14 dekabr 2018 23:28
2533

Xətalarından yenidən doğulmaq

“Məktublar...” silsiləsindən

Günlərin bir boş günündə qırçın-qırçın qırışların “bəzədiyi” üzünü doğma göründüyü qədər də yad olan küçəyə açılan pəncərəyə yastı kökə kimi yapışdırıb bəlkə də heç mövcud olmayan birini gözləyirmiş kimi baxışlarını uzaq yolların qurtaracağına mismarlayanda anidən hər şeyin mənasızlığını anlayacaqsan... Bilirəm, indi bu sözlər dəhşətli səslənir, amma  o yaşa çatıb bunu anladığın andaca rahatlıq tapacaqsan, çünki onda xətalarından yenidən doğulub böyümüş olacaqsan, qızım...

Heç kəsin ağrısı bir -birinə bənzəməz və hər kəs “xətalarından yenidən doğulma sancısı”nı yalnız özü çəkə bilər.  Həyatındakı yaşantılardan başqa heç nə və heç kim sənə dərs verə bilməz. Sən yalnız öz səhvlərindən, yanlışlarından, xətalarından, günahlarından dərs alanda həyatı anlayacaqsan. Dünyaya gəlməyinə bir vəsilə olsam da, hətta mənim də sənə ağıl və dərs vermək haqqım yoxdur əslində. Zatən ağıl elə bir şeydir ki, onu başqalarına vermək imkansızdır. Onun varlığını, lap elə yoxluğunu da göstərmək mümkündür, amma vermək əsla. Böyüyərkən mənə də ağıl verməyə çalışdılar, yanlışlardan çəkinməyə , günahlardan arınmağa, səhvlərdən xali olmağa səslədilər. Kim nə deyirsə desin, hər şeyi şəxsən yaşamayınca, başım daşa çırpılmayınca həyatı anlamadım.  İztirablar ruhumun ucqarlarına işləyəndə həyatın mənasını, daha doğrusu mənasızlığını dərk etməyə başladım. İnsan öz səhvlərindən və qüsurlarından öyrənir, kimsənin, hətta ananın da  bəlağətinə inanma. Özü səhvlərlə dolu ömür sürüb başqalarına ideal yaşamaq haqqında ağıl verənlərə qulaq asma, biri başqasına necə yaşamaq qaydasını hansı haqla diktə edə bilər ki?  Oşo deyir ki, səhv etməkdən qorxmaq lazım deyil, insan səhvlərlə yaşayan varlıqdır, ancaq unutma -hər dəfə eyni səhvləri təkrarlayanları bağışlamırlar.  İnsanın yetkinləşməsi də onu səhvlərdən xali eləmir, yetkin yaşdakı xətalar daha yaxşı “böyüdür”, qızım... Sən yalnız xətalarından hər dəfə yenidən doğula-doğula sözün bütün mənalarında “böyüyə” bilərsən. Bu böyümədə hər əzabdan sonra daha da güclü olacaqsan. Və unutma- hətta sarsıntılardan, əzablardan, ağrılardan ölmək istədiyin zamanlarda belə həyata tutunmalısan, həm də daha möhkəm. Mənə sadəcə bunu edəcəyinə söz ver. Çünki hətta ürəyi, mənəviyyatı, ruhu şırım-şırım eləyən ən dərin yaralar belə zaman keçdikcə sağalır.  Ruhun immuniteti güclüdür, onun həmişə sarsıntıları dəf etmək gücü var, yetər ki, bunu istəyəsən.

Böyüyüb eşqlə qarşılaşmağı dilədiyində şəstlə açmaq istədiyin o qapının dəstəyinin qırılıb əlində qalmaq riskini, ya da qapının arxasında heç ağlına gətirmədiklərinə ürcah olmaq ehtimalını heç unutma. Bir müdrik deyibmiş ki, qarşılıqlı eşq meteorit görünməsi qədər nadir hadisədir. Amma hər halda “meteorit görənlər” də az deyil, bəlkə sən də onlardan biri olacaqsan.

Həyatın amansızlığını dərk eləyəcək və  ölümün gözünə dik baxacaq qədər güclü, amma eyni zamanda sazağı ilə üzü dalayan soyuq qış günü pəncərənin qarşısında aramsız cikkiltisiylə acından az qala dil açan sərçəciyə bir tikə çörək verəcək qədər də mərhəmətli olmağını arzulayıram. Mərhəmət hisslərin ən gözəlidir. Bəşəriyyətin səmavi dediyi dinlərin qutsal kitablarının göndərildiyi o yerin müqəddəsliyə inansaq,  onda oradan-o yuxarılardan insanların yaşamaq adına bu qədər çabaları, mübarizələri, mal və can həvəsləri, ruhi çırpıntıları, qovğaları, qeylü-qalları, gündə yüz yol “ölüb-dirilmələri”  yəqin ki, fani, bəsit və anlamsız görünür... Ona görə də yer  üzü gözündən düşəndə başını qaldır göyə bax, qızım. Göy üzü çox mərhəmətlidir, əgər elə olmasaydı, insanların bu qədər qəddarlıqlarından sonra ordan başımıza hələ də nur damlaları yox, yekə-yekə daşlar yağmalıydı...

Kitablardan və insanlardan öyrənməyi həmişə sevdim, hələ də öyrənirəm, ömrüm boyu da öyrənəcəyəm. Kitabların mərhəməti və insanların amansızlıqları qədər heç nə mükəmməl öyrədə bilmir. Kitablarla böyümək gözəldir, amma deyim, biləsən: gələcəkdə onları yazanların sözləri ilə əməlləri bir-birinə uyğun gəlməyəndə, sınma. Bunları həmişə ağlının bir küncündə saxla, ya da istəsən, heç saxlama. Bəlkə də daha qiymətli saxlancların olacaq sənin... Ancaq bütün hallarda yanılıb səhv də edəndə səni yenə sevəcəyimi unutma.

Bir gün doğrumu, yalanmı deyəcəyinə qərar verə bilməyəndə sadəcə susmağı seç; arif adamlar sükutun dilini daha tez anlayırlar. Anlamayanlara isə heç fikir də vermə, elələri danışsan da heç nə başa düşməyəcəklər...

Didaktik Şərq zəhlətökənliyi ilə eksiztensialist Qərb absurdunun “həftəbecər”ini xatırladan bu yazımla məsləhət, tövsiyə və dərs vermək fikrindən tamamilə uzağam. Bircə bunu deyirəm: götür sevgimi, səndə qalsın. Necə yaşamağından asılı olmayaraq, bu sevgi səni talisman kimi hifz eləyəcək.

Bir dəfə sən körpə uşaq ikən əyləncə mərkəzində “Qorxulu ev” attraksionuna girməyə qorxmuşdun. Bu qorxuna gülmüşdüm, çünki hələ ki, mənim indi bildiyimi sən  biləcək yaşda deyildin onda: dünyada ən qorxulu evlər içində sevgi yaşanmayan evlərdir, qalan heç nə qorxulu deyil...

Sevinc Mürvətqızı, "İki sahil"