07 yanvar 2019 10:29
3322

Xalqımızın güvənc yeri, təhlükəsizliyimizin qarantı

Cəmiyyətimizdə əsgər və zabitlərimizin sevgi və hörmətlə əhatələnməsi onların hərbi vətənpərvərlik ruhunu və döyüş əzmini daha da yüksəldir

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”.

Təsadüfi deyildir ki, bu gün məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hərbi vətənpərvərlik ruhu və döyüş əzmi çox yüksək olan Azərbaycan Ordusu formalaşıb. Elə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan hərbçilərinin nümayiş etdirdikləri yüksək peşəkarlıq və qətiyyət sayəsində torpaqlarımızın bir hissəsinin düşmən işğalından azad edilməsi, həmçinin, 2018-ci ilin may ayında Naxçıvan istiqamətindən bir sıra kəndlərin geri alınması Ordumuzun xalqın inam və sevgisindən doğan qüdrətinin nümayişi oldu...

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycan Ordusuna olan diqqət, həmçinin o zamanlardan əsası qoyulmuş cəmiyyət-Ordu münasibətləri hazırda da davam etdirilir. Müxtəlif təqvim günlərində, bayramlarda valideynlər, müxtəlif təşkilatlar, ayrı-ayrı ictimai birliklər, dövlət qurumları və onların nümayəndələri əsgərlərlə görüşə gedir, bayram günlərini onlarla birgə qeyd edirlər.

Respublikamızın müxtəlif yerlərindəki N saylı hərbi hissələrində bayram tədbirləri təşkil edilir, əsgər və zabitlərimiz üçün bayram konsertləri keçirilir. Elə 2018-ci il dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbirin keçirilməsi bu baxımdan istisna təşkil etmədi.

Bayram tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak etmişdi.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini təbrik etdi, Vətənin müdafiəsi kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar arzuladı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi ilə inkişaf edərək daha da qüdrətlənir.

Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın möhtəşəm uğurlara nail olduğunu qeyd edən Xidmət rəisi dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin, Silahlı Qüvvələrin hərbi-texniki potensialının durmadan möhkəmləndiyini, Azərbaycan Ordusunun dünyanın 50 ən güclü ordusu sırasına yüksəldiyini diqqətə çatdırdı. Mədət Quliyev Prezident İlham Əliyevi bir daha əmin etdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Ali Baş Komandanın hər bir əmr və göstərişlərini bundan sonra da yüksək peşəkarlıqla, əzmlə və dərhal yerinə yetirəcək.

Sonra DTX-nin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə maraqlı konsert proqramı oldu.

Sonda hərbi hissənin xidmətdə fərqlənmiş əsgərləri mükafatlandırıldı. Həmçinin hərbi tədrisdə yüksək nəticələr əldə etmiş əsgərlərin valideynlərinə, o cümlədən əsgər Heydər Əliyevin valideyni birinci xanım Mehriban Əliyevaya təşəkkür məktubu təqdim olundu.

Göründüyü kimi, bu gün Azərbaycan Ordusu cəmiyyətimizin bütün təbəqələrindən olan insanların diqqəti mərkəzindədir. Xalqımızın güvənc yeri, təhlükəsizliyimizin qarantı olan ordumuzun cəmiyyətimizin sevgi və hörməti ilə əhatələnməsi əsgər və zabitlərimizin hərbi vətənpərvərlik ruhunu və döyüş əzmini daha da yüksəldir...

Nüsrət Məmmədov, “İki sahil”