik ailədə 3 peyki ilə təmsil olunur.

21 il bundan əvvəl birinci vitse-prezident kimi ona verilən “Azərbaycanda hakimiyyət dəyişikliyi baş verərsə, ölkənizə qoyulmuş xarici sərmayələrin aqibəti necə olacaq” qərəzli sualını “Arxayın olun, Azərbaycanda heç bir hakimiyyət dəyişikliyi baş verə bilməz” qətiyyəti ilə cavablandıran cənab İlham Əliyev bu gün dövlət başçısı kimi müstəqilliyimizin əbədiliyi naminə liderlik fəlsəfəsini xalq-iqtidar birliyinin həmrəyliyi ilə doğruldur.

Xuraman İsmayılqızı, “İki sahil”