08 yanvar 2019 10:30
1422

Təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır

Dövlətimizin başçısı İlham Əliyev ötən ilin mayında ADA Universitetində keçirilən məzun günündə günümüzün əsas çağırışı olan bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik:

“Bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab versin. Əgər biz buna nail ola bilsək, - mən inanıram ki, buna nail olacağıq, - onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bax, bu amillərin sintezi bizim ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir.”

Ölkəmizdə savadlılığın səviyyəsinin təxminən 100 faizə yaxın olması, təbii ki, uğurlu, təkmil islahatların, təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir. “Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır” söyləyən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, təhsilə göstərilən diqqət büdcə xərclərimizdə də özünü təsdiqləyir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz son beş ildə orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr dövlətimizin gücünü, həyata keçirilən siyasətin uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində bu məqamı da qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Yeni texnologiyaların tətbiqi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür. Yeni inkişaf mərhələsinin əsas çağırışı çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Təhsil problemlərinin  həlli istiqamətində zəruri addımların atılması, uşaqların gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olması, beynəlxalq standartlara uyğun hazırlanması üçün ölkəmizdə əsaslı baza yaradılıb. Təhsilin inkişafında məktəblərin rolu önə çəkilərək, onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, kompyuterləşdirilməsi əsas məsələ kimi öndədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib və ya yenidən təmir olunaraq istifadəyə verilib. Bu günümüzün əsas tələbi budur: “Hər şagirdə bir kompyuter”

Məqsəd budur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin. Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsində də əsas məqsəd məhz bu olmuşdur ki,  müxtəlif ölkələrdə aparılan gənclər siyasətinə diqqət artırılsın, gənclər siyasəti üzrə dünya ekspertləri bir araya gəlib, müasir dövrün cağırışlarını birgə cavablandırmağın yollarını müzakirə etsinlər. Dünya gənclərinin problemlərinin Azərbaycanda müzakirə olunması, gənclər siyasəti ilə bağlı ilk Qlobal Forumun ölkəmizdə keçirilməsi məhz bu sahədə də təcrübəmizin nümunəviliyinə, ölkənin hərtərəfli inkişafında gənclərin malik olduğu potensial imkanlardan səmərəli istifadəyə daha çox önəm verilməsinə işıq saldı.

Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.  Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələr əsas tutularaq ötən ilin sonunda Gənc alimlərin I qurultayı keçirildi. İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir.

Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında Sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkşafına, tərəqqisinə öz töhfələrini verirlər. 

Bir sözlə, Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, yeniləşmə, təkmilləşmə dövlət siyasətinin ana xəttini təşkil edir.

Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən, Azərbaycan son illərdə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən  ölkələr sırasında ilk onluqdadır.

Bütövlükdə bəşəriyyətin innovasiyalardan, müasir texnologiyalardan faydalandığını nəzərə alsaq, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və bu sənədə əsasən qəbul olunan Dövlət proqramları, həmçinin davamlı inkişafa yönələn Strateji yol xəritələri 2013-2023-cü illərdən sonrakı dövrün də aydın mənzərəsini yaradır. Təhsilin, elmin və iqtisadiyyatın birliyinin yaradılması fonunda Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır.

Yeganə Əliyeva, “İki sahil”